Ana səhifə Gündəm |
Diplomatik qaydada açıqlamasalar da, NATO Rusiyanı mühasirəyə almaq istəyir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri NATO-nun Şərqi Avropanı Rusiyadan qorumaq üçün çox güclü hərbi heyət hazırladığını bildirib:
"NATO hazırda Baltikyanı respublikalarda hərbi kontingentini gücləndirir. Alyans bir müddət əvvəl Rusiyadan ciddi təhlükə hiss etmədiyindən Almaniyada ABŞ-a məxsus böyük bir bazasını bağlamışdı. İndi yenidən həmin bazanın bərpası və daha müasir kosmik qoşun növlərinin yerləşdirilməsi gündəmdədir. NATO Şərqi Avropanı Rusiyadan qorumaq üçün çox güclü hərbi heyət hazırlayır. Ancaq Ukrayna ilə bağlı ehtiyatlı davranırlar. Əks təqdirdə bu, bölgədə yeni müharibəyə yol aça bilər. Cənubi Qafqazda öz təsir dairəsini artırmağa çalışan NATO hazırda bütün diqqəti Gürcüstana yönəldib. Çünki Cənubi Qafqaz Rusiyanın Yaxın Şərqə əsas çıxış nöqtəsidir".
Politoloq sözlərinə görə, Rusiyanın Yaxın Şərqi itirmək məsələsi artıq bir reallığa çevrilir:
"Son zamanlar mətbuatda Rusiyanın Qəbələ RLS-i yenidən bərpa etmək istəməsi ilə bağlı xəbərlər dolaşır. Qəbələ RLS şimali Afrikadan tutmuş İndoneziyaya qədər böyük bir sahədə uçan və yerüstü hədəfləri müşahidə etmək üçün misilsiz imkanlara malikdir. Ancaq Yaxın Şərqdə çox böyük hadisələr cərəyan edir. Bölgədə əsas prosesləri Amerika və onun müttəfiqləri idarə edir. Rusiyanın Yaxın Şərqi itirməsi artıq bir reallığa çevrilir. Hətta Rusiyanın Suriyadakı hərbi dəniz donanmasının taleyi də ciddi təhlükə qarşısındadır. NATO Rusiyanın Cənubi Qafqazda təsirini zəiflətmək üçün əlindən gələni edəcək. Əgər Gürcüstan Alyansa daxil olarsa, bu, artıq NATO-nun Cənubi Qafqaza da daxil olması deməkdir. Gürcüstandan fərqli olaraq Azərbaycanın hələ ki NATO-ya qəbulla bağlı yol xəritəsini qəbul etmək fikri yoxdur".
Tarix
2015.09.05 / 10:27
|
Müəllif
Aygün Yusibova
|