Azərbaycan Müdafiə nazirinin iki yeni müavini təyin
olunub.
Yeni müavinlər general-mayor Qorxmaz Qarayev və
general-leytenant Kərəm Mustafayevdir. General-mayor Qorxmaz
Qarayev eyni zamanda Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat
(MTT) Baş İdarəsinin rəisi, general-leytenant Kərəm Mustafayev isə
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsini
tutacaq.
Yeni təyinatlarla müdafiə nazirinin müavinlərinin sayı 5 olub.
Müavinlər bunlardır:
1. General-polkovnik Nəcməddin Sadıkov - Müdafiə nazirinin
birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi;
2. General-leytenant Çingiz
Məmmədov – Müdafiə nazirinin müavini;
3. General-mayor Ramiz Tahirov - Müdafiə nazirinin müavini,
Hərbi Hava Qüvvələrinin komandanı;
4. General-mayor Qorxmaz Qarayev - Müdafiə nazirinin müavini,
MTT Baş İdarəsinin rəisi;
5. General-leytenant Kərəm Mustafayev – Müdafiə nazirinin
müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı.
Xatırladaq ki, bir neçə gün əvvəl bəzi internet saytlarında
Q.Qarayevin istefaya göndəriləcəyi barədə məlumatlar
yayılmışdı.
General-mayor Q.Qarayev 1990-cı illərin əvvəllərindən Azərbaycan
Silahlı Qüvvələrində xidmət edir. 1992-1993-cü illərdə Kəlbəcərdə
701 saylı briqadada tabor komandiri, hərbi hissə komandirinin
müavini, əməliyyat şöbəsinin rəisi, qərargah rəisi olaraq, 1992-ci
ilin oktyabr ayında Hocaz əməliyyatı və Laçın rayonunun 40 kəndinin
azad olunmasında, 1993-cü ilin mart ayında Kəlbəcər rayonunun
müdafiəsi döyüşlərində aktiv iştirak edib. 1994-cü ilin yanvar
ayının 20-də Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə Q.Qarayevin
rəhbərlik etdiyi qüvvələr Çəpli kəndi yaxınlığında ermənilərin bir
tabor canlı qüvvəsini, habelə zirehli texnika kalonunu, Qamışlı
körpüsü yaxınlığında isə ermənilərin bir tabora yaxın canlı
qüvvəsini məhv edib. Əfqanıstanda xidmət etdiyi dövrdə SSRİ-nin iki
mühüm hərbi medalı ilə təltif olunub.
General-leytenant Kərəm Mustafayev 1983-cü ildə Bakı Ümumqoşun
Komandirləri Məktəbini bitirib. 1990-cı illərin əvvəllərindən
Azərbaycan Silahlı Qüvvələrində xidmət edən K.Mustafayev
1991-1994-cü illərdə Ermənistanla müharibə zamanı Naxçıvan Muxtar
Respublikasının müdafiəsinin təşkilində xüsusi rol oynayıb. Sonrakı
dövrlərdə Naxçıvan 5-ci ordu birləşməsinin komandanı vəzifəsində
çalışıb. Silahlı Qüvvələrinin formalaşmasında roluna görə
Azərbaycanın müxtəlif orden və medalları ilə təltif olunub.
Dekabrın 20-də isə yeni yaradılmış Əlahiddə Ümumqoşun Ordusunun
komandanı vəzifəsinə təyin edilib (APA).