Yuxarı

Paşinyan Düşənbədə Əliyevdən nə xahiş etmişdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti cənab İlham Əliyev bugünlərdə AzTV, İTV və Real TV-yə geniş müsahibə verdi. Müsahibədə bütün digər önəmli məqamlarla yanaşı, elan olunmamış müharibənin acı nəticələri fonunda işğalçı Ermənistanın yeni həmlə cəhdləri və əlbəttə, Azərbaycanın cavab tədbirləri barədə fikirlər xüsusi yerə sahibdir.

Ümummilli lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” sözlərini xatırlayıram. Və müsahibənin respublikamızın neft-qaz strategiyasında daha bir önəmli hadisəsi olan “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi ilə bağlı tədbirdə verilməsini də təsadüf yox, təvafüq hesab edirəm.

Dağlıq Qarabağ: XX əsrin sonu – XXI əsrin əvvəlləri... Tarixə bir baxış

Heç kəsə sirr deyil ki, Heydər Əliyevin SSRİ rəhbərliyində yüksək vəzifə tutması və ciddi nüfuz sahibi olması amili Ermənistan və ermənilər, erməniyanlılar üçün uzun illər çəkindirici faktor olmuş, separatçı hərəkətlərin gerçəkləşməsi də daxil olmaqla, ərazi iddialarına, işğal cəhdlərinə qarşı sipər rolu oynamışdır. Heç təsadüfi deyil ki, yalnız Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan sonra Ermənistan və erməniyanlılar (bir sözlə, antiazərbaycan qüvvələri) Dağlıq Qarabağ ermənilərinin arxasında gizlənərək və onların əli ilə respublikamızın torpaq bütünlüyünə, unitarlığına, suverenliyinə qarşı niyyətlərini açıq müstəviyə keçirdilər; konkret şəkildə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin respublikamızdan ayrılıb Ermənistana birləşdirilməsi tələbi və əsassız iddiaları ilə çıxış etdilər.

SSRİ-nin son illərində respublikamıza qarşı ədalətsizliklər (cənab Prezidentin dediyi kimi, böyük ədalətsizliklər!) edilib: “Azərbaycan xalqının cəlladı Qorbaçov və onun ermənilərdən ibarət yaxın ətrafı ölkəmizə qarşı nifrətlə yaşayırdı...”

Bizə haqsızlıq edən SSRİ rəhbərliyi dönüb SSRİ-nin ən çətin günlərinə - 1941-45-ci illərə - müharibə illərinə, eləcə də müharibədən öncə və sonraya baxsaydı, SSRİ iqtisadiyyatı üçün Bakının, Azərbaycanın necə fədakarlıqlar etdiyini xatırlasaydı, bəlkə vicdanları oyanardı... Amma oyanış üçün vicdanın özü olmalıydı – vardımı o vicdan?! Vardısa, hər şey bir yana, 20 Yanvar qətliamı, Xocalı soyqrımı olardımı?!

Özünü təmin etmək qüdrətində olan 2-3 respublikadan biri kimi Azərbaycanı dotasiya ilə dolanan, mərkəzi büdcəyə daim yük olan Ermənistan qarşısında yenik duruma salmaq necə bir zehniyyətin (zehniyyətsizliyin!) məhsuluydu?!

Yaxşı xatırlayırıq, Dağlıq Qarabağda xüsusi komitənin yaradılması, o komitəyə Qorbaçovun köməkçisi Arkadi Volskinin başçı təyin edilməsi Qarabağın Azərbaycandan qoparılma planının tərkib hissəsi idi.

“Volskinin vaxtında azərbaycanlılar o vaxt Dağlıq Qarabağın bəzi yerlərindən zorla çıxarılmış, ilk etnik təmizləmə siyasəti aparılmış, azərbaycanlılar Xankəndidən qovulmuşlar” (İlham Əliyev).

Yəqin Volskinin erməniyanlı fəaliyyəti (ədalət planında fəaliyyətsizliyi) qarşılığında erməni lobbisi tərəfindən “ödüllüləndirildiyi” – onun sonradan Rusiya Sahibkarlar İttifaqına başçsılıq etməsi heç təsadüf olmamışdır...

Bədnam 366-cı motoatıcı alayın azərbaycanlılara qarşı etnik təmizləmə işlərində, Xocalı soyqırımında, torpaqlarımızın işğal altına düşməsində həlledici rolu olduğu da tarixi faktdır. Və biz tarixin tarix olması, tarixin qələbə faktları ilə zənginləşməsi, haqsızlığa son qoyulması və ədalətin təntənəsi üçün çalışmağa məhkumuq!

Ən yeni duruma dair bir neçə söz

Ermənistan hökumətinə hazırda “demokrat” qiyafəli, işğalçı zehniyyətli Nikol Paşinyan başçılıq edir. Paşinyanın simasının dəqiq təsbitlərindən olan “demokrat qiyafəli, işğalçı zehniyyətli” sözlərini hər dəfə niyə yazırıq? Çünki o özünü əliqanlı diktator sələflərindən fərqli ideoloji-siyasi düşüncənin daşıyıcısıymış kimi tanıdırdı və hakimiyyətə də belə bir dalğa üzərində gəlmişdi; lakin çox keçməmiş bəlli oldu ki, Ermənistanın yeni rəhbəri daha ziddiyyətli, daha qeyri-müəyyən xüsusiyyətlərə malikdir – daha doğrusu, tam destruktiv sayılmağı haqq edir. Yoxsa, demokratik düşüncələrlə, birgəyaşıyış qaydaları, beynəlxalq hüquq normaları ilə bir araya sığmayan davranışları necə izah etmək, nə təhər anlamaq olar?

Paşinyan hakimiyyətə yiyələndikdən sonra işğal altındakı Azərbaycan torpaqlarına daha tez-tez gəlməyə, daha avantürist çağırışlar etməyə, qanunsuz tikililəri, qanunsuz məskunlaşmanı stimullaşdırmağa başladı; Paşinyan öz oğlunu beynəlxalq hüquqa sayğısızcasına, dünya birliyinə etinasız şəkildə Dağlıq Qarabağda hərbi xidmətə göndərdi. Amma bu və başqa hərəkətləri Paşinyanın və onun hökumətinin gücünü göstərmir. Əlbəttə, bu mövzularda ən çox informasiyaya malik olan, mövcud durumu hamımızdan yaxşı bilən cənab Prezidentin sözləri mənzərəni daha doğru ifadə etməkdədir: Ermənistanın bugünkü rəhbərliyi ölkəni uçuruma aparır. Ermənistanın indiki rəhbərliyi məsuliyyətsizdir, addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil edə bilmir.

İki il bundan öncə Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Çünki Azərbaycan tərəfi Köçəryan-Sərkisyan xuntasının hakimiyyətdən getməsində maraqlı idi.

Nikol Paşinyan hakimiyyəti Azərbaycana qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərmiş, yalvarmış, vaxt istəmişdir.

Daha sonra Paşinyan Düşənbədə Azərbaycan Prezidentindən vaxt verilməsini birbaşa xahiş etmişdir.

Beləliklə, erməni Baş nazir bir tərəfdən öz ölkəsininin daxili durumunun ağır olduğunu, keçmiş hakimiyyət nümayəndələrinin revanş almaq, danışıqlar prosesini pozmaq cəhdlərini, özünün isə sülh danışıqlarına meyilli olmasını, guya məsələni həll etməyə çalışdığını deyərək, atəşkəsin möhkəmləndiriməsi ricasında bulunmuş, digər yandan da daxili auditoriyada güclü görünməyə çalışmışdı...

(Bir məqamı da qeyd edək ki, Paşinyanın guya “demokratlığ”ına, yalançı vədlərinə, bir sözlə, adlar, qiyafələr dəyişsə də, xisləti dəyişməyən Ermənistan rəsmilərinə aldanmayan Azərbaycan tərəfi işğalçı ölkədəki çevrilişdən bir ay sonra öncəbhənin Naxçıvan istiqamətində uğurlu Günnüt əməliyyatı keçirsə də, keçmiş xuntanın Paşinyan hökumətinə qarşı revanşına yol verməmək üçün bundan təbliğat məqsədi ilə istifadə etmədi).

Və iki il öncədən bu ilin iyuluna – cəbhənin Tovuz istiqamətindəki toqquşmalara keçid etsək, Paşinyan və ümumən Ermənistan dövlət rəhbərliyinin nə qədər avantürist, riyakar və etibarsız olduğunu bir daha görərik. Yaxşı ki bu görünümü yalnız Azərbaycan deyil, Azərbaycan Prezidentinin şəxsi nüfuzu, uğurlu diplomatiyası və dünya azərbaycanlılarının aksiyaları sayəsində beynəlxalq ictimaiyyət də gördü. Azərbaycanın haqlı mövqeyi beynəlxalq qurumlar, ədalətli ölkələr tərəfindən təqdir edildi.

İyulda cəbhənin Tovuz istiqamətində baş verən hadisələr bütün digər yönləri ilə birgə, açıq silahlı təxribat idi; onsuz da kövrək olan atəşkəsi Ermənistan tərəfi pozmuşdu. İşğal altındakı Qarabağdan uzaqda – dövlət sərhəddi boyunca baş verən bu pozuntu azmış kimi, Ermənistan avqust ayında mülki vətəndaşlarımıza qarşı terror aktları, hərbçilərimizə qarşı növbəti təxribat törətmək cəhdində bulundu – bu məqsədlə diversiya qrupu göndərdi və o diversiya qrupunun başçısı hərbçilərimiz tərəfindən vaxtında tutuldu.

Bəs işğalçı ölkə nəyi hədəfləmişdi?

Azərbaycan Prezidentin yerli TV-lərə müsahibədə dediyi kimi: “Məqsəd danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır”...

Bəli, iyul hadisələrindən sonra kimin sülhə, kimin müharibəyə sövq etdiyini hər kəs bir daha bildi. Üstəlik, o da bəlli oldu ki, Paşinyanın sərhəddə insident törətməyi məqbul hesab etməsində, daxili ziddiyyətlərdən, hakimiyyətə gələrkən verdiyi yalançı vədlərdən, digər amillərdən diqqəti yayındırmaq kimi bir məqsədi, o cümlədən COVİD-19 pandemiyasının yaratdığı problemlərin öhdəsindən gələ bilməmək gerçəkliyi də təsirsiz olmayıb...

“Ermənistan siyasətinin əsas qayəsi özlərini alçaltmaqdır, özlərindən məzlum, yazıq xalq imici düzəltməkdir, ağlaşmaqdır və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır.

...Müstəqillik Ermənistanda formal xarakter daşıyır. Bu necə müstəqil ölkədir ki, öz qərarını qəbul edə bilmir?”

Bunlar cənab Prezidentin sözləri və Ermənistandakı, yaxud Ermənistanla Azərbaycan arasındakı münasibətsizliyə diqqət göstərən, soyuq ağılla fikir bildirməyi bacaranlar üçün verilən suallardır.

Bütün bu deyilənlər bir daha göstərir ki, Ermənistanla danışıqlar, onların cəfəng açıqlamaları, təxribatları və anlamsız davranışları sayəsində, əsl məzmununu önəmli dərəcədə itirib. Azərbaycan tərəfi danışıqlar naminə danışıqlar aparmaq fikrində deyil; bizim dözüm, təmkin limitimiz sonsuz deyil və biz torpaqları işğal altında olan tərəf olsaq da, gücsüz tərəf deyilik – bunu bütün əlaqədar qurum və quruluşlar yaxşı bilir. Belə olan halda güclü Azərbaycanın gücsüz Ermənistanın tapdağı altındakı torpaqlar üzərində suveren hüquqlarını bərpa etməsinin qarşısını heç kim ala bilməz və heç kəs belə bir niyyətdə, planda olmamalıdır.

Azərbaycanın uzun illərə dayanan səbrini, xoşməramlılığını, bölgədə barışa, birgəyaşayışa verdiyi töhfələri hər kəs gərəyincə dəyərləndirməyi bacarmalıdır.

Nə Paşinyan, nə də işğalçı ölkənin havadarları ümid etməsin ki, Azərbaycan nə zamansa, Ermənistanla deyil, Dağlıq Qarabağdakı qondarma rejimlə danışıqlar apara bilər – bu ələlbət mümkün deyil! Doğrudur, Minsk Qrupunun həmsədrləri Ermənistan tərəfinə bu kimi açıqlamaların ziyanlı olmasını bildirib, lakin həmsədrlər yalnız quru bildirişlə öz missiyalarını bitmiş saymamalıdır.

Hər kəs öz adı ilə çağırılmalı, hadisələr mahiyyəti üzrə qiymətləndirilməlidir. Məsələn, işğal altındakı Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırma aparılması bütün beynəlxalq konvensiyalarla ziddiyyət təşkil etdiyi, tam bir qanunsuzluq aktı olduğu halda, beynəlxalq qurum və quruluşlardan gərəkli, operativ və kəskin reaksiya görürükmü?

Çox təəsüflər, yox! Baxmayaraq ki, öncəki qanunsuz məskunlaşdırma ilə bağlı ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatları olmuşdu, lakin Beyrutda avqustda baş vermiş məlum dəhşətli partlayışdan sonra Livan erməni ailələri işğal bölgəsinə köçürülür və beynəlxalq qurumlar bu yeni faktlara biganəlik göstərir. Eyni biganəlik, yaxud gərəkən reaksiyanın göstərilmədiyi, Azərbaycanın mədəniyyət beşiyi Şuşada qondarma rejimin “rəhbər”inin guya “andiçmə mərasi”minə münasibətdədə də özünü büruzə verdi...

İşğalçı Ermənistanın daxili auditoriyaya “qalib ədası” ilə, amma beynəlxalq aləmə məzlumanə görkəmlə nümayiş etdirdiyi “mövqe”, əlbəttə, Azərbaycan Respublikasının birmənalı və haqlı mövqeyi ilə cavablandırılır. Gəlin, yenə cənab Prezidentin mövcud durumu bütün dərinliyi ilə ifadə edən sözlərinə diqqət edək:

“...Azərbaycan danışıqlardan imtina etmir, ancaq Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmir.

...Biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik.

...Danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır.

...Bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır”...

Bu yerdə nələri fərqləndirmək olar, hansı müəyyənlikləri qeyd edə bilərik?

Birmənalı şəkildə aydındır ki, işğalçı ölkə yeni böyük müharibəyə hazırlaşır. Düşmən təmas xəttinə yeni hərbi qüvvələr toplayır. Düşmən üzv olduğu KTMT-ni, müttəfiqlərini özünün işğalçılıq siyasətinə ortaq etmək istəyir. Ermənistan adı üstündə təcavüzkar dövlətdir. Ermənistan başqa ölkə və beynəlxalq qurumlardan ianə, yardım dilənə-dilənə, bir yandan da terrorizmə himayəçilik etməkdədir. Bilmirəm, dünyada bunun başqa analoqu varmı?!

Ermənistan mövcud halı ilə ilk növbədə bizimçün, eyni zamanda Qafqazlar üçün və bütövlükdə dünya üçün bir təhlükə mənbəyi olaraq qalır.

“Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək.

...Bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur.

...Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq” (İlham Əliyev).

Düşünürəm ki, Azərbaycan Prezidentinin bu prinsipial fikirlərini ilk növbədə sadə ermənilər, erməni əsgər anaları, mülki Ermənistan vətəndaşları, erməni fikir mərkəzləri yaxşı-yaxşı öyrənməli və öz avantürist, təxribatçı, hüquqtanımaz hökumətlərindən haqq-hesab sormalı, öz dövlətlərini sülhə çağırmalıdırlar. Ermənistan hakimiyyətinin beynəlxalq hüquqa meydan oxumasına sülhyaratma mandat-missiyasına sahib olan qurumlar da biganə qalmamalı, qəti çağırışlar etməlidir. Və bu çağışların bir konkret nəticəsi olamlıdır – bizim ilkin tələbimiz açıq-aydındır və dəyişməzdir: İşğalçı ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çəkilməlidir!

Qənirə Paşayeva,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

Tarix
2020.09.22 / 21:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla