Azərbaycanın Xarici İşlər
naziri Elmar Məmmədyarov Panama Respublikasının vitse-prezidenti və
Xarici İşlər naziri xanım İsabel de Sant Malo de Alvarado ilə
görüşüb.
Axar.az Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi saytına
istinadən xəbər verir ki, Panamanın xarici işlər naziri
azərbaycanlı həmkarını ölkəsində görməkdən məmnun olduğunu
bildirərək bu rəsmi səfərin iki ölkə arasında əməkdaşlığa önəmli
töhfə verəcəyinə əminliyini ifadə edib.
Ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu
deyən xanım İsabel de Sant Malo de Alvarado iki ölkənin xarici
işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrə dair
imzalanacaq sənədin ikitərəfli siyasi dialoq mexanizminin təsis
edilməsinə xidmət edəcəyini nəzərə çatdırıb.
Nazir Elmar Məmmədyarov Azərbaycanın xarici siyasətində Mərkəzi
və Cənubi Amerika dövlətləri ilə əlaqələrin hərtərəfli inkişafına
mühüm əhəmiyyət verdiyini qeyd edib. O, Azərbaycan və Panama
arasında mövcud əməkdaşlığın enerji və sərmayələr də daxil olmaqla,
digər sahələrə də sirayət etməsinin vacibliyini diqqətə çatdırıb.
Bu sahələrdə əməkdaşlığın hüquqi çərçivəsinin yaradılması üçün
müvafiq hökumətlərarası sənədlərin imzalanmasının və ümumiyyətlə,
iki ölkə arasında müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin
zəruriliyini bildirib.
Elm-təhsil, təlim və digər humanitar sahələrdə əməkdaşlıq üçün
əlverişli imkanların olduğunu deyən nazir Elmar Məmmədyarov ADA
Universiteti və Panamanın diplomatik institutu arasında təmasların
yaradılmasının səmərəli olacağını qeyd edib.
Bakı-Tiflis-Qars dəmir yol xətti, yeni tikilmiş Bakı Beynəlxalq
Dəniz Ticarət Limanı və ölkəmizin nəqliyyat infrastruktur imkanları
haqqında məlumat verən Elmar Məmmədyarov bu layihələr vasitəsilə
qədim İpək Yolu boyunca yük daşımalarının və iqtisadi-ticarət
əlaqələrinin əsaslı şəkildə artacağını deyib. Ölkəsində əlverişli
investisiya mühitinin yaradıldığını deyən panamalı nazir
Azərbaycanın Panama üçün arzuolunan tərəfdaş olduğunu
vurğulayıb.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan
danışıqlara toxunan Elmar Məmmədyarov Panamanın bu münaqişə ilə
əlaqədar beynəlxalq hüququn prinsipləri əsasında tutduğu ədalətli
mövqeyinə və Panama Parlamenti tərəfindən Azərbaycanın ərazi
bütövlüyü və suverenliyinə dəstəyi təsdiqləyən, eləcə də Xocalı
soyqırımını tanıyan qətnamənin qəbuluna görə təşəkkürünü ifadə
edib.
Münaqişənin həlli ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul
etdiyi dörd qətnamədə işğalçı qüvvələrin dərhal, tam və
qeyd-şərtsiz bütün işğal olunmuş Azərbaycan ərazilərindən
çıxarılmasının tələb edildiyini deyən nazir Ermənistanın buna məhəl
qoymadığını və münaqişənin həllinə maneələr yaratdığını
vurğulayıb.
Elmar Məmmədyarov Ermənistanın işğal və təcavüzə əsaslanan
mövcud status kvonu davam etdirmək siyasəti yürütdüyünü qeyd
edərək, etimad quruculuğu tədbirləri məsələsinin Ermənistan
tərəfindən siyasi möhtəkirlik obyektinə çevrildiyini söyləyib. O
əlavə etdi ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və
azərbaycanlı icmaları arasında təmasların qurulması kimi praktiki
etimad quruculuğu tədbirlərinin nəticələri Ermənistan
hakimiyyətinin maraqlarına cavab vermədiyi üçün hər bir vəchlə
rəsmi Yerevan buna imkan vermir.
Panamalı nazir ölkəsi üçün dövlətlərin ərazi bütövlüyü və
suverenliyinin vacib prinsiplər olduğunu diqqətə çatdırıb. Nazir
Elmar Məmmədyarov panamalı həmkarını Azərbaycana səfərə dəvət
edib.
Görüşün sonunda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi
və Panama Xarici İşlər Nazirliyi arasında ikitərəfli
məsləhətləşmələr haqqında anlaşma memorandumu imzalandı.
Qeyd edək ki, Elmar Məmmədyarov dünən Panamaya səfər edib.