Şair Əli Hacı Ağaevlinin
çağdaş poeziyamızda özünəməxsus yeri var. O, həm də siyasi
fəaliyyəti ilə də
seçilir.
Şah İsmayıl Xətainin nəslindən
olduğunu deyən şair DAK-ın fəal üzvlərindəndir.
Axar.az parlament seçkilərində deputatlığa namizədliyini irəli
sürən şairlə müsahibəni təqdim edir.
- Əli bəy, bir neçə şeir kitabının
müəllifisiniz. Eləcə də haqqınızda filmlər çəkilib, kitablar
yazılıb. Amma nədənsə özünüzü gündəmə gətirməkdən uzaqsız. Bu
təvazökarlıqdandır, yoxsa?..
- Ədəbi taleyimdən narazı olmasam da, heç vaxt "mən varam" deyib
özümü gündəmə gətirməmişəm. Kitablarım, şeirlərim özünün həqiqi
oxucusunu tapıb. İndiyə kimi beş kitabım işıq üzü görüb. Haqqımda
iki sənədli film çəkilib. Sağlığında haqqında dərslik buraxılan
yaradıcı adamlardan biriyəm. Mənim yaradıcılığımın əsas hissəsini
min illərin sınağından keçib gəlmiş səmavi söz - sufi yaradıcılığı
təşkil etdiyinə görə bir az zövqdən və təbliğatdan yuxarıdayam.
Hamıya qapısı açıq olan ürfani sözlərin öz adamları var. Sizlər
başda olmaqla, onlar da dəyər və təbliğatını verir.
- Uzun illərdir diaspor sahəsində fəaliyyət
göstərirsiniz. Müşahidələriniz necədir: soydaşlarımız ölkəmizdən
kənarda ölkəmizlə bir nəfəs ala bilir?
- İyirmi ilə yaxındır ən böyük diaspor təşkilatımız olan Dünya
Azərbaycanlıları Konqresində fəaliyyət göstərirəm. Sıravi üzvlükdən
Məclis sədrinin birinci müavini postuna qədər yol gəlmişəm. Diaspor
təşkilatındakı fəaliyyətimə görə Birləşmiş Millətlər Təşkilatının
Sülh Federasiyasının "Sülh səfiri" adına layiq görülmüşəm. Qaldı
kənarda yaşayan soydaşlarımıza, onların hər birinin birlikdə və
ayrı-ayrılıqda Azərbaycanın tanınmasında rolları var. Vətənimiz
haqqında apardıqları tanıtım mübarizəsi onların Azərbaycanla nəfəs
alması, hər birinin ölkəmizin bir parçası olması deməkdir.
- Əli müəllim, seçkilərə qatılmağa qərar verdiniz.
Parlamentdə olmanız seçicilərinizə hansı şansı verə
bilər?
- Öncədən namizədliyimi bitərəf kimi verib dəstəkləyən Vətəndaş
Həmrəyliyi Partiyasına və onun rəhbərliyinə öz minnətdarlığımı
bildirirəm. Yəqin ki, Xətai soyundan olan bir adamın Xətai
rayonundan namizədliyini verməsi təsadüf deyil. Orada yaşayan
əhalinin 70 faizini şəxsən tanıdığıma görə bu addımı atmışam.
İxtisasca hüquqşünas olmağım qanunların tərtibi və qəbul
olunmasında Milli Məclisə yardımçı və digər tərəfdən də diaspor
fəaliyyətimdə qarşımıza çıxan maneələri aradan götürməkdə kömək
olar. Söz seçicilərindir.