Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan
97 il keçir.
Məhz 95 il bundan öncə şimaldan XI Qızıl Ordu Azərbaycan
ərazisinə daxil oldu. Bunun üçün əsas zəmini o zaman paytaxt
Bakıdakı siyasi destabilizasiya hazırladı. Fətəli xan Xoyskiyə
qarşı çıxış edən və sərt Rusiya xəttinin tərəfdarı olan o zamankı
Daxili İşlər naziri Məhəmməd Hacınski ruslarla əlaqəyə daha çox
üstünlük verilməsini tələb edirdi. Lakin tezliklə Hacınski
təhlükəsi sovuşdurulsa da, o, yenidən Ticarət naziri formasında öz
vəzifəsinə qayıtdı. Qısa müddət ərzində Dağlıq Qarabağ ərazisində
daşnakların qiyamı Bakıda Rusiya meyilli qüvvələrin daha da
fəallaşmasına səbəb oldu. Bunun ardınca isə Nəsib bəy Yusifbəyov
hökuməti istefaya getmək məcburiyyətində qaldı. Yeni hökumətin
formalaşdırılması işi Məhəmməd Hacınskiyə tapşırıldı. O,
bolşevikləri yeni hökumətdə görmək istədiklərini söyləsə də,
ikincilər bundan imtina edirlər.
Daşnak qiyamı sovet ordusunun Azərbaycanın şimalında
möhkəmlənməsinə şərait yaratmışdı. Moskva bu qiyamı təşkil
etdirməklə Azərbaycan Xalq Cümhuriyyətini çarəsiz vəziyyətdə
qoymuşdu. Onsuz da tam formalaşmayan ordu iki hissəyə parçalanmaq
məcburiyyətində qalmışdı. Bakı həmin vaxt ordunun əsas hissəsini
Qarabağ və Gəncəbasarda ayağa qalxan ermənilərin üzərinə
göndərmişdi. Bundan əlavə, ölkə daxilindəki bolşeviklər də
hökumətin üzərinə hücuma keçir, onları Qarabağdakı milli münaqişəni
həll etməməkdə günahlandırırdılar. Əslində, məhz bu, bolşeviklərin
Moskvaya müraciət edərək, onlardan yardım istəməsinə səbəb olurdu.
Maraqlı faktlardan biri 1920-ci il aprelin 1-də Əliheydər Qarayevin
parlamentdə çıxış idi. O deyirdi: "Qırmızı ordu artıq "Yalama"
stansiyasında dayanıb və mən sizə təklif edirəm ki, onu köməyə
çağırıb hakimiyyəti bolşeviklərə təhvil verəsiniz. Çünki bolşevik
hakimiyyəti milli məsələni həll etməyə qadir olan yeganə
hakimiyyət, XI Qırmızı Ordu isə milli qırğına son qoyacaq yeganə
ordudur".
Dərbənd yaxınlığında toplaşan sovet ordusundan AXC hakimiyyəti
məlumatlı idi. Bakının Moskvaya nota göndərməsinə baxmayaraq,
Rusiya buna məhəl qoymadı. Tezliklə rus ordusu Azərbaycana daxil
oldu və Bakıya tərəf istiqamətləndi. Ruslar bura gəlməzdən əvvəl
Mikoyanın rəhbərliyi altında bolşeviklərin qiyamı olmalı idi. Bunda
məqsəd dünya ictimaiyyətində Azərbaycan hökumətinin xarici hərbi
müdaxilənin deyil, daxili qiyamın qurbanı olması fikrini yaratmaq
idi.
Tezliklə parlament hakimiyyətin bolşeviklərə verilməsi haqqında
qərar çıxardı. Lakin bu təhvil üçün Moskva qarşısında bir neçə şərt
qoyuldu. Bunlar belə idi:
1) Rus ordusu Bakıya daxil olmadan dəmiryolu ilə birbaşa
Anadolunun köməyinə gedəcək;
2) Azərbaycanın istiqlalı və ərazi bütövlüyü hər cür təcavüz və
ilhaqdan qorunacaq;
3) Azərbaycan ordusu olduğu kimi saxlanılacaq;
4) Azərbaycan siyasi partiyaları üçün fəaliyyət sərbəstliyi
təmin olunacaq;
5) keçmiş dövlət xadimləri, hökumət üzvləri və millət vəkilləri
təqib olunmayacaq, dövlət idarələri qulluqçularının iş yerləri
saxlanılacaq, yalnız rəhbər vəzifəli şəxslər dəyişdiriləcək;
6) azad şəraitdə toplanacaq Azərbaycan şuraları hakimiyyətin
idarə şəklini təyin edəcək.
Bununla AXC-nın fəaliyyətinə son qoyuldu. Parlamentin irəli
sürdüyü şərtlərin heç biri yerinə yetirilmədi. Qısa müddət ərzində
AXC-nin əsas liderlərinə qarşı təqiblər başlandı. Bundan əlavə,
Azərbaycan hərbçilərinin əksər hissəsi həbs edildi və qısa zaman
içərisində güllələndi.
Sovet ordusunun vurduğu ən ağır zərbə isə 113,9 min kvadrat
kilometr əraziyə sahib olan Azərbaycan Xalq Cümhuriyyətinin
ərazisini parçalaması idi. AXC dövründə bunların 97,3 min kv.
kilometri mübahisəsiz, 16,6 min kv. kilometri mübahisəli ərazi idi.
Lakin Moskva bunların da heç birinə məhəl qoymadı. Qısa müddət
ərzində Azərbaycan ərazisi 86,6 min kv. kilometr təşkil etdi. 27,2
min kv. kilometr ərazi isə ölkədən parçalanaraq Ermənistana verildi
və müasir Ermənistanın formalaşmasına yardım edildi. Bundan əlavə
isə məhz sovetlərin işğalından sonrakı müddətdə Qarabağda ermənilər
üçün xüsusi muxtariyyət təşkil edildi ki, bu da sonralar Bakı üçün
ən ağrılı məsələyə çevriləcəkdi.
AXC-nin süqutundan sonra Bakıdan gedən azərbaycanlı liderlərin
fəaliyyəti də uğurlu olmadı. Ermənilər ölkə xaricində də onları
izləməyə başlamışdı. Daşnakların türk liderlərə qarşı hazırladığı
"Nemezis" planı bu şəxslərə də şamil olundu. Qısa müddət ərzində
Fətəli xan Xoyski, Behbud bəy Cavanşir və digərləri erməni
terrorunun qurbanı oldular.
AXC yaşadığı müddət ərzində dünya və Qafqaz tarixinin mühüm
parçasına çevrilməyi bacardı. Daima müharibələrlə zəngin olan bu
diyarda 100 illik əsarətdən sonra nəhayət müstəqil dövlət
qurulmuşdu. Məhz bu ölkə qadınlara ilk seçki hüququnu verməyə nail
olmuşdu. Doğrudur, AXC çox yaşaya bilmədi, amma onun fəaliyyəti
gələcək Azərbaycan Respublikasının yaranması üçün əsas zəmin
oldu.