Yuxarı

Prezidentin “7 şərt”ə qürurverici cavabı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da Balakən regional ASAN Xidmət Mərkəzinin açılışındakı çıxışında ölkənin sosial-iqtisadi sferasında, xarici siyasətində, digər sahələrdə baş verən yeniliklərdən, mövcud durumdan və əlbəttə, ön cəbhədə baş verən son hadisələrdən ətraflı danışdı. Dövlət başçısının qlobal pandemiya dönəmində ölkə həyatının canlı tutulması, bölgələrin inkişafı (ümumən, respublika miqyasında əhalinin qayğılarının öyrənilməsi və problemlərin həlli) istiqamətində atılan addımlar öz unikallığı ilə seçilir. Ötən aylar ərzində cənab Prezidentin səfər etdiyi rayonlar, açılışı olan mülki və hərbi obyektlər, yeni müəssisələr və Prezidentin çıxışlarında verilən ismarışlar böyük tabloda baxdıqda unikallıq sözünü təsadüfən işlətmədiyimizi aydın göstərir.

Bəli, bölgələrin inkişafı, o sırada qeyri-neft sektorunun inkişafı daim diqqət mərkəzindədir. Bunun üçün Prezident İlham Əliyev həm müvafiq göstərişlər verir, həm də sərəncamlar imzalayır. Şimal-qərb rayonlarına səfərsonrası da yeni sərəncamlar verildi; bu sərəncamlar çərçivəsində görüləcək işlər bölgələrimizə yeni nəfəs verəcək, yeni imkanlar qazandıracaq, yeni üfüqlər cızacaq.

Artıq rayonlarda sosial-iqtisadi sahədə yaxşı inkişaf var; bir çox sosial obyektlər inşa edilib. Layihələrin bir çoxu (o cümlədən regionların sosial-iqtisadi inkişafı) Dövlət Proqramı xətti ilə icra olunur və hər il bu proqrama əlavələr edilir.

Məhz proqramlı (və məhz Dövlət Proqramlı) icraatlar bir başqa məsuliyyət, bəlli vaxt və interval tanıyır; ona görə də görülmüş və görüləcək işlərin xarakteri, onların dövləti, xəlqi mahiyyət daşıdığını göstərməkdədir.

Məsələn, son vaxtlar ölkə gündəmində su təsərrüfatının problemləri özünəməxsus yerə sahibdir. Bu barədə biz də yazmışıq. Problemlər arasında içməli su məsələsi özəlliklə ciddi problemdən xəbər verməkdədir. Bu məsələ ilə bağlı artıq təkliflər hazırlanıb, müvafiq göstərişlər verilib. Bildiyiniz kimi, cənab Prezident mövzunu sahəyə məsul dövlət qurumlarının qatıldığı video-müşavirədə geniş müzakirə etdi, konkret tapşırıqlar verdi, ardınca müvafiq sərəncamlar imzaladı. Ölkənin su balansı, su təsərrüfatı, ümumən su problemləri və imkanları yenidən dizayn olunur, yeni tələblərə uyğun şəkillənir.

Cənab Prezidentin yeni səfər etdiyi şimal-qərb bölgəsində ənənəsi olan fındıqçılığın inkişafı ilə bağlı Prezident İlham Əliyevin təşəbbüsü ilə konkret addımlar atılır. Əsas məsələ odur ki, vətəndaş daha da firavan yaşasın, öz maddi durumunu yaxşılaşdırsın. Öz maddi durumunu tam təmin edə bilməyən vətəndaşın köməyinə dövlət gəlir. Respublikada bu gün 84 min ailə ünvanlı sosial yardım alır. Bu il 90 min insan üçün ictimai ödənişli iş yerləri açılır. ABAD mərkəzlərinin yaradılması, əslində, özünüməşğulluq proqramının tərkib hissəsidir. İlk ABAD-çılar da məhz Balakən rayonunun sakinləridir.

Azərbaycan (intellektual) brendi olan ASAN Xidmət konsepsiyası işlənəndə, ilk növbədə, ictimai xidmətlər sahəsində korrupsiyanı, rüşvətxorluğu, bürokratiyanı, süründürməçiliyi, gərəksiz əsəb gərginliyi və giley-güzarı aradan qaldırmaq hədəflənirdi; ASAN-ın yaradılmasından 8 il keçir və budur: milyonlarla xidmət, vətəndaş məmnunluğu, gözəl təcrübə, gülərüz kollektiv, perspektivli gənclər ordusu... – bu bir gerçəklikdir.

ASAN-dan illər öncə başqa bir dövlət orqanı yaradılmışdı - Gənclər və İdman Nazirliyi; nazirlik yaranandan ölkə gəncləri ilə bağlı yeni dönəm başlamışdı; özəlliklə, Müstəqil Azərbaycan Gənclərinin I Forumundan sonra… Ancaq ASAN Xidmət yarandıqdan sonra bəlli oldu ki, gənclik təsərrüfatında daha yeni imkanlar var, necə deyərlər, sahə “qeyri-səlis məntiq” tələb edir. Budur, ASAN Xidmət Azərbaycan gəncliyinin simasına çevrilib: bilikli, savadlı, mədəni, yaşlı nəslə sayğılı, vətənpərvər... Könül daha nə istər?

Bu yaxınlarda Tovuzda erməni hücumunun qarşısını alarkən Azərbaycan əsgərləri, zabitləri gənclərimizin bu keyfiyyətlərini, gəncliyimizin məziyyətlərini (ön planda şüurlu və peşəkar vətənpərvərliyi!) tərəddüdsüz şəkildə göstərdi. Hadisələrin qaynar vaxtında Tovuzda olmuş, parlamentdə Tovuz seçicilərini təmsil edən bir millət vəkili kimi, gənclərimizin şücaətinə canlı şahidəm. Hadisələr fonunda 50 mindən çox gəncimizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməsi dövlət başçısının gənclərə, gənclərin də öz dövlətinə, dövlət başçısına bəslədiyi münasibətin səmimiliyini, ciddiliyini və yüksək səviyyəsini göstərir.

Bəli, cənab Prezidentin Balakən səfəri zamanı verdiyi ismarışlar çoxşaxəli plana malikdir və qarşılıqlı güvəni, etibarı ifadə edir. Və heç təsadüfi deyil ki, cənab Prezident nitqinin önəmli hissəsini məhz Ermənistana, Ermənistanın xəstə başbilənlərinin yanlış siyasətinə, torpaqlarımıza yeni hücum cəhdi və ordumuzun şücaətlərinə həsr etdi.

“Bilirsiniz, bu hadisələr Ermənistanın faşist mahiyyətini, onların qorxaq xislətini bir daha göstərdi. Çünki birinci dəfə deyil ki, təcavüzkar döyüş meydanında məğlubiyyətə uğrayandan sonra dinc əhaliyə qarşı hərəkətə keçir.

…Bilməliyik ki, hansı xislətə malik olan qonşu ilə üz-üzəyik. Heç vaxt bunu yaddan çıxarmamalıyıq! Heç vaxt Xocalı soyqırımını yaddan çıxarmamalıyıq və çıxarmayacağıq! Biz düşmənə növbəti dəfə sarsıdıcı zərbə vurandan sonra yenə də gördük ki, onlar nə qədər acizdirlər və heç özləri özlərinə hörmət etmirlər. Dərhal üzv olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına – KTMT-yə üz tutdular, onlardan yardım istədilər. Mən demişəm, bir daha demək istəyirəm ki, KTMT-nin bu işlərə heç bir aidiyyəti yoxdur, ola da bilməz. Çünki Ermənistan təcavüzkardır”.

Prezidentin nitqi, gətirdiyimiz sitatdan da göründüyü kimi, “iki stulda eyni vaxtda oturmaq” istəyən Paşinyanın özünü və ölkəsini saldığı axmaq durumun mənzərəsini tam açır.

Yəqin gizlətməyə ehtiyac yoxdur ki, Tovuzda aldığı zərbədən sonra Paşinyanın sanki siyasi sayıqlama “janrı”nda irəli sürdüyü “yeddi şərt”ə veriləcək cavab hamımız üçün maraqlıydı. Qürur duyduq cənab Prezidentin verdiyi mükəmməl cavabdan. Tarixə düşəcək sözlərdir: “Mən 7 şərtin qarşısına bir şərt qoyuram, bir şərt - erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar! Budur, mənim şərtim və məsləhət görürəm ki, onlar bu şərti qəbul etsinlər!”

Ermənistanın demokrat libaslı, amma terrorçu zehniyyətli baş nazirinin Azərbaycana qarşı irəli sürdüyü həyasız və səbatsız “şərt”lərdən biri odur ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparsın. Fikir verin: Ermənistan özü belə bu qondarma “respublika”nı tanımır, tanıya bilmir, amma özü tanımağa cəsarət etmədiyi qondarma “respublika” ilə bizim tərəfmüqabili olmağımızı istəyir… Elə qəbul etmək olar ki, bu ciddi adamın, hələ-hələ hökumət başçısının ağzından çıxa bilməz – amma çıxıb bir kərə – deməli, ya ağlı başında deyil, ya da daxili auditoriyanın Tovuzsonrası qəzəb və qorxusunu yatızdırmaqçün “axırıncı yol”a əl atmağa məcbur olub. “7 şərt” bu qənaətə gəlməkçün əsaslar verir.

“Belə bir “respublikanı” heç kim tanımır. Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı. Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınızsa, deməli, qorxursunuz. Gedin, ağlınızı başınıza yığın!”

Doğrusu, Paşinyana inananların menyusu, siyasi müzakirəsi üçün çox yaxşı çağırışdır – özlərini bir balaca əziyyətə salıb düşünsünlər: Ermənistan özü tanımırsa, başqalarından necə tanıma tələbində buluna bilər? Ermənistan ötən illər uzunu bu tanıma işini nə əcəb yerinə yetirə bilmir? Buyursunlar, düşünüb-daşınsınlar… qəflət yuxusundan ayılsınlar.

Erməni ictimaiyyəti, əsgər anaları, övladlarını haqsız savaşda, onlara aid olmayan torpaqlar uğrunda nəticəsiz döyüşlərdə itirmiş erməni valideynləri idrak etməlidir ki, yol birdir: Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxmalıdır! Bu, beynəlxalq hüququn, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələbidir.

Nəhayət, yazımın sonunda yenidən Prezidentin sözlərinə, çağırış və inam dolu arzularına qayıtmaq istərdim. Prezident bu çıxışı ASAN Xidmət mərkəzinin açılışnda dedi. Həm öz xalqımıza, həm də erməni xalqına ismarışlar verdi. Dost da, düşmən də nəyin nə yerdə olduğunu bir daha gördü. Prezidentin nitqi KİV-lərdə geniş yayıldı və heç şübhə yoxdur ki, yayımı izləyənlər arasında erməni siyasi mərkəzləri, hərbçiləri, diaspor təmsilçiləri də olmamış deyildi. Onlar məşhur “Nə etməli?” sualını özləri üçün dərəcələndirməli, cavab bulmağa çalışmalıdır: qeyri-müəyyən perspektiv, daimi qorxu, xof, iqtisadi tənəzzül, əsgər çatışmazlığı, yeni itkilər, xaricə köç dalğaları… yaxşıdır, yoxsa, ədalətli sülhə razılaşaraq, müəyyənliyə qovuşmaq, rifah relyslərinə çıxmaq, bundan sonrakı regional layihələrdən qıraqda qalmamaq və s.

Hansı yaxşıdır?..

Bu isə cənab Prezidentin Balakəndəki möhtəşəm çıxışındandır:

“Biz öz doğma torpaqlarımıza qayıdacağıq və bu gün işğal altında olan şəhərlərimizdə ASAN Xidmət mərkəzləri yaradacağıq. Bu mərkəzlərdə bizim gənclərimiz çalışacaqlar. Erməni vandalları tərəfindən dağıdılmış şəhərlərimizi, tarixi, dini abidələrimizi bərpa edəcəyik və öz torpağımızda yaşayacağıq. Başqa ölkələrin torpağında bizim gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik”.

Belə dəqiq təsbit, mükəməl ümumiləşdirmə və mövzuları kamil sinxronlaşdırmadan sonra əlavə sözə ehtiyac qalırmı?..

Dövlətimiz var olsun!

Qənirə Paşayeva

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

Tarix
2020.08.02 / 13:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla