"Müdafiə Nazirliyinin rəhbərliyində deyəsən əməlli-başlı
fikir ayrılığı yaşanmaqdadır. Son günlər orada baş verənlər bunu
deməyə əsas verir".
Bunu öz "feysbuk" statusunda hərbi ekspert Üzeyir Cəfərov
paylaşıb. Ekspert ehtimal edir ki, vəzifəsinə ötən ilin oktyabrında
təyinat alan general-polkovnik Zakir Həsənova qarşı həm MN
daxilində, həm də kənardan çox güclü təsirlər və təzyiqlər var.
Təsir iddiasını əsaslandırmağa çalışan Ü.Cəfərov bildirir:
"Əgər belə olmasaydı, haqqında indi danışacağımız bir neçə kadr
təyinatları ilə bağlı əsil traqikomediya yaşanmazdı. Bir neçə gün
bundan öncə məlum oldu ki, MN-də HHQ və HHM qoşunlarının komandanı
vəzifəsinə təyin edilən general-mayor Altay Mehdiyevlə bağlı
Müdafiə naziri bir ay bundan öncə imzaladığı əmri dəyişib. İndi də
Altay Mehdiyev Şəmkir Hərbi Birləşməsinə təyinat alıb. Əgər MN-nin
rəhbərliyi məqsədə müvafiq saysa, onu hansı vəzifəyə təyin
etdiklərini də açıqlaya bilərlər. Axı, bir ay bundan öncə, MN özü
təsdiq etmişdi ki, Altay Mehdiyev SQ Hərbi Akademiyasına rəis təyin
edilib. General rütbəsini daşıyan bir şəxslə bağlı belə tam olmayan
qərarların verilməsi, sonradan isə onun dəyişdirilməsi heç də yaxşı
hal sayıla bilməz. Bir başqa misalı qeyd etmək istəyirəm. MN-nin
Mənzil İstismar İdarəsi ləğv edildikdən sonra mətbuatda məlumat
getdi ki, yeni yaradılmış Tikinti İşləri üzrə idarəyə
polkovnik-leytenant Zakir Niftəliyev təyinat alıb. Amma nazir ilə
Baş Qərargah rəisi arasında yaranan bəzi gərginliklər səbəbindən,
Zakir Niftəliyev də vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə bir
vaxtlar sabiq Müdafiə naziri tərəfindən cəzalandırılan
polkovnik-leytenant Qəhrəman Ağayev təyin edilib".
Naxçıvanda yeni yaradılmış Əlahiddə Qoşun Ordusunda bir neçə
yerə təyinatın da öz iradəsi ilə verilmədiyini iddia edən ekspert
Şəmkir Hərbi Birləşməsinə aşağı vəzifəyə təyin edilmiş MN-nin
Büdcəyə Nəzarət və Maliyyə İdarəsinin rəisi vəzifələrini icra edən
polkovnik-leytenant Elçin Mehdiyevin əmrinin ləğv edilərək daha
yuxarı vəzifəyə - Naxçıvan ƏÜO -na təyinatının reallaşmasını
fikirlərinə sübut kimi göstərib:
"MN-nin Goradil İstirahət Mərkəzinə Daxili Qoşunların ehtiyatda
olan zabitinin də rəis təyinatı çox böyük mübahisələrə səbəb olub.
Bu 2 ay yarım müddətdə yeni Müdafiə nazirinə o qədər əmrlərin
imzalanmasını və sonradan dəyişdirilməsini yaşadan insanlar
anlamalıdırlar ki, bu heç də cəmiyyət tərəfindən yaxşı qarşılanmır
və bu nazirlik hansısa mülki bir qurum deyil.
Əldə etduyimiz son məlumatlardan biri də bu yaxınlara qədər MN
sistemində general vəzifəsində olmuş polkovnik rütbəli bir vəzifəli
şəxsin rüşvət alma ittihamı ilə həbs edilməsi xəbəridir ki, yəqin
ki, MN özü bu məsələyə gün ərzində aydınlıq gətirsə, yaxşı olar.
Bizə o zabitin konkret adi, soyadı və onun işini aparan Respublika
Hərbi Prokurorlugunun mühüm işlər üzrə müstəntiqinin adı və soyadı
da bəllidir.
Başqa maraqlı məqamlar da var. Onlar haqqında bir qədər
sonra..."