Gəncə Dövlət Universiteti (GDU) ətrafında yaranmış
qeyri-müəyyən vəziyyətə və söz-söhbətlərə son qoyuldu. Gəncə Dövlət
Universitetinin rektoru Yadigar Əliyev işdən çıxarılıb. Bu barədə
Təhsil Nazirliyi rəsmi məlumat yayıb. "Dekabrın 23-də Azərbaycan
Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Gəncə Dövlət
Universitetinin (GDU) rektoru Yadigar Əliyev tutduğu vəzifədən azad
olunub.
Müvafiq qaydalara uyğun olaraq, universitetin rektoru
vəzifəsinin icrası müvəqqəti olaraq GDU-nun tədris işləri üzrə
prorektoru Yusif Yusibova həvalə edilib." Gəncədə olan
əməkdaşlarımız GDU-da nələr baş verdiyinə dair rəhbərliyin özündən
açıqlama ala bilib.
GDU-nun kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar
Alverdiyev açıqlama verərək qeyd edib ki, rektorun əlindən kimsə
universitetin möhürünü ala bilməz. Onun sözlərinə görə, yazılanlar
şayiədir: " Rektordan möhürünü kim ala bilər? Tamamilə yalandır.
Mətbuat yazır ki, guya prorektor möhürü onun əlindən alıb. Qəti
surətdə deyirəm ki, belə bir iş olmayıb. Dekabrın 14-də Yadigar
Əliyev işə çıxıb. Ona qədər isə bir ay öz hesabına məzuniyyətdə
olub. Qayıdıb gələndən sonra ayın 18-də istefa ərizəsini yazıb.
Bildiyimə görə, cənab nazir də ərizəsini qəbul edib. Ərizədə
göstərib ki, istefası səhhəti ilə əlaqədardır".
İ.Alverdiyev bildirdi ki, hazırda prorektor Y.Yusifov rektor
vəzifəsini icra edir. Dekan rektorun fəaliyyətində qüsurlara yol
verdiyini açıqlayıb. Bildirib ki, rektor 8 aylıq fəaliyyəti
dövründə çoxlu səhvlərə yol verib, müəllim-professor heyəti ilə iş
münasibətləri qura bilməyib: "Rektor idarəçilikdə qüsurlara yol
verirdi. 5 min nəfərlik kollektivin dərdi-səriynən maraqlanmırdı.
Maddi-texniki bazanın yaxşılaşdırılmasına ayrılan vəsaiti
xərcləməyib saxlayırdı. Bu da haqlı narazılığa səbəb olurdu.
Cənab nazir bir dəfə ona şiddətli töhmət vermişdi. Ancaq
şiddətli töhmət də təsir etmədi, Yadigar Əliyev dönüş yaratmaq
istəmədi. Sonda da öz ərizəsini yazıb, çıxıb getdi. Kollektivlə
vidalaşmadı, xəbərdarlıq etmədən getdi. Əgər vəzifəsini idarə edə
bilsəydi, cənab nazir ərizəsinə əsasən əmrini verməzdi".
Qeyd edək ki, bir neçə gün öncə redaksiyamıza universitetdən
daxil olan məktubda iddia olunurdu ki, prorektor Yusif Yusifov
təhsil müəssisəsinin möhürünü əlinə keçirib və onu rektora təhvil
vermir.
Məktubda qeyd olunurdu ki, illərdir bu elm ocağında təhsil alan
tələbələrin arzusunda olduğu şəffaflıq, rüşvətsiz, korrupsiyasız
təhsil sistemi yaranan bir vaxtda müəyyən qruplaşma hərəkətə
keçib.
Rektor Yadigar Əliyev təhsil ocağında illərdir hökm sürən
problemlərin həllinə çalışdığı və buna müəyyən qədər də nail
olduğu, zamanın tələbi olan mütərəqqi metodları tətbiq etməyə,
islahatlara başladığı bir vaxtda maddi maraqlarını, mənfəətlərini
güdən qruplaşma bu prosesi süngü ilə qarşılayıb (müsavat).