Türkiyənin Kanal D televiziya kanalının Azərbaycanda
yayımına qadağa ölkədə fəaliyyət göstərən kabel televiziyalarına
şamil olunub. Bir neçə gün idi ki, bu telekanal Azərbaycanın efir
məkanına buraxılmırdı. Bu gün isə məlum oldu ki, telekanalın
ölkəmizdə yayımı dayandırılıb.
Həmçinin, ATV Plus kabel televiziyası özünün Feysbuk hesabında
məlumat yayaraq bildirib ki, CNN Türk, Kanal D və Samanyolu Haber
kanallarının yayımı dayandırılıb.
Avropa.info xəbər verir ki, artıq Kanal D telekanalının əvəzinə
Azərbaycanın efir məkanına buraxılan telekanalın adı bəlli olub.
Bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və AK Partiyanın
təbliğat maşınlarından olan Kanal 7 telekanalıdır.
Qeyd edək ki, Kanal D və CNN Türk Azərbaycana və Türkiyə
hakimiyyətinə xüsusi nifrəti ilə seçilən, ABŞ xüsusi xidmət
orqanları ilə yaxın əlaqələrinin olduğu deyilən "Doğan Holdinq"in
rəhbəri Aydın Doğana məxsusdur.
Samanyolu Haber kanalı isə Türkiyədə terror fəaliyyətində
təqsirli bilinən, hazırda ABŞ-da Penselvaniya ştatında yaşayan
Fətullah Gülənə bağlıdır. Samanyolu kanalının Xocalı faciəsinin
23-cü ildönümündə bu hadisə haqqında hər hansı reportaj, hətta
xəbər tipli məlumat belə yaymaması Türkiyə və Azərbaycanda ciddi
narazılığa səbəb olmuşdu.
Siyasi təhlilçilər isə bu hadisəni Əliyev-Ərdoğan
münasibətlərində yeni mərhələ hesab edirlər. CNN Türk, Kanal D və
Samanyolu Haber Türkiyə hakimiyyətinə, konkret olaraq, Ərdoğana
qarşı böhtan, şantaj dolu kampaniya aparır. Türkiyədə bu kanalların
sahiblərinin konkret olaraq ABŞ-dan idarə edildiyi bildirilir.
Aydın Doğan və Gülən mediasının Azərbaycana və onun hökumətinə
qarşı da böhtan kampaniyası aparması məlumdur. Aydın Doğana məxsus
media hətta qondarma "Dağlıq Qarabağ Respublikası"na jurnalist ezam
etməkdən belə çəkinməyib. Uzun müddət Türkiyə-Ermənistan sərhədinin
açılmasını təbliğ edən də məhz Doğan mediasıdır.
Gülənə məxsus media isə saxta erməni soyqırımı ərəfəsində
ermənilərə dəstəyini ifadə etdi. Bundan başqa, Xocalı faciəsinin
23-cü ildönümündə Gülən mediasının göstərdiyi mövqe bulanıq suların
durulmasına səbəb oldu. Bundan əvvəl isə Fətullah Gülənin Bakıdakı
təhsil strukturları qapadılmışdı.
Görünən odur ki, bu proses davam edəcək. Nəticə etibarı ilə
Bakının atdığı bu addım Türkiyə-Azərbaycan, Əliyev-Ərdoğan
münasibətlərinin daha da dərinləşməsinə səbəb olacaq.