Türkiyəni sarsıdan 17 dekabr korrupsiya və rüşvət
əməliyyatında həbs edilən iş adamı Rza Zərrabın Dubaydakı
ticarətinin ortaqlarından biri bir sıra açıqlamalar vermək
istədiyini deyib. Adının çəkilməsini istəməyən iş adamı ilə telefon
söhbətini təqdim edirik.
- Mən uzun illərdir Zərrab ailəsini tanıyıram. Onlarla bərabər
Dubayda qızıl, brilyant və almaz ticarəti ilə bağlı ortaq
layihələrimiz olub. Rza çox bacarıqlı bir şəxsdir, qanunlara
sayğısını bərabər çalışdığımız zaman şəxsən müşahidə etmişəm. Onun
şirkətlər qrupu qaranlıq qaydalarla deyil, hüququn tələb etdiyi
prinsiplərlə işləyib. Bu gün onun adının qanunsuz dəstə yaradaraq
rüşvət verib hansısa çirkli pulların yuyulması ilə məşğul olan şəxs
kimi təqdim edilməsi boş iddialardan başqa bir şey deyil. Mən heç
şübhə etmirəm ki, bu, Türkiyəyə qarşı qurulan bir hiylədir. Ona da
şübhə etmirəm ki, istintaq ədalətli aparılsa Rza Zərrabın bu gün
qapa pullar kimi təqdim edilən maliyyəsinin sənədlərində heç bir
qanundan kənar məqam olmadığı ortaya çıxacaq. Məni ən çox narahat
edənsə Rza Zərrabın adının olduqca mənfi imici olan müğənni, model
səviyyəsində müzakirələrə çıxarılmasıdır. Söhbət Günel Zeynalova və
Günay Musayevadan gedir. Bu şəxslər hər zaman Rza Zərrabdan
yararlanmağa çalışıblar.
- Ancaq Rza Zərrabın həyat yoldaşı da müğənnidir...
- Ebru Gündəş onun həyat yoldaşıdır. Mən bu ailəni yaxından
tanıyıram.
- Türkiyə qaynaqları Rza Zərrabın 1984-cü ildə Bakıda
doğulduğunu qeyd edir. Türkiyənin ünlü media quruluşları iddia edir
ki, onun sənədində belə göstərilib. Ancaq onun Təbrizdə doğulduğu
faktdır. Siz onun pasportunu görmüsünüzmü? Orada doğrudanmı Təbriz
yox, Bakı yazılıb?
- Pasportunu görməmişəm. Ancaq Rza Təbrizdə doğulub. Bunu hər
kəs bilir.
- Ancaq Türkiyə pasportunda doğum yeri kimi Bakı göstərilir. Ona
qarşı irəli sürülən ittihamlardan biri də saxta sənədlər əldə etmək
üçün Türkiyənin rəsmi şəxslərinə rüşvət verməsidir.
- Bunların hamısının böhtan olduğuna inanıram. Rza Zərrab çox
vətənpərvər bir insandır. O, illərdir xeyriyyəçiliklə məşğul olur.
Bilirsiniz nə qədər insana əl tutub, ev alıb?
- 29 yaşlı bir insanın "nə qədər" insana ev alması, miqyaslı
xeyriyyəçiliklə məşğul olması suallar yaradır...
- Rza çox bacarıqlı iş adamıdır. Qızıl, brilyant işində bəlkə də
onun qədər usta tacir yoxdur. 5 il öncənin trendləri ilə bağlı son
dərəcə dəqiq proqnozlar verə bilir. Bu bacarığına görə də dünyanın
bir neçə ölkəsində böyük biznes qura bilib.
- Azərbaycanda da biznes qurmaq fikri var idi?
- Bəli. Yaxın iki ildə Azərbaycana güclü investisiya yatırmağı
planlaşdırırdı.
- Konkret hansı sahəyə?
- Turizmə. Xəzər sahillərində otellər inşa etdirmək
fikrindəydi.
- Bunun üçün Azərbaycan rəsmi şəxsləri ilə danışıqlar
aparımışdımı, ilkin razılaşma var idimi?
- Yox. Onun Azərbaycanın məmur korpusundan heç kimlə ilişkisi
olmayıb.
- Ancaq onunla rəhbərlik etdiyi iddia olunan cinayət işində
Azərbaycan gömrük məntəqəsinin rəisi həbs edilib...
- O pullar Afrikanın da hansısa ölkəsinin gömrüyündən keçsəydi
həmin məntəqənin rəisini şübhəli şəxs kimi istintaqa cəlb
edəcəkdilər. Bir daha bildirirəm ki, bütün bunlar boş iddialardır,
ABŞ-ın "nurçuların" əli ilə həyata keçirdiyi əməliyyatdır. İnşallah
doğru yerini tapar.
- Rza Zərrabın xəstə olması ilə bağlı xəbərlər nə qədər
doğrudur?
- Rza xəstədir. Özü də bu yaxın ayların məsələsi deyil. Onun
anadangəlmə böyrək və qara ciyər problemi var. Böyrəyində şiş
olduğunu mənə demişdi. Yaxın günlərdə kimyaterapiyaya
hazırlaşırdı.
- Siz onunla son dəfə nə zaman görüşmüsüz?
- Avqustda Türkiyədə görüşdük. Ancaq davamlı əlaqə saxlayırdıq.
Mənə xəstəliyindən də danışdı, dedi ki, davamlı müalicə alsa da
böyrəyinin üstündəki şiş ərimir. İndi də yəqin ki yaşadığı stresə
görə xəstəliyi daha da şiddətlənib. Allahdan ona şəfa
diləyirəm.
- Siz görüşərkən işləri ilə bağlı hər hansı problem yaşadığından
söhbət açmışdımı?
- Açıq bir söz demədi. Bircə onu vurğuladı ki, burada mənə mane
olmaq istəyənlər var. Ancaq konkretləşdirmədi deyə, mən də heç bir
şey soruşmadım. Bir daha deyirəm ki, Rzanın əməlində heç bir
cinayət tərkibinin olmadığına inanıram. O, sadəcə ABŞ-ın İranla
münasibətlərinə görə Türkiyəyə etdiyi basqının qurbanıdır
(Musavat).