21:19
Peyk görüntüləri Səudiyyə Ərəbistanının Mədinə şəhərindən cənub-şərqdə yerləşən "Şərq-Qərb” neft kəməri boyunca təxminən 100 kilometr uzanan güclü tüstü dumanı və davamlı istilik anomaliyalarını qeydə alıb.
Axar.az xəbər verir ki, NASA-nın yanğınlarla bağlı məlumatlarına əsasən, neft kəməri dəhlizi boyunca bir neçə yerdə gücü 70 MVt-dan çox olan və bir neçə saat davam edən istilik siqnalları qeydə alınıb.
Bu göstəricilər adi məşəl yanmasının həcmindən xeyli çoxdur.
***
Sentyabrın 10-da səhər saatlarında baş verən bir neçə hücumdan sonra "Şərq-Qərb" neft kəmərinin Ər-Riyad və Mədinə ərazisindəki işi ehtiyat tədbiri məqsədilə dayandırılıb.
Bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hücumlar nəticəsində bir neçə nəfər yaralanıb, onlara tibbi yardım göstərilir.
Qəza və texniki briqadalar hücumlardan dərhal sonra işə başlayıb, neft kəmərinin təhlükəsizliyinin təmin edilməsi və onun vəziyyətinin yoxlanılması üçün lazımi tədbirlər görülüb.
Nazirlikdən qeyd edilib ki, sonrakı dəyişikliklər barədə əlavə məlumat veriləcək.
***
“Şərq-Qərb” neft kəmərinə İraq ərazisindən dronlarla hücum edilib.
Bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ər-Riyad hazırda cavab tədbirlərindən çəkinir və İraq hakimiyyətinə hücumların qarşısını almaq üçün tədbirlər görmək imkanı verir.
Qeyd edək ki, gündəlik 7 milyon barel ötürmə gücünə malik Şərq-Qərb neft kəməri ölkənin neftinin Qırmızı dəniz sahilindəki Yanbu limanına daşınmasında mühüm rol oynayır.