Rusiya prezidenti Vladimir Putinin Prezident İlham Əliyevə zəngində "niyə indi" sualı xüsusilə diqqət çəkir. Rusiya tərəfinin Düşənbə görüşündən sonra yüksək səviyyədə təmasları bərpa etmək niyyəti aydındır, lakin bu zəngin indi edilməsi Moskvanın məqsədinə dair müəyyən təxminlər yaradır.
Birincisi, Əliyevin Qazaxıstan səfərindən qaynaqlanan amildir.
Prezident İlham Əliyevin Tokayevlə görüşündə AZAL təyyarəsinin vurulması ilə bağlı istintaqın da müzakirə edildiyi istisna edilməməlidir. Səfərdən sonra Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayevin “təyyarənin qəzaya uğraması ilə bağlı istintaq yeni ildən sonra ictimaiyyətə açıqlana bilər” sözləri də bu ehtimalı gücləndirir. Düşənbə görüşündə Rusiya tərəfi Azərbaycanın tələblərini tam qəbul etsə də, Putin istintaqın nəticələrini izlədiklərini də bildirdi. Daha öncə Rusiyanın istintaqın gedişinə müdaxilə etməyə çalışdığını nəzərə alsaq, analoji halın baş verməyəcəyi zəmanəti yoxdur, bu baxımdan, Bakı Moskvanın vədini qəbul etsə belə, istintaqın ədalətli aparılması məsələsində Astana ilə təmasları da sıxlaşdırıb. Görünür, Moskvada Düşənbədə verilən vədlərə - kompensasiyanın ödənilməsi və günahkarların cəzalandırılacağı məsələsinə sadiq olduqlarını Bakıya çatdırmaq zərurətini hiss ediblər. Liderlərin “Düşənbədə keçirdikləri görüşün davamı olaraq ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini müzakirəm etməsinə” bu kontekstdə baxa bilərik.
İkincisi, Rusiyanın Cənubi Qafqazda mövqelərini qorumaq ehtiyacı daha da aktuallaşıb;
Putinin Əliyevə zəngi Trampla baş tutmayan görüşü və ABŞ-ın Rusiyaya qarşı enerji sanksiyaları fonunda reallaşır. Bu situasiyada Rusiya bir tərəfdən Ukraynadakı müharibədə üstünlük qazanmaq uğrunda mübarizə aparmalı, digər tərəfdən, müxtəlif coğrafiyalarda, xüsusilə postsovet məkanında mövqelərini qorumalı olacaq. Cənubi Qafqaz ən önəməli region hesab oluna bilər.
- TRİPP layihəsi ilə Zəngəzur dəhlizinə nəzarət imkanı əldə edən ABŞ regionda praktiki üstünlük imkanı qazanıb;
- Rusiya bu reallıq çərçivəsində regioal kommunikasiyalarda yer almağı, xüsusilə Şimal-Cənubi nəqliyyat lahihəsinin Cənubi Qafqaz keçidinin perspektivlərinə yarana biləcək riskləri aradan qaldırmağı prioritet istiqamət kimi seçir;
Bu məsələləri Azərbaycanla müzakirə etmək və Bakı ilə münasibətlərin normallaşmasını inkişaf etdirmək zərurəti var.
Putinin zəngi Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə qarşı dövlətə xəyanət ittihamı ilə açılan cinayət işi fonunda da qiymətləndirilə bilər. Bu müzakirələr Azərbaycan ictimaiyyətində onsuz da müsbət qarşılanmayan Rusiyaya qarşı əhval-ruhiyyəni ikiqat pisləşdirib. Putinin zəngində Mehdiyev məsələsi müzakirə mövzusu deyil, lakin Moskva Azərbaycanla ikitərəfli münasibətləri liderlər səviyyəsində gündəmə gətirməklə ictimai rəyə müsbət impulslar ötürmək gedişi edir.