"Azərbaycanda azad söz və media mühiti mövcuddur.
Azərbaycanda azad mətbuat, azad internet var, hər bir jurnalist
istədiyi informasiyanı sərbəst şəkildə toplaya bilir, heç bir
senzuraya məruz qalmadan cəmiyyətə yaya bilir və topladığı
məlumatları və materialları ictimai müzakirəyə çıxara
bilir".
Trend-in məlumatına görə, bunu Prezidentin
İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident
Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli
Həsənov Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fərdi jurnalist
yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində
çıxışı zaman deyib.
Ə.Həsənovun sözlərinə görə, indiyə qədər Azərbaycanda
jurnalistin yazıya görə həbs edilməsi və yaxud təqib olunması faktı
olmayıb:
"Ona görə də təəssüflər olsun ki, bəzi beynəlxalq dairələr,
beynəlxalq təşkilatlar Azərbaycana birbaşa təsir göstərə
bilməyəndə, onu istədikləri istiqamətə yönəldə bilməyəndə, bu
bəhanələrlə, o cümlədən azad media mühitinin olmaması,
qeyri-hökumət təşkilatlarının təqib olunması və s. adlarla
Azərbaycan dövlətinin ünvanına ayrı-ayrı beynəlxalq mətbuat
orqanlarında, ayrı-ayrı dairələrdə bu tipli tezislərlə çıxış
edirlər".
PA rəsmisi bildirib ki, Azərbaycan jurnalistikasının çox dəyərli
nümayəndələri hamıdan yaxşı bilir ki, bunların hamısı qərəzlidir,
uydurmadır, subyektiv mülahizələrin nəticəsidir və Azərbaycandakı
mövcud media mühiti, siyasi plüralizm mühiti dünyanın heç bir
ölkəsindən geri qalmır:
"Əksinə, biz nəinki postsovet məkanı ölkələrindəki mövcud
vəziyyətlə, eyni zamanda, dünyanın ən qabaqcıl ölkələri, Qərbi
Avropa ölkələrinin media mühiti ilə yarışmaq, rəqabət aparmaq
gücünə malikik".
Ə.Həsənov qeyd edib ki, Azərbaycan dövləti və ümummilli lider
Heydər Əliyev tərəfindən təməli qoyulmuş media siyasəti bu gün
Azərbaycanı həm daxildə, həm regionda, həm də beynəlxalq aləmdə
təmsil edə biləcək azad media nümunələrinin, azad jurnalistikanın
inkişaf etmiş elektron və çap media nümunələrinin yaranmasına
şərait yaradıb:
"Azərbaycan Prezidenti cənab İlham Əliyev media nümayəndələri
ilə dəfələrlə görüşlər keçirib və bu görüşlərdə Azərbaycan
dövlətinin mətbuat siyasətini, informasiya siyasətini bəyan edib.
Dəfələrlə cənab Prezident bildirib ki, biz media üçün bütün şəraiti
yaratmışıq və yaratmaqda da davam edəcəyik, biz Azərbaycan
dövlətini, hakmiyyətini, ölkənin ictimai-siyasi həyatını azad
mediasız təsəvvür etmirik, azad media olmayan yerdə şəffaflıq da
ola bilməz, şəffaflıq olmayan yerdə isə effektli dövlət idarəçiliyi
ola bilməz. Bu anlamda cənab Prezidentin bu bəyanatları bizim media
siyasətimizin təməlində dayanır. Cənab Prezident dəfələrlə onu da
bildirmişdi ki, hər kəs bu gün dövlət idarəçiliyində təmsil olunan
istənilən məmur haqqında yaza bilər, istənilən məmurun fəaliyyətini
təhlil edə bilər, dövlət qurumlarının bütün strukturlarını ictimai
müzakirəyə çıxara bilər. Lakin tələbimiz ondan ibarətdir ki, bu
təhlillər, bu məlumatlar, informasiya fəaliyyəti şəffaf, ədalətli,
obyektiv olsun".
Prezidentin köməkçisi vurğulayıb ki, əlbəttə, hər bir jurnalist
bir millətin, bir xalqın nümayəndəsidir və təmsilçisidir:
"Bu mənada cənab Prezident dəfələrlə bəyan etmişdir ki,
Azərbaycan jurnalistikasından vətənpərvərlik nümunələri gözləyirik.
Yalnız azərbaycanlı olaraq bizim xalqın nümayəndələri onu yaxşı
təmsil edə bilər. Beynəlxalq aləmdə azərbaycançılığın bütün
dəyərlərini siz təmsil etməyəndə, təqdim etməyəndə, təbliğ
etməyəndə o zaman kim təbliğ edə bilər? Əlbəttə, Azərbaycan
jurnalisti nə qədər çalışsa da, fransız jurnalist kimi Fransa
cəmiyyətini, Fransa dövlətini, onun xalqının milli-mənəvi
dəyərlərini təqdim edə bilməz. O cümlədən, həmin fransız da
azərbaycanlı jurnalist qədər Azərbaycan dəyərlərini, Azərbaycan
xalqının nümunələrini dünyaya çatdıra bilməz. Bu mənada, əlbəttə,
bizim Azərbaycan jurnalistikasından, jurnalistlərdən müəyyən
umacaqlarımız da var. Bu umacaqlarımız da dediyim kimi, ilk növbədə
vətənpərvərlik, obyektivlik, qərəzsizlik və bütün məsələlərdə
dövlətin, millətin maraqlarını nəzərə almaq tələbidir".