2008-ci ildən "Texnikabank"ın Bakı filialının rəhbəri
olmuş Zal Yusifovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il cəza alan Zal
Yusifovun əmlakının müsadirə edilməsi barədə də qərar qəbul edilib.
Sonradan Zal Yusifovun atası Zakir Yusifov şikayət verərək bildirib
ki, əmlaklar guya oğluna yox, onun özünə məxsusdur.
Bununla bağlı Ali Məhkəmədə hakim Akif İsgəndərovun sədrlik
etdiyi kollegiya Zakir Yusifovun şikayətini təmin edib. Hakimlər
müsadirə olunacaq əmlakla bağlı məsələni apelyasiya instansiyasına
qaytarıb.
Qeyd edək ki, məhkəmənin müvafiq qərarı ilə Zal Yusifovun
müsadirə olunmuş əmlakları hərraca çıxarılmışdı. Artıq bir neçə ay
əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Ədliyyə
Nazirliyinin Binəqədi rayonu üzrə məhkəmə qərarlarının icrası
şöbəsinə bununla bağlı rəsmi məktubla müraciət olunmuşdu.
Zal Yusifovun müsadirə olunan əmlakının satılması üçün tədbirlər
görülməyə başlanmışdı. Maraqlıdır, necə olur ki, birdən-birə Ali
Məhkəmənin hakimləri cinayətkara "yaşıl işıq" yandırır? Bu da çox
maraqlıdır, 80 yaşlı ahıl pensiyaçı dəyəri milyonlarla manat olan
əmlakı necə əldə edib? Adı pensiyaçıda bu qədər maliyyə vəsaiti
haradandır? Əgər bütün bunlar ahıl pensiyaçının öz halal
sərvətidirsə, o zaman onun oğlu Zal Yusifovun fırıldaq yolu ilə
vətəndaşlardan mənimsədiyi 38 milyon manat haradadır? Bu müəmmalı
məsələ ölkədə hər kəsin diqqət mərkəzindədir.
Milli Məclisin üzvləri də məsələyə biganə qalmayıb. Onlar Ali
Məhkəmənin son qərarına öz münasibətlərini açıqlayıblar?
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhlil və
Proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Təhlükəsizlik və
müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə "Texnikabnak"
olayı ilə bağlı Teleqraf.com-a bunları deyib: "Cənab
Prezident bir daha sübut etdi ki, dövlət daim yüksək ədalətin və
əhalinin hüquqlarının qorunub saxlanmasında israrlıdır və bu
məsələdə heç bir halda kiməsə güzəştə getməyəcək. Tutduğu
vəzifəsindən və cəmiyyətdəki statusundan asılı olmayaraq, hər bir
cinayət törədən şəxs qanun qarşısında cavab verəcək.
"Texnikabank" məsələsində iki amil əsas götürülməlidir.
Birincisi, hüququn üstünlüyü, digəri isə ədalətin bərpa olunması.
Bu gün məhkəməyə hər hansı irad bildirmək və ya yol göstərmək
düzgün olmaz. Çünki Azərbaycanda məhkəmə hakimiyyəti tam
müstəqildir və hər hansı məsələni məhkəmə özü araşdıraraq yekun
nəticəyə gələcək.
Mən məhkəmədə məsələnin hüquqa və qanuna uyğun araşdırılmasının
tərəfdarıyam. Digər tərəfdənsə aldadılmış insanlara dəyən ziyan
ödənməlidir və məhkəmənin sayəsində ədalət bərpa olunmalıdır. Bütün
bunlar da qanun əsasında reallaşdırılmalıdır.
Hesab edirəm ki, "Texnikabank"ın Bakı filialının sabiq
rəhbərinin işi ilə bağlı da məhkəmə insanlara dəyən zərərin kim
tərəfindən, hansı həcmdə və zamanda ödənilməsi barəsində müvafiq
qərar qəbul edəcək". Millət vəkili Zahid Oruc isə bildirib ki,
əmlakın, mülkiyyətin və digər irsin necə qiymətləndirilməsi vacib
məsələdir: "Bizim üçün önəmli məsələ məhkəməyə vətəndaşın
güvəncidir.
Təəssüf ki, son zamanlar böyük cinayətlərin baş verməsin
səbəblərindən biri də məhkəmənin öz fəaliyyətini düzgün yerinə
yetirməməsidir. Əgər cəzalandırılan şəxslər həmin qurum vasitəsi
ilə öz hüquqlarını bərpa edə bilsəydilər, o zaman cinayətlər belə
geniş miqyasda tüğyan eləməzdi. Haqqında söhbət gedən məhkəmə
qərarının tam təfərrüatından məlumatlı olmasam da, onu deyə bilərəm
ki, hər hansı qanuna söykənməyən qərarlar sonradan Azərbaycanın
əleyhinə əməliyyatlara səbəb olur. Çünki vətəndaşlar pozulmuş
hüquqlarını sonrakı dövrlərdə beynəlxalq məhkəmə vasitəsi ilə bərpa
edirlər. Orada iddiaçının qaldırdığı məsələ təsdiq olunanda
Azərbaycanın üzərinə müxtəlif cərimələr və cəzalar gətirir". Zahid
Oruc bildirib ki, "Texnikabank" işində zərərçəkimşlərə dəymiş
ziyanın ödənilməsi üçün çıxış yolu məhkəmələr tərəfindən
müəyyənləşdirilməlidir: "Məhkəmə sistemini, ona qədər olan
mərhələdə prokurorluq orqanlarını bu qədər sadə bir məsələ ilə
aldatmaq mümkün olmamalıdır. Yəqin ki, bu məsələnin arxasında başqa
adamlar var, onları hərəkətə gətirən qüvvələr mövcuddur. Yoxsa ilk
baxışdan külli miqdarda vəsaitin arxasında 80 yaşlı bir insanın
dayanması və bunu başqa xəyallarla həyata keçirməsi inandırıcı
görünmür. Zal Yusifovun və onun atasının arxasında gizlənən həmin
dairələrin özü tapılmalıdır". Böyük Quruluş Partiyasının (BQP)
sədri, millət vəkili Fazil Mustafa qalmaqalla bağlı məsələyə
münasibət bildirərkən deyib: "Məhkəmə "Texnikabank"ın Bakı
filialının rəhbəri olmuş Zal Yusifova məxsus olduğu iddia edilən
villaların kimə və nə zaman tikildiyini çox rahatlıqla müəyyən edə
bilər. Həmin villaların hansı illərdə inşa edildiyini sübut etmək
məhkəmə üçün elə də çətin deyil. Burada müxtəlif prosedur qaydaları
var ki, məhkəmə də bunu hüquqi yollarla edə bilər. Ona görə hesab
edirəm ki, məhkəmə Zal Yusifovun atasının ona məxsus olduğunu
dediyi villalarla bağlı dürüst qərar çıxara bilər. Daha sonra isə
məhkəmənin qərarı ilə həmin əmlakların hesabına ziyan çəkmiş
insanların vəsaitləri ödənilə bilər".
Fazil Mustafanın sözlərinə görə, "Texnikabank"ın 81 nəfər
müştərisinin ümumilikdə banka qoyduqları 38 milyon manat vəsaitin
mənimsənilməsi cinayət əməlidir: "Burada onlarla insanın vəsaiti
mənimsənilib. Ona görə də təkcə bir adamın cinayət məsuliyyətinə
cəlb olunması ilə bu iş bitmir. Bu sübut olunan təqdirdə məhkəmənin
qərarı ilə keçmiş bank rəhbəri cinayət məsuliyyətinə cəlb olunmaqla
yanaşı, həm də ona aid əmlakın hesabına zərərçəkmiş insanların
vəsaitləri ödənməlidir. Bu yaxınlarda cənab Prezident də bu kimi
məsələlərlə bağlı böyük addım atdı və insanlar tərəfindən bu
addımlar yüksək qiymətləndirilir. İndi görək məhkəmə hakimiyyəti də
81 nəfər insanın vəsaitlərinin mənimsənilməsi ilə bağlı nə dərəcədə
obyektiv qərar verəcək ki, Prezidentin atdığı uğurlu addımlar real
həyatda öz təminatını görsün".