"Mən əminəm ki, Birinci
Avropa Oyunları zamanı insanların təhlükəsizliyi ən yüksək
səviyyədə təmin ediləcək".
Trend-in məlumatına görə, bu barədə fövqəladə hallar naziri
Kəmaləddin Heydərov Böyük Britaniyanın "The Business Year"
jurnalına müsahibəsində Birinci Avropa Oyunlarına hazırlıq
mərhələsində Nazirliyin rolundan danışarkən deyib.
K.Heydərov qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin ən mühüm
vəzifəsi Oyunlar zamanı bütün idmançıların və qonaqların
təhlükəsizliyinin təmin etməsidir və bu istiqamətdə ciddi tədbirlər
görülür.
Nazirin sözlərinə görə, bütün obyektlərin tikintisi zamanı
yanğın və tikinti təhlükəsizliyinə ciddi diqqət yetirilir, bütün
obyektlərə ciddi nəzarət edilir, onlar sınaqdan keçirilir və hər
hansı nöqsanlar olduğu halda aradan qaldırılması üçün təcili
tədbirlər görülür.
K.Heydərov əlavə edib ki, Nazirliyin müvafiq departamentləri
fövqəladə hallarda evakuasiya planları hazırlayır və bu planların
tətbiqi ilə bağlı müxtəlif təlimlər keçirir.
Nazir əlavə edib ki, fövqəladə vəziyyətə dərhal reaksiya vermək
məqsədilə fövqəladə xilasetmə resurslarının planlaşdırılmasına
xüsusi diqqət yetirilir:
"Həmçinin biz Nazirliyin bütün resurslarını və imkanlarını bir
nöqtədən idarə etmək üçün komanda mərkəzi yaratmağı nəzərdə
tuturuq. Eyni zamanda, Bakı 2015 Təşkilat Komitəsi ilə sıx
əməkdaşlıq yaratmaq məqsədilə Nazirliyin müxtəlif departamentlərin
nümayəndələrindən ibarət işçi qrupu yaradılıb və daimi
əlaqələndirici təyin edilib".