Biz xarici borclanmaya meyilli deyilik. Onsuz da manatın
devalvasiyasından sonra bizim xarici borcumuz artıb. Çünki xarici
dövlət borcu dollarla hesablanır və əgər devalvasiyaya qədər xarici
dövlət borcumuz təxminən 7-8 faiz təşkil edirdisə, bu gün xarici
borc 11-12 faizə qalxıb. Ona görə yox ki, biz əlavə kreditlər
götürmüşük. Ona görə ki, manat qiymətdən düşüb.
Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev
Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş
bugünkü iclası zamanı bildirib. Prezident qeyd edib ki, on iki faiz
də çox gözəl göstəricidir, çünki inkişaf etmiş ölkələrin
bəzilərində bu, 100 faizdən çoxdur:
"Ancaq biz istəyirik ki, xarici borcumuz 10 faizi keçməsin. Buna
nail olmaq üçün biz gələcəkdə də öz fəaliyyətimizi ancaq daxili
imkanlar hesabına qurmalıyıq. Ona görə, biz qazandığımıza müvafiq
olaraq xərcləri nəzərdə tutmalıyıq. Ona görə, infrastruktur
layihələrinin icrasında imkan daxilində işlər görülüb. Kənd
yolları, içməli su, kanalizasiya layihələri, qazlaşdırma ilə bağlı
layihələr - bütün bunlar bu il də icra edilib və mənim bölgələrə
mütəmadi səfərlərim imkan verir ki, bu gözəl dəyişiklikləri,
inkişafı öz gözümlə görüm.
Bu il 87 min yeni iş yeri yaradılmışdır ki, onlardan 67 mini
daimi iş yeridir. Bu da gözəl göstəricidir. İş yerlərinin
yaradılması prosesi daim aparılmalıdır. Mən bunu dəfələrlə demişəm
və biz iqtisadi inkişaf modelimizi buna uyğun şəkildə qurmalıyıq.
Çünki Azərbaycanda iqtisadi inkişaf, sabitlik, xalqın rifahının
artması nəticəsində çox müsbət demoqrafik vəziyyət yaranmışdır. Hər
il yüz mindən çox insan doğulur və belə olan halda əlbəttə ki,
gələcəkdə biz yeni iş yerlərinin yaradılması üçün əlavə tədbirlər
görməliyik. Ona görə, bu sahədə də yeni inkişaf strategiyamız
müəyyən edilməlidir. Əminəm ki, belə də olacaq".
İlham Əliyev 9 ayda yaradılan 67 min daimi iş yeri müqabilində
30 minə yaxın iş yerinin bağlandığına da diqqət çəkib:
"Biz bu reallığı bilməliyik və burada ciddi təhlil aparılmalıdır
ki, bu prosesin səbəbləri nədən ibarətdir. Əslində bu, təbii bir
prosesdir. Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da yeni iş
yerləri açılır və bağlanır. Həmişə bizdə müsbət saldo müşahidə
olunub, bu gün də belədir. Hətta böhranlı ildə 67 min daimi iş
yerinin açılması böyük nəticədir. Yəni, əgər bağlanan iş yerlərini
çıxsaq, 40 minə yaxın yeni iş yeri yaradılıb. Ancaq bununla
bərabər, biz bağlanan bu iş yerlərinin təhlilini aparmalıyıq və
bilməliyik ki, bu proseslər hansı səbəblər üzündən baş verir.
Obyektiv səbəblər də, subyektiv səbəblər də ola bilər. Biz bu gün
bu barədə danışacağıq".
Nəqliyyat və turizm sektorundan danışan Prezident İlham Əliyev
"Cənub" qaz dəhlizinin yaradılması ilə bağlı 9 ayda çox gözəl,
önəmli işlər görüldüyünü bildirib:
"Bildiyiniz kimi, "Cənub" qaz dəhlizi ölkəmizin təşəbbüsü idi və
artıq həm "Şahdəniz-2" yatağının işlənməsi, həm TANAP layihəsinin
icrası istiqamətində ciddi praktiki addımlar atılır. Biz çalışırıq
və çalışacağıq ki, bu layihə vaxtında icra edilsin. Biz
çalışmalıyıq ki, layihənin önəmli hissəsi olan TANAP, - Azərbaycan
əsas səhmdardır və bütün məsuliyyət də bizim üzərimizdədir, -
vaxtında - 2018-ci ildə istifadəyə verilsin.
Digər layihələrdə - "Şahdəniz-2" və TAP layihələrində Azərbaycan
əlbəttə ki, səhmdardır, ancaq biz əsas səhmdar deyilik. Ona görə,
əsas operator məsuliyyəti başqa qurumların üzərinə düşür. O ki
qaldı TANAP layihəsinə, Azərbaycan orada əsas sahibkardır. Ona
görə, bizim məsuliyyətimizdə olan bu layihə əminəm ki, vaxtında
icra ediləcək".