"Dövlətlərin xarici
siyasətinin uzun bir tarixi keçmişi olur və bu, heç vaxt dəyişmir.
Fransa, Rusiya kimi ciddi ölkələrin də regiona qarşı siyasəti
təəssüf ki, hansısa dövlətin tədbirinə görə dəyişmir".
Bu barədə Axar.az-a açıqlamasında politoloq Fərhad Mehdiyev
bildirib. Türkiyə-Rusiya arasında hazırda gərginləşən siyasi durumu
və bu fonda iki ölkə arasındakı layihələrin gələcək taleyinə
toxunan politoloq bildirib ki, Ankara bu yolda fikrindən daşınan
deyil:
"Rusiyanın Ermənistana qarşı siyasəti ta əvvəldən necə idisə,
bundan sonra da o cür davam edəcək. Onun izolyasiya müddətində
Türkiyə tərəfindən dəstəklənməsi bu siyasəti dəyişdirmək üçün
kifayət deyil, heç vaxt da olmayacaq. Hazırda Fransanın, Rusiyanın
bu cür davranmasını əslində normal hesab etmək olar. Erməniləri
Cənubi Qafqazda hər zaman silahlandıran Rusiya olub. Bu siyasət yüz
illərdir ki, davam edir və bundan sonra da davam edəcək. Bunun
qarşısını almaq mümkün deyil. Çünki milli maraqlar dəyişmir. Eyni
zamanda o milli maraqlar da məhz bunu tələb edir. Rusiya özünə
qarşı ciddi rəqib gördüyü dövlətlərə qarşı Ermənistanı istifadə
edir. Ona görə atdığı addımları da yavaş-yavaş həyata keçirir. İndi
elə bir məqam yetişib ki, Rusiya-Türkiyə arasında münasibətlər
olduqca gərginləşib. Bu, gözlənilən idi. Ancaq maraqlı məqam ondan
ibarətdir ki, Türkiyə Rusiya ilə münasibətlərdə apardığı
layihələrdən imtina edəcəkmi? Türkiyə nə AES-lərin tikilməsindən,
nə də "Cənub axını"nından imtina edəcək".
F.Mehdiyevin sözlərinə görə, əgər türklərlə ruslar arasında
silah alış-verişi söhbəti olsaydı, onda məsələyə tamam başqa
aspektdən baxmaq olardı:
"Biz bilirik ki, Türkiyə Hava Hücumuna Qarşı Müdafiə üzrə
tenderi Çin şirkəti ilə bağlayıb. Qeyd edim ki, Rusiyanı adı bu
siyahıda var idi. Baxın, əgər tenderi Rusiya udmuş olsaydı, heç
soyqırım məsələsi də bu tenderin nəticələrini dəyişdirməzdi.
Əslində, Rusiyanın Türkiyə əleyhinə olması o vaxt məna kəsb edərdi
ki, türk iş adamlarının Rusiyada iş aparmasının qarşısı alınar və
buna əngəl törədilərdi. Bax onda demək olardı ki, vəziyyəti Rusiya
pisləşdirir. Ancaq indi situasiya tamam başqadır. Rusiyanın
soyqırım siyasəti bu ölkənin xarici siyasətində dəyişilməyən bir
məsələdir və bu belə də qalacaq".