Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı və İslam
Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı nümayəndəsi Arif
Məmmədovun sosial şəbəkədə Azərbaycan dövlətini və xalqını
aşağılayan fikirləri ictimaiyyət tərəfindən birmənalı
qarşılanmayıb.
Publika.az xəbər verir ki, məsələyə münasibət bildirən Bütöv
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət
Həsənquliyev bildirib ki, Arif Məmmədovla ilk tanışlığı NATO-nun
Brüsseldə keçirilən tədbirində olub. Onun sözlərinə görə, həmin
vaxt Azərbaycanın NATO-dakı səfiri Kamil Xasıyev idi:
"Bizi səfirliyə çay süfrəsinə dəvət etdilər. Orada Arif Məmmədov
qeyd etdi ki, vaxtilə Kamil Xasıyevlə birgə Moskvada həbəş dili
üzrə təhsil alıblar. O, hər ikisinin burada səfir olmasını qeyd
etdi və bunun əhəmiyyətli bir hadisə olduğunu diqqətə çatdırdı. Ona
xeyli vaxt səbirlə qulaq asdıqdan sonra dedi ki, müəyyən
tədbirlərdə öz aralarında həbəş dilində danışırlar və onları heç
kim başa düşmür. Həmin an gördüm ki, Arif Məmmədov da psixoloji
problem var. Ona sual etdim ki, Azərbaycan dilində danışsanız, sizi
kimsə başa düşəcək? Yaxud, sakitcə ingiliscə danışın, kimsə gəlib
ağzınıza qulağını dayamayacaq ki. Amma buna baxmayaraq, o, yenidən
hər ikisinin burada səfir olmasının dövlət üçün əhəmiyyətli olduğun
danışırdı. Mənə elə gəlir ki, o insanda psixoloji problemlər var.
Xalqı təmsil edən bir diplomatın, başqa fikirlərini bir kənara
qoyuram, "mən gəlirəm, Azərbaycanda yaşaya bilmirəm, nəfəs ala
bilmirəm" və sair bu cür aşağılayıcı fikirlər səsləndirməsi onun
həqiqətəndə psixoloji problemlərinin olmasının göstəricisidir".
"Milli Məclis kimi bir orqanı xarici işlər nazirliyi
saymır"
Q.Həsənquliyev dəfələrlə xarici işlər nazirini tənqid etdiyini
diqqətə çatdırıb: "Qeyd etmişəm ki, o, yerində olmayan adamdır və
nazirliyin işini qura, əməkdaşlarına nəzarət edə bilmir. Təəssüflər
olsun ki, çoxları mənim bu fikirlərimi qəbul eləmək istəmir. Başqa
bir misal çəkim. Bu yaxınlarda parlamentari kimi Londona səfərim
olacaqdı. Bununla bağlı Milli Məclisin beynəlxalq şöbəsindən xarici
işlər nazirliyinə rəsmi məktub göndərilmişdi ki, Qüdrət
Həsənquliyev Londondakı səfirliyin əməkdaşları tərəfindən
qarşılansın, müvafiq mehmanxanaya qədər müşayiət olunsun. Amma heç
kim məni qarşılamadı. Sonradan səfirlə əlaqə saxladım, o heç bir
məktubun göndərilmədiyini dedi. Milli Məclis kimi bir orqanı xarici
işlər nazirliyi saymır.
Hətta bu barədə Romaya səfərimiz zamanı da söyləmişdim.
Bildiyiniz kimi, Milli Məclis və İtaliya parlamenti ilə birgə
multikulturalizm mövzusunda tədbir keçirirdi. Azərbaycanın
İtaliyadakı səfiri həmin tədbirdə yarım saat oturub getdi. 3 gün
ərzində biz orada olduq, heç oteldə gəlib bir dəfə də maraqlanmadı.
Tədbirdə Milli Məclis nümayəndələri ilə yanaşı, komitə sədri,
Prezidentin müşaviri də iştirak edirdi. Səfir heç onlarla da
maraqlanmadı. Bu da onu göstərir ki, bu qurum tərəfindən nə Milli
Məclisə, nə dövlət qurumlarına hörmət qoyulmur. Bu qurumun idarə
olunmasında və əməkdaşlarına nəzarət edilməsində çox ciddi
problemlər var. Düşünürəm ki, müvafiq vəzifəli şəxslər və hökumət
bu barədə artıq ciddi qərarlar qəbul etməlidir. Bunu zamanı artıq
çoxdan gəlib çatıb".