Milli Təhlükəsizlik
Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri
nəticəsində İrandan qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən
gömrük nəzarətindən kənar keçirilərək Azərbaycan ərazisinə
ümumilikdə 32 kiloqram 800 qramdan artıq narkotik vasitənin
daşınmasının qarşısı alınıb, bu hüquqazidd əməllərin törədilməsinə
görə 9 nəfər şübhəli şəxs qismində tutulub.
Bu barədə Trend MTN-nin İctimai Əlaqələr İdarəsinə istinadən
məlumat verir.
Məlumata görə, "İran-Azərbaycan" marşrutu üzrə narkotiklərin
qanunsuz daşınmasında şübhəli bilinən Azərbaycan vətəndaşı -
Abbasov Qabil Bəhram oğlu saxlanılıb, keçirilən baxış zamanı onun
idarə etdiyi avtomobilin yük yerindən 220 qram heroin, 1 kiloqram
700 qram tiryək, 4 kiloqram 337 qram həşiş qətranı və 7 kiloqram
300 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Digər əməliyyat-axtarış tədbiri nəticəsində Azərbaycan
vətəndaşları – Ağayev Əlikram Məmməd oğlu, Əhmədov Tahir Xasay
oğlu, Nuriyev Umud Hidayət oğlu saxlanılıb, baxış zamanı onlardan 9
kiloqram 900 qrama yaxın tiryək aşkar edilərək götürülüb. Müəyyən
edilib ki, Əlikram Ağayev, Tahir Əhmədov, Umud Nuriyev və qeyriləri
cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs
halında həmin narkotik vasitəni İran istiqamətindən qaçaq yolla
Azərbaycanın Cəlilabad rayonunun Məlikqasımlı kəndinin ərazisinə
gətiriblər.
MTN-nin daha bir əməliyyat-axtarış tədbiri nəticəsində
"İran-Azərbaycan" marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasında
şübhəli bilinən Azərbaycan vətəndaşları - Əsədov Etibar Nazağa
oğlu, Həsənov Toğrul Sübhəddin oğlu, Əliyev Anar Allahverdi oğlu və
Nəcəfov Anar Himayət oğlu saxlanılıb, keçirilən baxış nəticəsində
onlardan 4 kiloqrama yaxın tiryək və 3 kiloqram 860 qram qurudulmuş
marixuana aşkar edilərək götürülüb.
Növbəti əməliyyat-axtarış tədbiri nəticəsində İrandan
qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotiklərin daşınmasında
şübhəli bilinən Azərbaycan vətəndaşı – Məlikov Vurğun Nazim oğlu
saxlanılıb, ondan 1 kiloqram 500 qramdan artıq tiryək aşkar
edilərək götürülüb.
Faktlarla bağlı MTN-nin İstintaq Baş İdarəsi tərəfindən AR
Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və
234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli
miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya
satma) maddələri ilə cinayət işləri başlanılıb. Abbasov Qabil
Bəhram oğlu, Ağayev Əlikram Məmməd oğlu, Əhmədov Tahir Xasay oğlu,
Nuriyev Umud Hidayət oğlu, Əsədov Etibar Nazağa oğlu, Həsənov
Toğrul Sübhəddin oğlu, Əliyev Anar Allahverdi oğlu, Nəcəfov Anar
Himayət oğlu və Məlikov Vurğun Nazim oğlu təqsirləndirilən şəxs
qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs
qətimkan tədbiri seçilib.
Cinayət işləri üzrə bütün halların araşdırılması, bu qanunazidd
əməllərin digər iştirakçılarının müəyyən edilməsi üçün
istintaq-əməliyyat tədbirləri davam etdirilir.