...Əslində bu "möcüzələr adası"na helikopterlə, yoxsa
gəmi ilə getmək planı dəqiq deyildi. Havanın çovğunlu olması
səfərimizi təxirə sala bilərdi. Ancaq Pirallahıya gedən yolda Allah
üzümüzə baxdı – adada helikopter bizi gözləyirdi.
***
İlk dəfəydi ki, SOCAR və Mətbuat Şurasının dəstəyi ilə "Gənc
jurnalistlərin Qış Məktəbi" layihəsinin 36 üzvü Neft Daşlarına
aparılırdı. "Möcüzələr adası" birdən-birə 36 jurnalisti salamladı.
Hər yanda neft daşları, buruqlar, ağır əmək, şokolad kimi qara neft
və… "Odlar yurdu"nun iqtisadi xəritəsinin paytaxtındayıq.
Bizi qarşılayan Neft Daşlarında Əməyin Mühafizəsi və
Təhlükəsizlik texnikası şöbəsinin rəisi Bəhlul Eyyubov adada
təhlükəsizlik qaydaları barədə təlimat verdi. Sonra gəzintimiz
başladı. Daha sonra Neft Daşları Neft Qaz Çıxarma İdarəsinin (NQÇİ)
rəisi Qoçəli Mahmudov ilə görüş oldu. Q.Mahmudov rəhbəri olduğu
idarə haqda geniş danışdı.
Bildirdi ki, Neft Daşları Abşeron yarımadasından 42 km
cənub-şərqdə yerləşir və dünyanda ilk neft platformasıdır:
"Bünövrəsi 1947-ci ildə qoyulub. Bura bir növ şəhər tipli
qəsəbədir və Bakının Pirallahı rayonunun ərazisinə daxildir. Xəzər
dənizi səthindən azca görünən "Qara qayaların" ətrafında inşa
olunub. Sevindirici haldır ki, Neft Daşları Ginnesin Rekordlar
Kitabına adı ən birinci dəniz neft platforması kimi düşüb. Adada
ilk dəfə 7 noyabr 1949-cu ildə 942 m dərinlikli 1№-li quyu (Qala
lay dəstəsindən) istismara verilib. Bununla da ada gündə 100 ton
hasilatla istismara daxil olaraq dənizdə neftçıxarmanın əsası
qoyulub".
Q.Mahmudov əlavə etdi ki, 1949-cu ildən burada 1940 quyu
qazılıb:
"60 milyon ton neft, 12.3 milyard metr kub qaz əldə edilib. Bu
gün orada 487 quyu var. Bunlardan 452-si işlək vəziyyətdədir.
Ümumilikdə hər gün 2600 ton neft anbarlara təhvil verilir".
***
Qeyd edək ki, uzunluğu 180 kilometr olan bu süni adada neftçilər
üçün hər cür şərait yaradılıb. Mənzil-Kommunal Təsərrüfatı
İdarəsinin rəis müavini Manaf Cavadov bildirdi ki, ümumilikdə adada
1246 yaşayış mənzilli 7 korpus neftçilərin ixtiyarındadır. Növbəli
iş rejimi olduğundan 600-ə yaxın mənzil istifadə olunur.
Neftçilərin səhiyyə xidmətləri də yüksək səviyyədədir. Tibbi
sanitar hissəsinin baş həkiminin müavini Eldar Qurbanov
poliklinikada eyni vaxtda 10 xəstənin müalicə olunduğunu dedi. Onun
sözlərinə görə, əsas xəstəxana Çilov adasında yerləşir. Buradakı
poliklinika müvəqqəti və təxirəsalınmaz tibbi yardım üçün nəzərdə
tutulub…