Azərbaycan Respublikasının Müdafiə naziri
general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət
planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi
attaşeləri noyabrın 5-də Hərbi Dəniz Qüvvələrinin bazasında
olublar.
Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir
ki, qonaqları Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi qarşılayıb. İlk
olaraq hərbi hissənin qərargahı qarşısında ucaldılmış Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət
olunub.
Hərbi attaşelərə Hərbi Dəniz Qüvvələri və onun yaranma tarixi
barədə ümumi brifinq təqdim olunub, qonaqlar ətraflı
məlumatlandırılıb.
Qərargahda, hərbi gəmilərdə olan hərbi attaşelər, silahlanmada
olan hərbi texnikaya baxıb və şəxsi heyət üçün yaradılan şəraitlə
tanış olublar.
Matros yeməkxanaları, yataqxanaları, məşğələ otaqları və
hamam-camaşırxanada olan attaşelər buradakı şəraitdən məmnun
qaldıqlarını ifadə ediblər.
Sonda hərbi attaşelər tədbirin yüksək səviyyədə təşkilinə görə
Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını
bildiriblər.