"Bu məsələyə yanaşmam müsbət deyil. Ona görə ki, bu
məsələ fundamental olaraq həll edilməlidir. Bütövlükdə Dağlıq
Qarabağ problemi həll olunduqdan sonra tam Azərbaycan vətəndaşlığı
prinsipi qəbul olunduqdan sonra bu qərarı vermək
olar".
Bu sözləri Axar.az-a açıqlamasında millət
vəkili Fazil Mustafa Milli Məclisdə Azərbaycan tərəfinə keçən
ermənilərə vətəndaşlıq pasportunun verilməsi haqqında aparılan
müzakirələrə münasibət bildirərkən deyib.
"Ermənilərə verdiyimiz Azərbaycan pasportu Azərbaycanın özü üçün
ciddi problemə çevrilə bilər. Onlar bu pasportdan istifadə edib
Azərbaycan əleyhinə açıqlamalar və bəyanatlar şəkilləndirə
bilərlər. Bu da Azərbaycan vətəndaşlarının mövqeyi kimi ifadə oluna
bilər. Təbii ki, bu, sadəcə bir təşəbbüsdür. Belə bir məsələnin
Azərbaycan cəmiyyətində müzakirəsi müsbət haldır. Bunu top-tüfənglə
qarşılamaq yanlış bir şeydir. Biz ortaq yol tapmaq üçün müxtəlif
variantları gözdən keçirməliyik".
Deputat ümumilikdə Milli Məclisdə belə bir məsələnin
qaldırılmasının yanlış hal olmadığını, amma yenə də belə bir
qanunun qəbuluna müsbət yanaşmadığını bildirib:
"Bu məsələnin qaldırılması müsbət haldır. Təkcə bu yox,
cəmiyyətdə baş verən, xoşumuza gələn-gəlməyən bütün məsələlər
müzakirəyə çıxarılmalıdır. O halda ki, biz doğru yolu tapa bilək.
Yəni hər hansı bir variantı əvvəlcədən doğru, qalanları isə yanlış
hesab etmək düzgün olmaz. Bizim üçün güzəşt kimi görünə bilən
məsələ gələcəkdə stimullaşdırmaya gətirib çıxara bilər. Hər bir
mövzunu müzakirə etməli və xeyrimizə olan variantı seçməliyik. Amma
unutmamalıyıq ki, bizim savaşımız bütün hallarda erməni xalqı ilə
deyil. Burada söhbət Rusiya kəşfiyyatı və ona işləyən erməni hərbi
birləşmələrdən gedir. Sıradan erməni əhalisi orada hansısa problemi
həll etmir. Bizim erməni əhalisinə statistika qoyaraq hansısa
məsələni həll eləməyə çalışmağımız effektli olmaya bilər. Biz əsas
bu işin arxasında duran dövlətlərin mövqeyinin dəyişməsini nəzərə
almalıyıq. Bu baxımdan dinc əhaliyə indeksli bir siyasət
hazırlanmasında yanlışa yol verə bilərik.
Amma belə bir qanunun qəbulu indiki şəraitdə düzgün olmaz. Bu
ümummilli məsələdir. Bu məsələdə də hamı fikirlərini təbii ki,
vətənpərvərlik mövqeyindən səsləndirir. Kiməsə bu fikirlərə görə
qınamaq doğru deyil. Hər halda müzakirələrdən sonra doğru nəticəyə
gəlmək daha uyğundur".