Axar.az
Yuxarı

Rus sülhməramlıları “işğalçı ordudur” deyənlər… - Cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə verdiyi müsahibəni təqdim edir:

- Qüdrət bəy, sosial şəbəkələrdə bir qrup soydaşımız Qarabağa yerləşdirilən rus sülhməramlılarını “işğalçı ordu” adlandırır, onların qələbəmizi oğurladıqlarını bəyan edir, Rusiyanın Dağlıq Qarabağda yaşayan sakinlərə rus pasportu paylayıb, sonra həmin ərazini Krım kimi özlərinə birləşdirə biləcəyini, yaxud Rusiyanın həmin ərazidə heç vaxt Azərbaycanın suveren hüquqlarının bərpa olunmasına imkan verməyəcəyini və Qarabağı tərk etməyəcəyini söyləyirlər. Bəziləri Rusiya Silahlı Qüvvələrinin sülhməramlı qismində Azərbaycana buraxılmasına icazə verilməsini Konstitusiyamızın, qanunlarımızın pozulması hesab edir...

- Öncə onu qeyd edim ki, 2010-cu ildə qəbul olunmuş “Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında Azərbaycan Respublikası Qanununun 4.4 -cü maddəsinə əsasən” Azərbaycan öz ərazisində sülhməramlı əməliyyatlar aparmaq üçün digər dövlətlərə və beynəlxalq təşkilatlara müraciət edə bilər. O cümlədən yenə həmin ildə Milli Məclisin qərarı ilə təsdiq olunmuş “Hərbi Doktirina”nın 4-cü bölməsinin 29-cu bəndində qeyd olunur ki, “Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol vermir. Bununla belə, hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə Azərbaycan öz ərazisində xarici bazaların yerləşdirilməsinə, yaxud digər formada xarici hərbi iştirakın yer almasına müvəqqəti icazə vermək hüququnu özündə saxlayır”.

Beləliklə, Rusiya sülhməramlıları hərbi-siyasi şəraitin əsaslı dəyişməsi nəticəsində bizim dəvətlə və müvəqqəti Azərbaycana gəldikləri üçün onların qanunsuz gəlişi barədə deyilənlər həqiqətə uyğun deyil. Qələbəmiz isə möhtəşəmdir və onu heç kim oğurlamayıb. Sadəcə, dünyanın acı reallıqlarını nəzərə alıb maksimalist olmaq lazım deyil. Siyasət mümkün olanı əldə etmək bacarığıdır. Əminliklə deyirəm ki, biz bu mərhələdə mümkün olandan çoxuna nail olmuşuq. Həm də unutmayaq ki, Rusiya ilə yanaşı Türkiyənin də ölkəmizdə hərbi iştirakı var. Onu da diqqətdən qaçırmamalıyıq ki, Rusiya həm də hərbi-siyasi müttəfiqi olan Ermənistanın da könlünü alıb onunla da əməkdaşlığını davam etdirmək, həm də inanmaq istəyirəm ki, bizimlə barışdırmaq istəyir. Onun gələcək planları barədə indidən birmənalı mənfi proqnoz verib, fəaliyyətə keçmək düzgün deyil. Kimsəni evinə dəvət edib ona düşmən demək isə ümumiyyətlə, normal məntiqə sığmır və milli maraqlara cavab vermir. Niyə kimsə fikirləşmir ki, bəlkə Rusiya rəsmilərinin etdikləri və dedikləri 30 il ərzində vasitəçi olub işğala və bir milyon qaçqının məşəqqətli həyatına son qoymaq üçün heç nə etməmiş və işğalçını bu gün də açıqdan-açığa müdafiə edən dövlətlərdən bizi qorumaq üçündür. Rusiya bizi düşmən gözündə görsəydi, münaqişəyə ilk gündən qatılardı. Yaxud yalnız Paşinyanı cəzalandırmağı düşünsəydi, bir-iki rayonun azad olunması da yetərli olardı. Bir Lələtəpə Sərkisyanın siyasi karyerasına son qoydu. Kimsə, ən azından baş verənlərdən sonra, cəsarət edib Rusiyanın kimdənsə çəkindiyini, yaxud beynəlxalq hüquq imkan vermədiyinə görə ilk gündən münaqişəyə qatılmadığını söyləməsin. Kimsə də sadəlövhcəsinə düşünməsin ki, İlham Əliyev kimi təcrübəli dövlət adamı lazım olan dövlətlərlə ciddi danışıqlar aparmadan erməni işğalçılarına qarşı əks-hücum əmri verib. Əgər Rusiya proseslərin gedişində bigə Bəyanat üzrə razılaşmanı və öhdəliklərini pozub, Qarabağdakı ermənilərə öz pasportlarını paylayacaqsa, yaxud bizim milli mənafelərə toxunan başqa addımlar atcaqsa, buna o zaman adekvat münasibət bildirməliyik. Hazırda Rusiyanın iştirakı ilə itkisiz, həm də mümkün sanksiyalarsız torpaqlarımız işğaldan azad olunur və buna görə ona minnətdar olmalıyıq. Kimsə öz düşüncələrinə, proqnozlarına görə başqasını ittiham etməməlidir. Bu, nonsesdir.

Xarici hərbi iştirakın Azərbaycanın suveren hüquqlarını məhdudlaşdıracağı barədə deyilənlər də doğru deyil. Qardaş Türkiyədə ABŞ-ın hərbi bazası var və düşünmürəm ki, o, Türkiyənin suveren hüquqlarını məhdudlaşdırır, əksinə onun təhlükəsizliyinin əlavə təminatıdır.

Rusiya sülhməramlılarının heç vaxt Azərbaycanı tərk etməyəcəyi barədə müzakirə açılmasını da indiki halda zərərli sayıram. Rusiya deyirsə ki, Azərbaycan öz ərazisində qanuni əsaslarla hərbi əməliyyatlar keçirirdi, deməli, onun həmin ərazidə suveren hüquqları da zamanla bərpa olunmalıdır. Qarabağın Azərbaycandan qoparılmasına yönələn istənilən cəhd həmin ölkənin bizimlə münasibətlərinə dərhal son qoyacaqdır. Rusiyanın milli və həyati maraqları isə tələb edir ki, Azərbaycanla və onun təbii müttəfiqi Türkiyə ilə yaxın qonşuluq və dostluq siyasəti yürütsün. Azərbaycan bu iki böyük dövlət arasında əməkdaşlıq üçün mərkəz ola bilər. Biz hər iki dövlətlə münasibətləri daha yüksək səviyyəyə qaldırmalıyıq. Nəzərə almalıyıq ki, Rusiya bizim tarixi əlaqələrimizin olduğu böyük qonşumuz, kənd təsərrüfatı məhsullarımız üçün böyük bazardır. Orda 33 milyon müsəlman, iki milyona qədər azərbaycanlı, 16 milyon türk yaşayır. Azərbaycanlılar orada işləyib hər il Azərbaycana, ailələrinə milyard dollardan artıq pul göndərirlər. Xarici dövlətlərin təsiri altına düşmüş soydaşlarımız, yaxud onların təbliğatı nəticəsində vicdanlı olaraq narahatlıq keçirən vətəndaşlarımız nəzərə almalıdırlar ki, azərbaycanlılar Rusiyanı dost ölkə kimi görmək istəyir. Yoxsa kim işləmək üçün düşmən dövlətə üz tutar ki ?Antirus bəyanatlarla çıxış edənlər nəhayət, anlamalıdırlar ki, onların çıxışları milli maraqlara cavab vermir, həm də Rusiyadakı soydaşlarımıza problemlər yarada bilər.

- Qüdrət bəy, həm də belə bir iddia irəli sürülür ki, əgər bizə 7 rayonu danışıqlar yolu ilə verirdilərsə, bu qədər qan tökməyə dəyərdimi?

- Kapitulyasiya aktına imza atan Paşiyan söylədi ki, Ermənistan səhv olaraq daim belə bir siyasət aparıb ki, danışıqlar əbədi olaraq davam etdirilsin və bir qarış torpaq belə Azərbaycana verilməsin. Bundan sonra 7 rayonun bizə danışıqlar yolu ilə qaytarıldığını demək üçün ya adam siyasətdən tam uzaq, ya da son dərəcə qərəzli olmalısan. Biz 7 rayonu və Şuşanı, Suqovuşanı, Hadrutu əsgərlərimizin qanı, şəhidlərimizin həyatı hesabına geri qaytarmışıq. Allah onlara rəhmət eləsin.

Tarix
2020.11.20 / 11:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağa qayıdan ermənilərin sayı artır – Son rəqəm

Müharibə necə dayandı? – Paşinyan gizli danışıqları açdı

Rusiyanın “ermənisiz Ermənistan” planı nə idi?

Ermənilər rus səfirliyinin qarşısında aksiya keçirdi

Biz qoyun sürüsüyük, düşünə bilmirik - Asratyan

Rusiya hərbi həkimlərini Xankəndiyə göndərdi

Ermənistanın bundan danışmağa haqqı yoxdur - Hacıyev

13 yaşlı xanəndə Hikmət Hacıyevi ağlatdı - Video

Laçın koridoru haqda: Şuşaya giriş niyə qadağandır?

“Qarabağ” sürgündə olan yeganə futbol klubu idi - Hacıyev

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla