Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli
Həsənov "Ermənistanın Azərbaycana təcavüzü, saxta "erməni
soyqırımı" və Qərbin ikili standartlar siyasəti" adlı müəllif
yazısını AzərTac
təqdim edir:
XX əsrin 80-ci illərinin ikinci yarısında Sovet İttifaqında
yenidənqurma adı altında bir sıra dəyişikliklər baş verdi. Belə bir
şəraitdə ermənilər özlərinin yaxın və uzaq xaricdəki
himayədarlarının köməyi ilə "Böyük Ermənistan" ideyasını həyata
keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək yenidən
Türkiyəyə və Azərbaycana qarşı genişmiqyaslı kampaniyaya
başladılar.
Bu dövrdə, 1985-ci il fevralın 21-də Ermənistan Kommunist
Partiyası Mərkəzi Komitəsinin sovet rəhbərliyinə 24 aprel gününün
"Soyqırım qurbanlarının xatirə günü" kimi qeyd edilməsi haqqında
müraciəti Sov.İKP MK Siyasi bürosunun iclasının gündəliyinə daxil
edilmişdi. Bunun ardınca iyunun 20-də SSRİ Nazirlər Soveti
"1985-1986-cı illərdə xarici ölkələrdən ermənilərin SSRİ-yə
repatriasiyasının davam etdirilməsi haqqında" qərar qəbul etdi.
Həmin qərarın yerinə yetirilməsi nəticəsində Ermənistana xarici
ölkələrdən çoxlu sayda erməni köçürüldü. Onlar özləri ilə qatı
erməni millətçiliyi gətirərək azərbaycanlılara qarşı düşmənçiliyi
qızışdıraraq bu istiqamətdə təbliğat işini genişləndirdilər. Artıq
1985-ci ilin sonunda "Daşnaksütyun" partiyasının Afinada keçirilən
XXII qurultayı "Böyük Ermənistan" uğrunda mübarizəni yenidən
genişləndirmək haqqında qərar qəbul etmişdi. 1987-ci il iyulun
18-də Avropa Parlamenti saxta "erməni soyqırımı" iddialarını tanıdı
və "soyqırım qurbanlarına" xatirə günü təsis etdi.
1980-ci illərin sonunda ermənilər yenidən Azərbaycanın Dağlıq
Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər.Hər dəfə
Qarabağa dair ərazi iddiaları kənardan, məhz, Ermənistanın təbliği,
təhriki və təzyiqi ilə ortaya atılırdı. Heç şübhəsiz, ermənilərin
bu ərazi iddiaları birdən-birə deyil, Yerevanda və Qərbdə olan
himayədarları tərəfindən hələ xeyli əvvəl hərtərəfli plan əsasında
hazırlanmışdı. Sovet dövründə mərkəzi hakimiyyət orqanlarının
himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat
kompaniyası aparılmış və nəticədə, mənfi ictimai fikir
formalaşdırılmışdı. Erməni ideoloqları və onların havadarları
Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları
açıq-aşkar saxtalaşdıraraq bütün ittifaq miqyasında yaymışdılar.
1988-ci il hadisələri başlayanda ilk vaxtlar vəziyyəti son dərəcə
gərginləşdirməyə, ictimai rəyi öz tərəflərinə çəkməyə çalışan
erməni siyasətçiləri və onların mərkəzi ittifaqdakı himayədarları
tərəfindən vilayətin iqtisadi geriliyi pərdəsi altında Dağlıq
Qarabağın Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri
hazırlanmış plan üzrə Xankəndində və Yerevanda hərəkata başladılar.
Lakin baş verən sonrakı hadisələr DQMV-in sosial-iqtisadi geriliyi
barədə erməni ideoloqlarının irəli sürdükləri bu saxta tezisin
yalnız bəhanə, əsas məqsədin isə Ermənistanın Azərbaycana qarşı
ərazi iddiasında olduğunu göstərdi.
1988-ci ildə Dağlıq Qarabağı Ermənistana birləşdirmək tələbilə
Azərbaycana qarşı ərazi iddiaları irəli sürən ermənilər o dövrdə
təkcə SSRİ hakim dairələrinin deyil, Qərb ölkələrinin dövlət və
hökumət orqanlarının himayədarlığına da arxalanırdılar. Bu məsələdə
Qərb ölkələrinin hakimiyyət orqanlarına müəyyən təsir gücünə malik
xaricdəki erməni lobbisinin də əsas rolu olmuşdur. Faktlar göstərir
ki, hadisələrinin inkişafının əvvəlində də, sonrakı mərhələlərində
də bu amillər güclü rol oynamışdır. Xaricdəki erməni lobbisi bunu
SSRİ-nin rəhbər orqanlarına kobudcasına müdaxilə və zorakılıqla
təzyiq göstərmək mövqeyindən edirdilər. Erməni lobbisinin təzyiqi
və yardımı ilə dünyanın bir sıra ölkələrində SSRİ-nin rəsmi
nümayəndəlikləri və beynəlxalq təşkilatlar qarşısında keçirilən
saysız-hesabsız nümayiş, yığıncaq və mitinqlər təşkil edilirdi.
Qərb dövlətlərinin hakimiyyət orqanlarında ermənilərin təmsil
olunmaları və onların dövlətin yüksək vəzifəli şəxslərinə müəyyən
təsiri ilk növbədə ABŞ-da özünü daha qabarıq şəkildə göstərirdi. Bu
məqsədlə onlar özlərinin bütün siyasi, iqtisadi və hüquqi
vasitələrindən istifadə edərək Ermənistana Amerika tərəfindən
iqtisadi və humanitar yardım göstərilməsinə çalışırlar.
1989-cu il iyulun 19-da ABŞ Senatı erməni lobbisinin təsiri və
təzyiqi ilə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində
vəziyyət barəsində qətnamə qəbul etdi. Amerika Senatının Azərbaycan
əleyhinə kobud böhtanlarla dolu bu qətnaməsi Azərbaycanda çox
narazılıqla qarşılanmış və bununla əlaqədar Azərbaycan SSR Ali
Sovetinin Rəyasət Heyəti qəti etirazını bildirərək ABŞ-ın rəsmi
dövlət hakimiyyət orqanları tərəfindən belə hərəkətlərə son
qoyulmasını tələb etmişdi. Bəyanatda ABŞ senatının qəbul etdiyi bu
qətnamə suveren bir dövlətin-Azərbaycanın daxili işlərinə qarışmaq
kimi qiymətləndirildi. Təəssüf ki, o zaman nə SSRİ Ali Soveti, nə
də SSRİ Xarici İşlər Nazirliyi bu məsələyə öz münasibətini
bildirmədi. Baxmayaraq ki, SSRİ-nin müttəfiq respublikalarından
biri olan Azərbaycanın daxili işlərinə müdaxilə etmək birbaşa SSRİ
qanunlarının pozulması və onun daxili işlərinə qarışmaq demək
idi.
Bu hadisədən az sonra, yəni 1989-cu il noyabrın 17-də ABŞ
Senatının xarici işlər üzrə komitəsi yenidən Azərbaycanın daxili
işlərinə kobud müdaxilə edərək Dağlıq Qarabağ barədə qətnamə qəbul
etdi. Bu qətnamə Azərbaycana qarşı qərəzli mövqe tutan ABŞ Senatı
tərəfindən noyabrın 19-da bəyənildi. ABŞ Senatı xarici işlər üzrə
komitəsinin qəbul etdiyi bu qətnamə "Dağlıq Qarabağ xalqının
mübarizəsinin ABŞ tərəfindən müdafiə olunmasının ifadəsi" kimi
qələmə verilsə də, qətnamənin mətnindən aydın olurdu ki, "Dağlıq
Qarabağ xalqı" ifadəsi altında yalnız ermənilər nəzərdə tutulurdu.
Qətnamənin bütün bəndləri Azərbaycana qarşı yönəldilmiş böhtan və
iftiralardan ibarət idi. Qətnamədə həqiqətdən tamam uzaq olaraq
DQMV ermənilərinin öz müqəddəratını təyin etməyə can atması,
vilayətin statusunun ixtilaf mənbəyi olaraq narahatlıq doğurduğu,
Ermənistanın blokadası və bu kimi məsələlər real faktlara deyil,
erməni iddialarına əsaslanaraq vurğulanırdı. Erməni iddialarının
qətnamədə öz əksini tapması, SSRİ hökumətinin gördüyü tədbirlərin
müsbət qiymətləndirilməsi, Azərbaycan əleyhinə həqiqətdən uzaq,
yalan və qərəzli məlumatların verilməsinin nəticəsi idi. ABŞ
Senatının bu qərarı ilə əlaqədar SSRİ Xarici İşləri Nazirliyi
yalnız bəyanatla çıxış etməklə kifayətləndi.
Bu dövrdə ermənilərin Türkiyəyə qarşı saxta iddiaları da Qərbin
bəzi dairələri tərəfindən müdafiə edilirdi. Belə ki, 1989-cu il
oktyabr ayının axırında ABŞ Senatı Hüquq komitəsinin qəbul etdiyi
qərar layihəsində aprel ayının 24-ü saxta "erməni soyqırımı"nın 75
illiiyinin qeyd edilməsi göstərilirdi. Bu layihəyə respulikaçılar
partiyasının senatdakı lideri, ermənipərəst senator Robert Doul
rəhbərlik etmiş və qərarı 54 senator imzalamışdı.
Azərbaycana və Türkiyəyə qarşı butəzyiqlərin davamı kimi,
ayrı-ayrı erməni lobbiçilərinin təsiri və köməyi sayəsində ABŞ
Senatı tərəfindən 1991-ci il iyulun 20-də Ermənistana iqtisadi
yardım göstərmək barədə qərar qəbul olundu. İyulun 26-da isə
prezident C.Buşun SSRİ-yə səfəri ərəfəsində ABŞ Senatı əksər səslə
ermənilərin guya Azərbaycan ərazisindən zorla köçürülməsini
pisləyən qətnamə qəbul etdi. Heç bir əsaslı fakt olmadan qətnamədə
Azərbaycanın DQMV bölgəsində və digər yerlərində yaşayan ermənilərə
qarşı sovet ordusunun və Azərbaycanın hərəkətləri pislənirdi. Daha
sonra senat ermənilərin DQMV-dən zorla köçürülməsini (?)
dayandırmağa və münaqişəni dinc yolla danışıqlar vasitəsilə həll
etməyə çağırırdı. Demokratik dövlət hesab edilən ABŞ-da Senatın
qəbul etdiyi bu qətnamə Azərbaycana qarşı ərazi iddiaları irəli
sürən Ermənistanın yalan və iftira ilə dolu olan sənədlərindən
birini xatırladırdı.
1988-1991-ci illərdə Dağlıq Qarabağ problemi ilə əlaqədar ABŞ-da
bir sıra sənədlərin qəbul edilməsində erməni icması tərəfindən
1971-ci ildə yaradılan Amerikanın erməni məclisinin böyük rolu
olmuşdur. Bununla yanaşı, Amerikanın erməni icmasına rəhbərlik edən
məclis erməni millətinin mənafeyini tam təmsil etmək məqsədi ilə
ABŞ-ın hökumət dairələri, senatorları, konqresmenləri ilə çıx əlaqə
saxlayırdı. Bu təşkilat ABŞ Senatında Dağlıq Qarabağ məsələsi ilə
əlaqədar müzakirələrdə 100 senatordan 48-ni öz tərəfinə çəkə
bilmişdi. Bu dövrdə ABŞ hökumətinin Ermənistan üçün ayırdığı 10
milyon dollara prezidentin fondundan 5 milyon dolların əlavə
olunması da məhz bu məclisin xidməti idi.
ABŞ-ın yüksək vəzifələrdə mövqe tutan erməni ictimai və siyasi
xadimləri Dağlıq Qarabağ məsələsinin həllində hökumət
qulluqçularının, senatorların, konqresmenlərin və digər rəsmi
şəxslərin fəal iştirakına və bu işdə öz köməklərini göstərməsinə
nail olmaq üçün hər cür vasitələrdən, ən kiçik imkandan belə tam
müvəffəqiyyətlə istifadə edərək onların vasitəsilə Sovet
İttifaqının dövlət və hökumət orqanlarına təzyiq göstərməyə
çalışırdılar. SSRİ-nin süqutundan sonra regionda nüfuz uğrunda
rəqabətə girişmiş böyük dövlətlər keçmiş ittifaqın müstəqillik
qazanmış respublikalarına, xüsusilə, zəngin təbii sərvətlərə və
əmək ehtiyatlarına malik Azərbaycana yenə də qərəzli mövqedən
baxmağa başladılar.
1992-ci il oktyabrın 24-də Konqresin 102-ci çağırış 2-ci
sessiyasında keçmiş SSRİ-nin Azərbaycandan başqa digər 11
respublikasına (Ermənistan, Belorus, Gürcüstan, Qazaxıstan,
Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna və
Özbəkistan) demokratiyasının inkişafı və bazar iqtisadiyyatına
keçid məqsədilə 460 milyon dollar həcmində yardımı nəzərdə tutan
"Azadlığı Müdafiə Aktı" və ona 907-ci əlavənin qəbul edilməsi
Azərbaycan-ABŞ münasibətlərini bir qədər də soyudaraq ikitərəfli
münasibətlərdə daim müzakirə obyektinə çevrilən problem yaratdı.
Azərbaycana qarşı iqtisadi yardıma qadağa qoyan bu qərarda
göstərilirdi ki, "Birləşmiş Ştatların Azərbaycana yardımı o vaxta
qədər mümkün olmayacaq ki, ABŞ prezidenti müəyyənləşdirib konqresə
məlumat versin ki, Azərbaycan hökuməti bütün blokadaları, həmçinin
Ermənistan və Dağlıq Qarabağa qarşı zor gücündən istifadəsini
dayandırmaq üçün əməli iş görür". Qəbul edilən bu 907-ci əlavənin
mətnində açıq-aşkar göstərilirdi ki, bu qərar, regiondakı real
vəziyyətin təhlilindən deyil, yalnız münaqişə tərəflərindən biri
olan Ermənistanın mənafeyi və nöqteyi-nəzərindən qəbul edilmişdi.
Bu qərarın qəbul edilməsində heç şübhəsiz, konqresə böyük təsir
gücünə malik erməni lobbisinin əsas rolu olsa da, o dövrdə
Azərbaycan-ABŞ munasibətlərində də soyuqliq yaratmışdı.
Qərb ölkələrində Azərbaycan əleyhinə olan mərkəzlərdən biri də
məhz Fransadakı erməni icmasıdır. Azərbaycan əleyhinə mənfi ictimai
rəyin formalaşmasında erməni diasporu ilə yanaşı, eyni zamanda
böyük tirajına və yüksək poliqrafiya keyfiyyətinə malik çoxsaylı
mətbuat orqanlarının rolu da böyük olmuşdur. Fransanın kütləvi
informasiya vasitələri, məsələn "Mond", "Fiqaro", "Parizyen" kimi
qəzetlər, ölkənin bir sıra televiziya şirkətləri, xüsusilə TF-1 və
"Antenn-2" şirkətləri Azərbaycan əleyhinə təbliğat aparır, Dağlıq
Qarabağ ətrafında və Ermənistan-Azərbaycan sərhəddində baş verən
hadisələrə ermənilərin mənafeyi, eləcə də nöqteyi-nəzərindən
yanaşırdılar. Təsadüfi deyil ki, akademik A.Aqanbekyan Dağlıq
Qarabağa dair ermənilərin iddialarını ilk dəfə məhz Fransada
açıqlamış və 1987-ci il noyabrın 18-də nəşr edilən "Hummanite"
qəzetində çap olunmuşdu. Bu müsahibə ermənilərin Dağlıq Qarabağa
dair ərazi iddialarının başlanması üçün bir siqnal rolunu
oynadı.
XX əsrin sonunda, azərbaycanlılar növbəti dəfə etnik təmizləmə
və soyqırıma məruz qalmışlar. Bütün dövrlərdə olduğu kimi
ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi
qırğınlarla müşayiət olunmuşdur. Belə ki, 1988-1993-cü illərdə
Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfər azərbaycanlı
həlak olmuş, 100 000 nəfərdən çoxu yaralanmış, 50 000 nəfər isə
müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. 1992-ci il fevralın
26-da ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa
və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi
qiymətləndirilir. Dünya tarixində Xocalı faciəsi tarixi
yaddaşlardan heç vaxt silinməyən Xatın, Sonqmi, Ruanda, Srebrenitsa
və Xolokost kimi dəhşətli faciələrdən heç də geri qalmır. Adı
çəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı
olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur.
Ancaq bütün dünyanın gözü qarşısında və yaxın tariximizdə baş verən
bu dəhşətli soyqırıma böyük dövlətlər laqeyid yanaşır, bəzən də
ermənipərəst mövqedən çıxış edirlər.
1992-ci ildən beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk
qrupunun vasitəçilik səyləri ilə yanaşı, 1999-cu ilin aprelindən
yeni formada da addımlar atılmışdır. Çox ağır və çətin keçən
danışıqlar zamanı Azərbaycan dövləti öz haqlı mövqeyini müdafiə
edərkən bir sıra çətinliklərlə qarşılaşır. Çünki münaqişə
başlayandan keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar
Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq
siyasətindən əl çəkmir. Digər tərəfdən isə dünya birliyinin "ikili
standartlar" prinsipindən çıxış etməsi, BMT və ATƏT kimi beynəlxalq
təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün
konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin
əldə olunmasına maneə törədir. Buna səbəb bir tərəfdən Ermənistan
Respublikasının qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq
siyasətini davam etdirməsi, digər tərəfdən beynəlxalq
təşkilatların, təcavüzkarla təcavüzə məruz qalanı eyni
tutmasıdır.
Son illərdə Ermənistanın və Qərbdəki bəzi qurumların saxta
"erməni soyqırımı" haqqında uydurmalarına gəldikdə isə, bu iddia
subyektiv mülahizələrə söykənməklə yanaşı, islamofob,
anti-azərbaycan və anti-türk meyillərin son dövrlərdə güclənməsinin
təzahürüdür. 2015-cü il mart ayının 12-də Avropa Parlamenti
"Dünyada insan haqları və demokratiya" adlı sənəddə Avropa
İttifaqına daxil olan 28 ölkəyə qondarma "erməni soyqırımı"nın
tanınması ilə əlaqədar müraciət etmişdir. Bu günlərdə isə Avropa
Parlamenti bunun davamı olaraq növbəti addımı atmaqla
anti-azərbaycan və anti-türk mövqeyini bir daha ortaya qoydu. Həmin
sənədin mahiyyəti ondan ibarətdir ki, Avropa İttifaqına daxil olan
ölkələr 24 apreli tarixini "erməni soyqırımı günü" kimi qeyd
etsinlər.
Bu qətnamənin qəbul edilməsi hazırda Avropada, Qərbin təşəbbüsü
ilə yaradılan əksər beynəlxalq qurumlarda, o cümlədən və xüsusilə
Avropa Parlamentində ikili standartlar və islamofob
əhval-ruhiyyənin hökm sürdüyünü göstərir. Bununla yanaşı, neçə
illərdir biz bütün dünyaya, həmçinin Avropa ölkələrinə və
beynəlxalq təşkilatlara yarası hələ sağalmamış Xocalı soyqırımı
haqqında həqiqətləri, son 200 ildə ermənilərin türklərə və
azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri real faktlarla
çatdırırıq. Amma bunun qarşılığında Avropa ölkələri, Avropa
Parlamenti, Avropa Şurası kimi qurumlar məsələ ilə bağlı obyektiv,
real təsiri olan heç bir qərar qəbul etməmişlər. Əksinə tarixi
faktlar, sənədlər təsdiq edir ki, 1915-ci ildə Türkiyə ərazisində
ermənilərə qarşı heç bir soyqırımı olmamışdır. Türkiyənin
müharibəyə cəlb olunduğu həmin dövrdə ermənilər çoxsaylı silahlı
dəstələr yaradaraq arxa cəbhədə üsyan qaldırmış, türk ordusuna
qarşı hücumlar təşkil etmiş, ayrı-ayrı şəhər və qəsəbələrdə kütləvi
qətllər törədərək, əhaliyə qarşı qeyri-insani aksiyalar həyata
keçirmişlər. Təbii ki, türk ordusu da dinc əhalini müdafiə etmək,
onları erməni vəhşiliklərindən qorumaq üçün lazımi tədbirlər
görmüşdür. Ermənilərin bu və ya digər ərazilərə köçürülməsi zamanı
da heç bir soyqırımı baş verməmişdir. Heç şübhəsiz ki, Avropa
Parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi
qətnamə Avropa Parlamenti tarixində heç bir həqiqəti əks
etdirməyən, I Dünya müharibəsinin real tarixini təhrif edən,
ədalətsiz, xüsusi məqsəd daşıyan və siyasiləşmiş bir qərardır.
Buna görə hazırda tarixi reallığı təhrif edərək, heç bir fakta
istinad etmədən, o dövrün arxiv materiallarını araşdırmadan bir
qrup siyasətçinin, deputatın ötən əsrin əvvəlində baş verən
hadisələri qiymətləndirməsi tamamilə yanlışdır və "erməni
soyqırımı" haqqında iddialar subyektiv mülahizələrə söykənməklə
yanaşı, islamofob, anti-müsəlman və anti-türk meyillərin
güclənməsinin təzahürüdür. Bu, həm də müasir dünyada, xüsusən
Qərbdə hökm sürən ikili standartların nəticəsidir. Təbii ki, Qərbin
ayrı-ayrı dairələrinin tarixi təhrif etmək və müsəlman dünyası
haqqında yanlış təsəvvür formalaşdırmaq cəhdləri pislənilməli,
bütün iddialar konkret faktlar əsasında cavablandırılmalıdır.
Tərəqqipərvər bəşəriyyət bilir ki, belə hadisə olmayıb və bu kimi
qərarlar, qətnamələr yalnız ayrı-ayrı dairələrin öz maraqlarını
təmin etmək cəhdlərinin nəticəsi olaraq meydana çıxır.
Eyni zamanda, bu qətnamə Avropa Parlamentinin birinci belə
subyektiv, anti-islam, anti-türk və anti-Azərbaycan mahiyyəti kəsb
edən qərarı deyil və çox güman ki, gələcəkdə də biz bu cür
"qərarların" şahidi olacağıq. Həm Azərbaycan, həm də Türkiyə
anti-qərb mövqeyində deyil Qərblə bütün sahələrdə ədalətli,
bərabərhüquqlu əməkdaşlığa və tərəfdaşlığa hazırdırlar. Amma
təəssüf ki, son zamanlar həm ABŞ-da, həm də Avropada müsəlman və
türk xalqlarına qarşı bir ovqat hökm sürməkdədir. Bu siyasətin
Qərbə nə verəcəyini tarix özü göstərəcək. Amma Azərbaycan dövləti
imkan verə bilməz ki, onların bu kimi ədalətsiz qərarları dünya
ictimaiyyətinə təlqin olunsun və real həqiqət kimi zorla insanların
şüuruna yeridilsin. Bu qərardan sonda Azərbaycan Avropa Parlamenti
ilə münasibətlərinə yenidən baxmalı olacaq və artıq Azərbaycan
Avropa Parlamentinin "Avronest" qrupunda fəaliyyətini
dayandırmışdır. Belə getsə, Avropa Parlamenti ilə də bütün
əlaqələrə yenidən baxmalı olacağıq.
Avropa Parlamentinin belə bir ədalətsiz mövqe nümayiş
etdirilməsi ilk dəfə deyil. 2014-cü ildə 751 parlamentarisi olan
bir təşkilat tələsik 46 nəfər üzvünü toplamaqla Azərbaycan haqqında
daha bir qətnamə qəbul etmişdi. Təbii ki, bu qətnamənin də hüququ
bazası yox idi. Buna baxmayaraq, Avropa türk dünyasına qarşı öz
qərəzini, qeyri-obyektivliyini və ayrı-seçkiliyini açıq şəkildə
nümayiş etdirir. Bu, həm də Avropanın belə üsullarla Azərbaycana və
Türkiyəyə təzyiq edərək siyasi kursunu dəyişməyə məcbur edilməsinə
yönələn bir addımdır. Bütün bunlara rəğmən Avropa Parlamenti
qətnamə qəbul edərkən düşünməli, atdığı addımın demokratiyaya,
beynəlxalq hüququn tələblərinə zidd olub-olmamasını müəyyən
etməlidir.
Avropa Parlamentinin belə bir məsuliyyəti - yüz il bundan əvvəl
"erməni soyqırımı" deyilən və olmamış bir hadisəni öz üzərinə
götürməsi eyni zamanda, Azərbaycan ictimaiyyətində Avropa
demokratiyasına olan inamı da sarsıtmışdır. Bir qədər əvvəl Roma
Papası tərəfindən saxta "erməni soyqırımı"nın tanınması barədə
verilmiş bəyanat da dünyada baş alıb gedən ədalətsizliyin və
islamofobiyanın göstəricisidir. Heç şübhəsiz ki, Azərbaycan dövləti
və xalqı, belə yalanlarla, "qara piar" kampaniyaları ilə
"Avrovision" mahnı müsabiqəsi zamanı da qarşılaşmış və indi də I
Avropa Oyunları ərəfəsində həmin siyasəti açıq-aşkar müşahidə
edirik.
2003-2014-cü illər Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf,
demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm mərhələ
olmuşdur. Belə ki, Azərbaycan, son illər ərzində stabil inkişaf
edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq
siyasətdəki əməlləri ilə dünya ictimaiyyətinin rəğbətini qazanan
dövlət olaraq bütün bu müvəffəqiyyətlərin nəticəsində beynəlxalq
səviyyədə ən mötəbər qurumun BMT Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvlüyünə seçilmişdir. Digər tərəfdən, bu hadisə son
illərdə Azərbaycanın dünya siyasətindəki müxtəlif qlobal
problemlərin müzakirəsinə cəlb olunması, ölkəmizin regional
siyasətlə yanaşı, dünya siyasətinin də əsas aktorlarından birinə
çevrilməsidir. Azərbaycan artıq sivilizasiyalararası dialoqun,
multikulturalizmin mərkəzinə, siyasi, iqtisadi, humanitar və digər
sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkan kimi
qiymətləndirilməlidir. Son illər ərzində Azərbaycan istər siyasi,
istər iqtisadi sahədə böyük uğurlara imza atmışdır. Bu uğurlar
bugünkü Azərbaycan reallıqlarını əks etdirir. İqtisadi sahədə
uğurlar mötəbər beynəlxalq təşkilatların hesabatlarında öz əksini
tapmışdır. Azərbaycanın kredit reytinqləri artmaqdadır. Dünya
İqtisadi Forumunun "Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmiz artıq
dünyada 38-ci, MDB məkanında isə 1-ci yerdədir. Bu, çox böyük
nailiyyətdir və Azərbaycan iqtisadiyyatının çoxşaxəli şəkildə
inkişaf etdiyini göstərir.
Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz
sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə
müstəqil xarici siyasət həyata keçirir. Bu istiqamətdə əsas diqqət
Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi, regionda
sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, Xəzər dənizi
hövzəsinin demilitarizasiyası, Avroatlantik strukturlara
inteqrasiya və s. məsələlərə yönəldilmişdir. Hazırda mühüm
geosiyasi məkan kimi Azərbaycan regionda sülhün və təhlükəsizliyin
təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab
edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır
və dövlət başçısı cənab İlham Əliyev qeyd etdiyi kimi "Regiondakı
strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan
reallaşa bilməz".
Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar da
məhz ölkəmizin uğuru olmaqla yanaşı, Azərbaycanın dünyada artan
nüfuzunun, geniş imkanlarının beynəlxalq birlik tərəfindən qəbul
edilməsinin əyani göstəricisidir. Bu baxımdan Azərbaycanın müasir
geosiyasi şəraitdə inkişaf etmiş dövlət kimi özünü təqdim etməsini
heç şübhəsiz ki, bəzi qüvvələr qəbul edə bilmirlər. Azərbaycan bu
kimi tədbirlərdə özünü, mədəniyyətini, xalqının adət-ənənələrini,
keçdiyi yolu, tarixini, bir sözlə sivil dünyanın dövlətin
dəyərləndirməsində istifadə elədiyi digər dəyərlərini dünyaya
təqdim edir. Bununla yanaşı, Azərbaycan bu gün İsveçrə, Norveç,
Fransa, İngiltərə kimi inkişaf etmiş Avropa dövlətləri ilə bir
sırada durur və yüksək səviyyəli tədbirləri həyata keçirir.
Azərbaycan bu cür dünya səviyyəli tədbirlərin ən yüksək
standartını ortaya qoyursa, o zaman anti-müsəlman siyasəti, ovqatı,
hansı ki, bu gün Avropada, Qərbdə hökm sürür bütün bunlar heç də
bəzi qüvvələri razı salmır. Məhz erməni lobbisi də bunun arxasında
dayanır və istəmir ki, bu gün Azərbaycan sivil dünyaya olduğu kimi
təqdim olunsun. Çünki, onlar illərlə Azərbaycan haqqında özlərinin
düşündüyü mənfi rəyi formalaşdırmağa çalışmışlar və bu gün də bu
anti-Azərbaycan siyasəti davam edir. Erməni lobbisinin təsiri
altında olan bəzi Avropa və Qərbin hüquq müdafiə, mətbuatla, insan
hüquqları vətəndaş cəmiyyətləri ilə bağlı təşkilatlar da erməni
lobbisinin təsiri altında anti-Azərbaycan fəaliyyətinə qoşulurlar.
Bunların sırasında bəzi hökümətlərarası təşkilatlar və qurumlar
"fəallıq" göstərirlər.
Bu səbəbdən, dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi,
"Azərbaycan xalqını bu ədalətsizlik, ikili standartlar siyasəti,
riyakarlıq və siyasi mədəniyyətsizlik üzür. Ancaq bu, bizim
iradəmizə heç vaxt təsir edə bilməz. Dünyanın bütün yerlərində biz
bunu görürük, kim güclüdür o da haqlıdır. Ona gə də güclü olmaq
lazımdır. Biz də bunu çoxdan başlamışıq: güclü ordu, güclü
iqtisadiyyat, vətəndaş həmrəyliyi və əlbəttə ki, düşünülmüş siyasət
və sosial ədalət".