Ana səhifə Gündəm |
ABŞ Prezidenti Co Baydenin Novruz bayramı ilə əlaqədar cənab Prezidentə göndərdiyi təbrik məktubunun xüsusi əhəmiyyəti, çəkisi olduqca böyükdür. Bu, Azərbaycanın apardığı siyasətin, cənab Prezidentin gördüyü işlərin növbəti vacib, əhəmiyyətli bir uğurudur. ABŞ dünyanın ən aparıcı ölkələrindən biridir. Ona görə də bu ölkə ilə münasibətlər hər zaman diqqət mərkəzindədir.
Axar.az xəbər verir ki, bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.
Onun fikrincə, Amerika siyasətində iki məsələyə ciddi fikir verilməlidir:
“İlk növbədə ABŞ-ın milli maraqları önəm kəsb edir. Digər tərəfdən isə ABŞ-da fəaliyyət göstərən erməni lobbisi və onun Amerikanın milli maraqlarına zidd fəaliyyətidir. Bu faktorları yaddan çıxarmaq olmaz. Bəzən insanlar bu iki məsələni qarışdırır. Bu məsələləri qarışdırmaq olmaz. ABŞ Azərbaycanın müstəqilliyinə ilk gündən dəstək verən ölkələrdəndir. İki ölkə arasında strateji əməkdaşlıq mövcuddur. O cümlədən Cənub Qaz Dəhlizi ilə bağlı da ABŞ-ın dəstəyi ortadadır”.
Səməd Seyidova görə, bu addım yalnız Azərbaycanın milli maraqlarının dəstəklənməsi deyil: “Eyni zamanda Azərbaycanla ABŞ-ın regionda, dünyada, Avropada milli maraqlarının üst-üstə düşməsidir. Ermənilər də məhz buna qarşı mübarizə aparırdı. Düşünürdülər ki, ABŞ Azərbaycanın milli maraqlarına o qədər də ciddi maraq göstərməz. Belə olduğu halda erməni lobbisi ABŞ-ın milli maraqlarına qarşı mübarizə aparmış olurdu. Aydın dərk etmək lazımdır ki. Demokratlar içərisində ermənipərəst qüvvələr həddindən artıq çoxdur. Onlar ciddi gücə malikdir. Konqresə Azərbaycanla bağlı göndərilən sənədlərin də müəllifi məhz erməni lobbisi idi. Hətta Konqresdə Azərbaycana, Türkiyəyə qarşı bu cür sənədlərə Adam Şifflər, Robert Menendeslər dəstək verirdi. Amma ABŞ-ı təmsil edən prezident hansısa bir partiyanın dəstəklədiyi şəxs deyil. O, bütün Amerikanı təmsil edir. Onun vəzifəsi ABŞ-ın milli maraqlarını qorumaqdır. Ona görə də, Novruz bayramı ilə əlaqədar Azərbaycan Prezidentinə göndərilən təbrik məktubu ölkəmizə qarşı olan qüvvələrə də böyük bir mesajdır. Onlar düşünməlidir ki, hətta Amerikanın daxilində onun maraqlarına qarşı çıxmağın da bir həddi var. Eyni zamanda bu o demək deyil ki, erməni lobbisi bundan sonra öz çirkin fəaliyyətindən əl çəkəcək. Bundan sonra da, Konqresdə hansısa bir müzakirələrin olması gözlənilir. Görünən odur ki, hansı siyasi qüvvə Ağ evə rəhbərlik edirsə, bu o qədər də önəmli deyil. Çünki Ağ evdə oturan Amerikanın milli maraqlarını təmsil etməlidir. Azərbaycan Prezidentinə göndərilən təbrik məktubu da Amarikanın real milli maraqlarını ehtiva edir”.
Deputatın fikrincə, ABŞ-dan Azərbaycana qarşı belə bir münasibət elə-belə yaranmayıb: “Özünə hörmət edən, milli maraqlarını müdafiə etmək iqtidarında olan, dünya ölkələri səviyyəsində özünü təsdiq edən bir xalq sözsüz ki, hörmətə layiqdir. Bu gün bu hörməti hətta erməni lobbisinin təsir imkanları güclü olan ABŞ-ın siyasi rəhbərliyindən də görməli olduq”.
Tarix
2021.03.19 / 09:19
|
Müəllif
Axar.az
|