"Son yanğın hadisəsinin təxribat ola biləcəyi haqqında
versiyalar elə həmin andan dövriyyəyə çıxıb".
Bu barədə Axar.az-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik
və müdafiə komitəsinin üzvü Zahid Oruc açıqlama verib. Millət
vəkili bildirib ki, hüquq mühafizə orqanları və təhlükəsizlik
qüvvələri tərəfindən son yanğın hadisəsinin təxribat ola biləcəyinə
dair açıq mövqe sərgilənməyib:
"Bunun ümumi müşahidələrə dayanması və gerçək ehtimallardan da
bir az irəli olan məlumatların mövcud olması haqqında dəqiq fikir
söyləmək çox çətindir. Digər tərəfdən, hüquq mühafizə orqanları və
təhlükəsizlik qüvvələrinin də buna işarə edən açıq mövqeləri hələ
ki, yayımlanmayıb. Belə olan təqdirdə biz bunu terror saymaqla
həqiqətənmi cəmiyyətdə təhlükəsizliyi gücləndirmiş oluruq? Xeyr.
Çünki Azərbaycan əleyhdarlarının ən mühüm hədəflərindən biri ölkədə
sabitliyin, sülhün, ictimai təhlükəsizliyin olmadığını qabartmaq
niyyətidir. Yəni Azərbaycada terror törətməyə qadir qüvvə varsa,
bu, təbii ki, bir dövlətin ziyanına işləyir və xarici əlaqələrə,
investisiya mühitinə, iqtisadi münasibətlərə də bu və ya digər
formada mənfi təsir göstərmiş olur. Ona görə də hesab edirəm ki,
məsələ ilə bağlı dəqiq axtarışları, əməliyyat məlumatlarını sona
qədər gözləmək lazımdır. Hazırda ölkədə elə bir reallıq formalaşıb
ki, istənilən müsbət və mənfi hadisəni qarşıdakı məlum böyük
beynəlxalq tədbirlər kontekstində nəzərdən keçirirlər. Məhz buna
görə də Azərbaycana qarşı beynəlxalq siyasi basqıları və
reaksiyaları, həm də "müxtəlif kəşfiyyat qüvvələrinin və
təxribatçıların əli ilə bu ölkənin içərisinə yeritmək" kimi bir
davamı ola bilər tipli düşüncələr də mövcuddur. Məhz burdan irəli
gələrək məsələ ətrafında hər hansı bir üçüncü əl və xarici qüvvə
ehtimalları da bu şəkildə dövriyyədə qalmaqdadır. Ona görə, mən
parlament üzvü kimi istəmirəm ki, belə məsələləri avtomatik terror
sayaraq onun üzərindən çıxış edək. Bir daha ona qayıdıram ki, bunun
özü də qəhrəmanlıq deyil, bu, birbaşa bu ölkə ilə əlaqələrə mənfi
təsir göstərmiş olur. Hüquq mühafizə orqanları hətta qeyd olunan
amillər varsa belə, onu elə aşkarlamalı və müəyyənləşdirməlidirlər
ki, əhali dinc yaşamaqda davam etsin, ölkədəki işçi atmosferi,
ticarət mühiti, vətəndaşın normal həyatı öz axarında
irəliləsin".
Qeyd edək ki, Baş prokuror Zakir Qaralov Prezident İlham
Əliyevin rəhbərliyi ilə keçirilən Binəqədi rayonundakı yanğınla
əlaqədar yaradılmış Dövlət Komissiyasının iclasında Milli
Təhlükəsizlik Nazirliyi ilə birlikdə binanın qəsdən, kiminsə
tərəfindən yandırılması fərziyyələrinin də araşdırıldığını
bildirib.