Suriyada vuruşan azərbaycanlı mücahidlərin öldürülməsi
ilə bağlı hər gün "şəhid olanlar" təbliğatı aparılır. Məqsəd bu
"müqəddəs savaşda" azərbaycanlıların iştirakını qabartmaq, daim
gündəmdə saxlamaq, yeni-yeni döyüşçülər cəlb etmək və dünyaya bu
döyüşlərdə Azərbaycanın da iştirakını göstərməkdir.
Bu barədə "Axar.az"a özəl mənbələrdən məlumat verilib.
Bildirilir ki, Suriya müxalifəti xüsusi ləqəblər verdiyi
"azərbaycanlı döyüşçülərin" adını açıqlamadan şəklini və hardan
olduğunu yaymaqla kifayətlənir, bundan mənbə kimi istifadə edən
media isə nəticədə onların istədiyi təbliğatı istəmədən aparır.
Mənbənin bildirdiyinə görə, Suriyada şəhid olduğu bildirilən və
mediada yayılan xəbərlərdə adı keçən "azərbaycanlı döyüşçülərin"
bir çoxunun adı və soyadı sonadək bəlli olmur və bunu heç
araşdırmaq da kimsənin yadına düşmür. Əvəzində isə hər gün Suriyada
bir azərbaycanlı mücahidin öldürüldüyü xəbəri yayılır və burdakı
xəvaricilərin arasında təbliğ olunur.
Bu gün "Əbu Zübeyir Azəri" adlı daha bir azərbaycanlı döyüşçünün
öldürüldüyü xəbərinə diqqət çəkən qaynağımızın sözlərinə görə, bu
ləqəbli döyüşçü "vaxtaşırı olaraq öldürülür": "Əbu Zübeyir Azəri
adlı şəxsin öldürülməsi ilə bağlı məlumat və fotoşəkillər 2013-cü
ilin 18 aprel tarixində Tvitter sosial şəbəkəsində yayılıb. Həmin
zaman "Əbu Zübeyr Azəri"nin öldüyü, indi isə "diri" şəklini
yayırlar. Beləliklə, statistikanı şişirtməklə təbliğat
aparırlar".
"Axar.az" olaraq ötən il 18 aprelində öldürülən tovuzlu "Əbu
Zübeyr Azəri" ləqəbli şəxslə indi şəkili olduğu söylənən "Əbu
Zübeyr Azəri"nin şəkillərini verir və müqayisəni oxucuların
ixtiyarına buraxırıq.