"Ermənilər xarici qüvvələr tərəfindən alət kimi istifadə
edilirlər".
Axar.az "İxlas" agentliyinə istinadən xəbər verir ki, bu sözləri
məşhur türk paşası Kazım Qarabəkir paşanın qızı Timsal Qarabəkir
Yıldıran atasının ermənilər barədə xatirələrini təqdim edərkən
deyib.
Onun sözlərinə görə, "soyqırım" sadəcə bir oyundur və bu oyundan
sabah bizi bir-birimizə qarşı qoymaq üçün istifadə edəcəklər:
"Ermənilər Osmanlı dövlətinə xəyanət etdilər. Bu, parçala, hökm
sür oyunudur. Bu, sadəcə, vətəndən torpaq alıb, onu zəiflətmək üçün
bir qrup insanın oyunudur, yəni erməni mövzusu zəncirin bir
halqasıdır. Ermənilərin ilk baş naziri Kaçaznuni deyirdi: "Biz
xəyanət etdik. Osmanlı sürgündə haqlı idi, çünki xəyanət etmişdik".
Bunu öz baş nazirləri söyləyir. Osmanlı Balkanlarda can verir,
Osmanlı Sarıqamışda can verir. Osmanlı torpaq itirir və bu zaman
Osmanlının sadiq hesab edib bağrına basdığı erməni təbəələri
ruslarla bir olub bizi kürəyimizdən vururlar. Həmin anda Osmanlı
vətənin o bölgəsində üsyan edənlər vətənin başqa bir yönünə
köçürülsün deyə qərar qəbul edir. Deportasiya bu deməkdirmi?
Osmanlı arxivlərini açdığınız zaman orada "hər bir şəxsə həkim, hər
hamilə qadına süd verilsin, geri döndükləri zaman borcları
alınmasın" ifadələrini burada görəcəksiniz. Əgər Osmanlı bir
soyqırım törətməyə niyyətlənsəydi, nə südlə, nə həkimlə, nə də
borcla maraqlanmazdı. Hitler yəhudilərin bu şeyləri ilə
maraqlanmadı. Bax bu, soyqırım idi!".
O, atasının erməni dəstələri ilə bağlı maraqlı xatirələrinin
olduğunu bildirib:
"Atamın xatirələrində çox maraqlı, ürək ağrıdacaq məqamlar var.
O deyirdi: "Ərzuruma o qədər çox yaxınlaşmışam ki, bir az
geciksəydim, içəridə qurtarılacaq bir can tapa bilməyəcəkdim. Sanki
məzarlıqlar ölüləri çölə tullayır. Qollar, ayaqlar məzarların
çölündəydi. Ərzuruma o qədər yaxınlaşdım ki, insanların gülərək
məni qarşılayırlar kimi dişlərini görəcək məsafədəydim. Bir az daha
yaxınlaşdığım zaman ortada bir qeyri-təbiilik hiss etdim. Bu
insanlar tərpənmirdilər. Bir az daha yaxınlaşdığım zaman dəhşət
içərisində hər biri ermənilər tərəfindən canlı-canlı payaya
oturdulmuş şəxslər gördüm. Çöhrələri iztirabdan gərilərək, can
vermişdilər". Bizim vətənimizdə bizim insanlarımız bax belə can
vermişdilər. Həm diaspor, həm burada marağı olan dövlətlər ancaq
4T-nin arxasınca qaçırlar. Bunlar tanıma, tanıtmaq, torpaq,
təzminatdır. Amma tarixini yetəri qədər bilməyən, tarixinə yetəri
qədər sahib olmayan bir qrup insanımız da bu şəxslərə alqış
deyirlər".
T.K.Yıldıran əslində 1915-ci ildə türklərin öldürüldüyünü
söyləyib:
"Van faciəsi zamanı yüzlərlə, minlərlə insanımız vəhşicəsinə
öldürülmüşdü. Təkcə Van yox, Ərzurum, Ərzincan və digər yerlərdə də
təəssüf ki, bu acıların şahidi olduq. Əsas yox edilməyə çalışılan
öz torpaqlarındakı türklər idi. Türklər ermənilərə heç vaxt pis
davranmamışdı. Amma yalançı raportlarla bizə edilənlər başqa
formada sənəd halına salınmışdı. Üzr istəsən, bunun arxasınca
ermənilər torpaq və təzminat istəyəcəklər. Niyə üzr istəməlisən.
Payaya oturdulan bir insanın övladı, nəvəsi olsan ermənidən üzr
istəyərsənmi? Kazım Qarabəkir paşa ilə erməni nüməyəndə heyətinin
rəhbəri arasında belə bir dialoq var. Paşa ermənidən "Niyə
Osmanlıya qarşı çıxdın?" - dediyi zaman, nümayəndə heyəti
rəhbərinin verdiyi cavab indi ilə səsləşir: "Aldatdılar bizi,
paşam. İmperialist güclər bizə vədlər verdilər. Bütün şərqi bizə
vəd etdilər. Bundan sonra Sevrdəki haqsız iddialarımızı geri
çəkirəm". Yəni ermənilər o vaxtları da necə vasitə kimi istifadə
edildiklərinin fərqində idilər".
Qeyd edək ki, Türkiyə və Osmanlı imperiyasının görkəmli generalı
Kazım Qarabəkir paşa Azərbaycanın ərazi bütövlüyünün təmin
olunmasında, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan bölgəsinin
erməni silahlı qüvvələrinin təcavüzündən müdafiəsində mühüm
xidmətlər göstərib. Həmin ərazilərin müdafiəsi Osmanlı ordusunun
onun komandanlıq etdiyi I Qafqaz korpusuna həvalə olunmuşdu. O,
erməni üsyanlarının yatırılmasında və Rusiyadan türk torpaqlarının
geri qaytarılmasında mühüm rol oynamışdı.