Telman İsmayılov şəxsən "Moskva Bankı"na kredit müddəti
ərzində 70 milyon ABŞ dolları faiz ödəyib və götürdüyü kreditin 50
milyon dollarını qaytarıb.
Bu barədə APA-ya
iş adamı, AST qrupun prezidenti Telman İsmayılovun mətbuat
xidmətindən məlumat verilib.
Mətbuat xidmətindən bildirilib ki, "Moskva Bankı" ilə AST qrup
arasında uzun müddət əməkdaşlıq münasibətləri olub: "İlk kredit
müqaviləsi 2006-cı ildə imzalanıb. Əməkdaşlıq müddəti ərzində
Telman İsmayılov şəxsən "Moskva Bankı"na 70 milyon dollar kredit
faizi ödəyib. Eləcə də götürdüyü kreditin 50 milyon dollara yaxın
məbləğini qaytarıb. AST kompaniyası tərəfindən "Moskva Bankı"ndan
götürülən bütün kreditlər "birinci klas" zaminlə təmin olunub.
İndiyədək "Moskva Bankı"nda AST kompaniyasının üç böyük aktivi
girovdadır. Bunlar "Köhnə Arbat" küçəsində "Praqa" restoranının
yerləşdiyi ümumi sahəsi 10 min kvadratmetr olan tarixi bina,
Krasnaya Presnya küçəsindəki ümumi sahəsi 16 min kvadratmetr olan
ticarət-ofis mərkəzi və İzmaylovo rayonunda yerləşən ümumi sahəsi
21 min kvadratmetr olan ticarət mərkəzidir. Bütün bu obyektlər
icarəyə verilib və stabil gəlir gətirirlər.
"Moskva Bankı"ndan borc alanların krediti qaytarmaqla bağlı
problemi yarananda Telman İsmayılov və "Moskva Bankı" birlikdə
qərara gəldilər ki, girov qoyduqları obyektlərin bir hissəsinin
kreditin banka qaytarılması məqsədilə satsınlar.
Birgə səylərlə girov qoyulan üç obyektdən ikisinə 150 milyon
dollar verən alıcı tapıldı. Bundan əlavə alıcı "Moskva Bankı"na 15
milyon dollar məbləğində girov da qoydu. Lakin məlum olmayan
səbəblərdən "Moskva Bankı" alış-satış müqaviləsini imzalamadı.
Bir qədər sonra məlum oldu ki, AST şirkətinin krediti "VTB
Bankı"nın borc xidmətinə verilib. AST-nin kredit borcuna görə də
"VTB bank"ın bu xidmətində kurator Andrey Sergeyeviç Puçkovu təyin
ediblər. Puçkovla əlaqə yaratmaq cəhdləri boşa çıxdı.
Telman İsmayılov və "AST holdinq" üçün Puçkovun girov qoyulan
aktivləri 33 milyon dollara götürülməsi təklifi tamamilə
gözlənilməz oldu. Baxmayaraq ki, indiki vəziyyətdə ekspertlərə görə
həmin aktivlərin ən aşağı dəyəri 250 milyon dollardan aşağı deyil.
Bankın bundan sonrakı fəaliyyəti də tamamilə anlaşılmazlıq
doğurur.
"Birinci klas" aktivlərin Bankda girov olmasına və həmin
aktivlərin götürülən kreditin borcunu tamamilə ödəməsinə
baxmayaraq, bankın məhkəməyə müraciət edərək zamin duranların borcu
qaytarması barədə iddia qaldırması qəribə görünür.
Hazırda "Moskva Bankı"nın təşəbbüsü ilə başlanan üç məhkəmə
işinin hamısı zamin duranlara, girov sahiblərinə, Banka öz
aktivlərini girov kimi təqdim edənlərə qarşı deyil, şəxsən Telman
İsmayılova və "KBF AST" MMC-yə qarşı başlanılıb.
Sual yaranır ki, "Moskva Bankı" hansı məqsədlə girov qoyulan
əmlakları sataraq krediti bağlamağa cəhd edir? Əksinə, birbaşa
Telman İsmayılova qarşı iddia qaldırmaq üçün əlindən gələni
edir.
Hazırda Telman İsmayılov və "AST holdinq" əvvəlki kimi "Moskva
Bankı" ilə kreditin bağlanması və borcun tənzimlənməsi məqsədi ilə
dialoqa hazırdır", deyə Telman İsmayılovun mətbuat xidmətindən
bildirilib.
Qeyd edək ki, Rusiyanın "Moskva bankı"nın ("Bank Moskvı", VTB
qrupu) Moskva Arbitraj Məhkəməsində paytaxtdakı Çerkizov bazarının
keçmiş sahibi, iş adamı Telman İsmayılovun rəhbərlik etdiyi AST
Şirkətlər Qrupuna daxil olan "KBF AST" Məhdud Məsuliyyətli
Cəmiyyətinə qarşı 213 milyon dollarlıq iddia qaldırıb.
"Moskva bankı" iddiasında 2012-ci il 28 sentyabr tarixində
imzalanmış müqaviləyə əsasən, "Ruslayn 2000" MMC-nin adına alınan
213 milyon dollar məbləğində borcun ödənilməsini tələb edib.