Azərbaycan prezidenti görkəmli bəstəkar, xalq artisti
Ramiz Mirişlinin vəfatı ilə əlaqədar başsağlığı verib.
Axar.az Azərtac-a istinadən xəbər verir ki, prezident
başsağlığında deyilir: "Azərbaycan mədəniyyətinə ağır itki üz
vermişdir. Tanınmış bəstəkar, Azərbaycan Respublikası Prezidentinin
fərdi təqaüdçüsü, əməkdar incəsənət xadimi, xalq artisti, professor
Ramiz Aqil oğlu Mirişli 2015-ci il aprel ayının 17-də ömrünün 82-ci
ilində vəfat edib.
Ramiz Mirişli 1934-cü il aprelin 16-da Naxçıvan şəhərində anadan
olub. Naxçıvan şəhərindəki orta məktəbi bitirdikdən sonra
1952-1954-cü illərdə Asəf Zeynallı adına musiqi məktəbində oxuyub.
O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında
1956–1962-ci illərdə bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili
alıb.
Əmək fəaliyyətinə 1954-cü ildən etibarən Azərbaycan
Radio-informasiya İdarəsində musiqiçi kimi başlayan Ramiz Mirişli
1962-ci ilədək respublikanın müxtəlif musiqi məktəblərində müəllim
işləyib. O, 1962-2005-ci illərdə Azərbaycan Dövlət Televiziya və
Radio Verilişləri Şirkətində musiqi baş redaksiyasında böyük
redaktor və baş redaktor vəzifələrində çalışıb, həmçinin
1987-1995-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında mahnı və
rəqs ansamblının bədii rəhbəri vəzifəsini tutub.
Ramiz Mirişli 1978-1998-ci illərdə Azərbaycan Bəstəkarlar
İttifaqının Naxçıvan şöbəsinə rəhbərlik edib.
Yaradıcılığını uzun illər ərzində pedaqoji fəaliyyətlə sıx
əlaqələndirən Ramiz Mirişli 1972-ci ildən indiki Bakı Musiqi
Akademiyasının müəllimi, dosenti və professoru, 2005-ci ildən
ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasının professoru
olaraq yeni musiqiçilər nəslinin yetişdirilməsi üçün zəngin bilik
və bacarığını əsirgəməyib, peşəkar musiqiçi kadrların
formalaşdırılması işinə dəyərli töhfələr verib.
Geniş yaradıcılıq diapazonuna malik olan Ramiz Mirişli folklor
və xalq musiqisindən, milli bəstəkarlıq məktəbi ənənələrindən
lazımınca bəhrələnərək Azərbaycanın musiqi mədəniyyəti xəzinəsini
öz əsərləri ilə daha da zənginləşdirib. O, ən müxtəlif janrlara
müraciət etmiş, simli kvartet, tar və simfonik orkestr üçün
konsert, kamera orkestri üçün simfoniya, xalq çalğı alətləri
orkestri üçün konsert və süitalar, fortepiano triosu bəstələyib.
Ramiz Mirişli sənətinin bədii keyfiyyətləri onun həmçinin teatr
tamaşaları və kinofilmlərə bəstələdiyi musiqilərdə xüsusən aydın
təzahürünü tapıb.
Ramiz Mirişlini məhsuldar bəstəkar kimi daha çox tanıdan və
sevdirən onun mahnı yaradıcılığı idi. Məşhur Azərbaycan şairlərinin
sözlərinə yazdığı həmin çoxsaylı mahnılar sənətsevərlərin böyük
rəğbətini qazanıb. Kompozisiya bütövlüyü, dərin lirizm, təbiilik,
səmimiyyət və emosional təsir gücü onları səciyyələndirən başlıca
cəhətlərdir. Ramiz Mirişlinin mahnıları görkəmli ifaçıların
repertuarında özünəməxsus yer tutaraq, ölkəmizdə və onun
hüdudlarından kənarda müəllifinə şöhrət gətirib. Bu əsərlər doğma
yurda məhəbbət və milli dəyərlərə ehtiram aşılamaqla gənc nəslin
vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb
edir.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında Ramiz Mirişlinin
xidmətləri layiqincə qiymətləndirilib. Ölkəmizdə musiqi sənəti
sahəsində nailiyyətlərinə görə o, müstəqil Azərbaycan
Respublikasının ali mükafatlarından "Şöhrət" və "Şərəf" ordenləri
ilə təltif edilib.
Tanınmış bəstəkar və pedaqoq, təvazökar insan Ramiz Aqil oğlu
Mirişlinin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.
Allah rəhmət
eləsin!"
Nekroloqu İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz
Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Fatma Abdullazadə,
Əbülfəs Qarayev, Mikayıl Cabbarov, Arif Alışanov, Arif Məlikov,
Firəngiz Əlizadə, Fərhad Bədəlbəyli, Siyavuş Kərimi, Oqtay
Zülfüqarov, Azər Rzayev, Tofiq Bakıxanov, Musa Mirzəyev, Xəyyam
Mirzəzadə, Ramiz Zöhrabov imzalayıblar.