"Bakıda Ərdoğanla
Putin arasında fikir mübadiləsi aparılacaq".
Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə
söyləyib.
Onun sözlərinə görə, Ərdoğanla Putinin Bakı görüşündən ciddi
qərar qəbul olunmasını gözləməyə ehtiyac yoxdur:
"Əlbəttə, Ərdoğanla Putin arasında fikir mübadiləsi aparılacaq.
Bunların sırasında "Türk axını", regiondakı vəziyyət, Türkiyədəki
seçkilər ilə bağlı fikir mübadilələri olacaq. Amma ciddi qərarların
qəbul olunması-filan gözlənilmir. Bütün hallarda görüşlər və
onların faydası ondan ibarətdir ki, liderlərin şifahi razılaşması
gələcəkdə başqa məsələlərin həllinə rəvac verir. Ola bilər ki, hər
iki lider geri dönəndə "Türk axını" ilə bağlı mövqelərdə hansısa
korrektələr olsun. Lakin burada bir məsələ var. Türkiyədə parlament
seçkiləri baş tutub. Türk axını ilə bağlı hansısa qərar qəbul
olunsa belə, onun detallarını müzakirə etmək üçün yeni hökumətin
qurulması gözləniləcək. Yeni hökumət bu qərarların hər birini
yenidən nəzərdən keçirməlidir. Lakin bunun hansı hökumət olacağı
hələ sual altındadır. "Türk axını" məsələsini yubadan amil də
budur. Bundan sonra layihə ilə bağlı prinsipial qərarları yeni
hakimiyyət verməlidir. Burada bir dilemma var. Yəqin ki, bununla
bağlı da fikir mübadiləsi ediləcək. Putini bu məsələ daha çox
narahat edir və ona görə də o, Ərdoğandan daha dəqiq cavab
istəyəcək".
İ.Vəlizadə Qarabağ konflikti ilə bağlı yeni formatın yaradıla
biləcəyini deyib:
"Qarabağla bağlı çox güman ki, Bakıda müzakirələr olacaq. Burada
Qarabağ problemi kontekstində yox, yəqin ki, regional təhlükəsizlik
istiqamətində müzakirələr aparılacaq. Güman etmək olar ki,
Azərbaycan və Türkiyə prezidentləri Rusiya rəhbərinə yeni mesaj
verəcəklər. Lakin burada hansısa ciddi razılaşmadan söhbət gedə
bilməz. Yenə də burada fikir mübadiləsi, tərəflərin mövqelərinin
müəyyənləşdirilməsi və korrektə edilməsi məsələsindən söhbət gedə
bilər. Bu baxımdan ola bilər ki, hansısa şifahi razılaşdırmalar
olsun. Hətta istisna etmək olmaz ki, şifahi razılaşdırmalar yeni
formatın yaradılmasına gətirib çıxaracaq. Bu,
Türkiyə-Azərbaycan-Rusiya-Ermənistan formatında gündəmə çıxa bilər.
Doğurdan da Rusiyanın Qarabağ problemində mövqeyi dəyişdirmək
niyyəti varsa, yeni format reallaşa bilər. Hər halda Minsk Qrupunun
formatı hələlik şərti olaraq fəaliyyət göstərir. Azərbaycan Minsk
Qrupunun formatından razı deyil. Bununla bərabər, Rusiyanın Minsk
Qrupunun digər üzvləri ilə də (ABŞ, Fransa və digərləri ilə - red.)
problemləri yaşanıb. İstisna etmək olmaz ki, payız aylarında yeni
formatın formalaşması ortaya çıxa bilər".
Qeyd edək ki, iyunun 12-da Avropa Oyunlarının açılış mərasimində
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan iştirak edəcək. Mətbuata görə, hər iki lider Bakı səfəri
zamanı ikitərəfli görüşlər keçirəcək.