ABŞ kəşfiyyatının "kölgəsi" hesab olunan "Stratfor"
beyin mərkəzi "Dağlıq Qarabağ münaqişəsinin həlli qaçılmazdır"
başlıqlı məqalə yayımlayıb.
Publika.az xəbər
verir ki, mərkəz onilliklər sonra Ermənistan-Azərbaycan-Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı diplomatik irəliləyişə nail
oluna biləcəyini yazır: "Hər iki ölkə bu bölgəyə iddia edir, lakin
o da faktdır ki, 1994-cü ildə altı illik müharibədən sonra
Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və yeddi rayonunu öz
nəzarəti altına alıb. 15 il ərzində Azərbaycan Rusiyanın
Ermənistana dəstəyi nəticəsində bu əraziləri geri qaytara bilməyib.
Buna baxmayaraq, Qərblə Rusiyanın arasında yaranan kövrək vəziyyət
tezliklə Dağlıq Qarabağ ətrafında bir neçə rayonun Azərbaycana
qaytarılması ilə nəticələnə bilər".
Moskva ərazilərin qaytarılmasında Bakı üçün lobbiçilik
edir
"Stratfor" yazır ki, müharibədən sonrakı dövrdə münaqişə
bölgəsində nisbi sakitlik hökm sürürdü: "Lakin ötən ildən
başlayaraq sərhəd boyu toqquşmalar gücləndi. Noyabrın 9-da Rusiya
Xarici İşlər naziri Sergey Lavrovun Ermənistana gözlənilməz
səfərini yerli media Dağlıq Qarabağla bağlı məxfi müzakirələrin
aparılması ilə əlaqələndirdi. Ola bilsin ki, bu, münaqişədə
irəliləyişin müjdəsidir. Ermənistanın faktiki təhlükəsizlik qarantı
olan Rusiya münaqişədə hər iki ölkə arasındakı siyasi danışıqlarda
əsas vasitəçi rolunu oynayıb. Lakin indiki halda Qərbin təzyiqləri
altında olan Rusiya Ermənistanın müdafiə tələblərinin artması
fonunda Azərbaycanla danışıqlar aparmağa açıq görünür. Eyni
zamanda, Azərbaycan avropalılar üçün potensial enerji
tədarükçüsüdür. Bakı isə Dağlıq Qarabağda vəziyyəti dəyişmək üçün
Moskvanın lobbiçiliyindən istifadə edir".
Məqalədə qeyd olunur ki, Azərbaycan iqtisadiyyatını inkişaf
etdirib və Rusiya ilə təhlükəsizlik və diplomatik sahəsindəki
əlaqələri aktiv şəkildə genişləndirib: "Eyni zamanda, Azərbaycan
torpaqlarını geri qaytarmaq üçün Ermənistana ciddi təzyiqlər
edir".
Beş rayon Azərbaycana qaytarılır
"Stratfor" münaqişənin həlli üçün yeni imkanların yaradılması
haqda bundan əvvəl apardığı analizi xatırladaraq yazır ki,
problemin həllində razılıq əldə oluna bilər: "Əgər diplomatik
marşrut uğursuz olacaqsa, Azərbaycanın hərbi yola əl atacağı
variantı həmişə gündəmdədir. Bu yaxınlarda baş verən proseslər
münaqişənin diplomatik həll yolunu mümkün edir. Noyabrın 11-də bir
neçə erməni qəzeti öz mənbələrinə istinadən məlumat verdi ki,
Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun beşi Azərbaycana
qaytarılır. Lavrovun İrəvan səfərində də bu məsələ müzakirə olunub.
Plana görə, beş rayonun qaytarılması əvəzində Rusiya müharibənin
yenidən başlamamasının zəmanəti olaraq öz qoşunlarını bölgəyə
yerləşdirir, həmçinin, Azərbaycanı Ermənistanın iqtisadi
blokadasını aradan qaldırmağa inandırır. Rusiyanın "Kommersant"
nəşri də diplomatik mənbələrə istinad edərək yazdı ki, Laçın rayonu
dəhliz olaraq saxlanılmaqla digər ərazilər qaytarılır".
İddiaların ciddi qəbul olunması üçün bir neçə
səbəb...
Mərkəz diqqətə çatdırır ki, heç bir ölkə bu məlumatları rəsmi
olaraq təsdiq etməsə də, bunu ciddi qəbul etmək üçün bir neçə səbəb
var. "Əvvəllər də münaqişə ilə bağlı aparılan danışıqların haqda
mətbuata sızmalar olmuşdu. Lakin onların heç biri bu qədər
təfsilatlı deyildi. Bundan başqa, Rusiya bu yaxınlarda Ermənistanın
hava məkanının təhlükəsizliyini tamamilə öz üzərinə götürdü. Bunun
Dağlıq Qarabağ münaqişəsində ərazi güzəştlərinə qarşılıq olduğu
deyilir. Həmçinin, bölgədə yaradılmış "DQR" liderləri rus
hərbiçilərinin terrorizmə qarşı mübarizədə Xankəndi aeroportundan
istifadə edə biləcəyini açıqladılar", - deyə məqalədə
bildirilir.
Oyuna Ankara və Vaşinqton da qoşulur
"Stratfor" onu da əlavə edir ki, mediada yayılan məlumatlar
hələlik Ermənistanın əraziləri geri qaytarmağa razı olacağı demək
deyil: "Çünki bu məsələ ölkədə hələ də siyasi problemdir. Sonuncu
dəfə status-kvonun dəyişməsinə razılıq verən Levon Ter-Petrosyan
istefa verməyə məcbur edildi. Ermənistanın indiki hökumətinin
irəliyə doğru istənilən addımı ölkənin daha təhlükəsiz şəraitdə
yaşaması deməkdir. Lakin münaqişənin sülh yolu ilə həllinə nail
olunsa da, bölgədə yaşayan ermənilərin statusu daxil olmaqla
loqistik problemlər olacaq. Danışıqlara digər xarici oyunçular,
xüsusən Türkiyə və Birləşmiş Ştatlar da qoşula bilər. Onlar
istənilən diplomatik həllin tərəfdarı kimi çıxış edəcək. Çünki
Ankara və Vaşinqton getdikcə diqqətini Qafqaz regionuna
cəmləşdirir. Türkiyədə yeni hökumət formalaşan kimi bu ölkənin Baş
naziri Əhməd Davudoğlu ilə ABŞ hərbi-dəniz qüvvələrinin rəhbərinin
Bakıya səfəri də bu kontekstdə diqqət çəkdi. İnkar edilə bilməz ki,
bu, Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli ilə bağlı idi.
Rusiya və Ermənistan da münaqişədə qeyri-müəyyən status-kvonun
qalması ilə öz mövqelərini tam qoruyub saxlaya bilmir. Buna görə də
Dağlıq Qarabağ münaqişəsində dəyişikliklərin olması ehtimalı
getdikcə daha aydın və şəffaf olur".