Baş nazir Artur Rasizadənin Müdafiə Nazirliyində ordunun
döyüş hazırlığı ilə bağlı müşavirəyə rəhbərlik etməsi təsadüf
deyil. Rasizadə ictimaiyyətə bir mesaj olaraq Müdafiə Nazirliyinə
gəldi və bu mesaj birbaşa ölkə rəhbərliyi ilə
əlaqəlidir.
Adının açıqlanmasını məqbul saymayan hərbi ekspertin "Axar.az"a
verdiyi məlumata görə, hər iki-üç ildə bir dəfə cəbhədə bu cür
gərginlik yaransa da, ilk dəfədir ki, Baş nazirin rəhbərliyi ilə
Müdafiə Nazirliyi toplantı keçirir və döyüş hazırlığının
vəziyyətinin müzakirə edildiyi barədə cəmiyyətə xəbər
göndərilir:
"Əslində, Azərbaycan hakimiyyəti döyüş hazırlığının vəziyyətini
kifayət qədər yaxşı bilir və texniki təchizatdan da məlumatlıdır.
Bu müzakirənin əsasını isə mümkün müharibə təhlükəsində fövqəladə
iş rejiminə keçidlə bağlı hökumətin strukturları ilə
qanunvericiliyə uyğun nəzərdə tutulan əlaqənin detallı müzakirəsi
təşkil edirdi".
Bu görüşə Ermənistan mediasının və politoloqlarının reaksiya
verdiyini nəzərə çatdıran ekspert erməni tərəfinin açıqlamalarını
diqqətlə izləməyi tövsiyyə etdi: "Əgər diqqət etmisinizsə, erməni
rəsmilərinin ictimaiyyətə açıqlaması müharibə olacağı və cəbhədə
Azərbaycan Ordusunun maksimal döyüş hazırlığına gətirilməsi ilə
bağlı xəbərlərin təkzibinə yönəlib. Bu açıqlamalar birbaşa
Ermənistandakı psixoloji xaosdan xəbər verir. Ruh düşkünlüyü və
gərginlik erməni toplumunda o qədər acınacaqlı vəziyyət yaradıb ki,
Ermənistan rəsmiləri bunu aradan qaldırmaq üçün bir-birinin ardınca
açıqlamalar verməyə məcburdurlar. Ermənistanın AŞPA-dakı nümayəndə
heyətinin Azərbaycan Prezidenti haqqında "millətçi, şovinist"
ittihamı irəli sürməsinin də səbəbi erməni toplumundakı qorxunun
mənbəyinə çarəsiz hücum cəhdidir. Erməni siyasiləri bu məhkəmə
məzhəkəsi ilə öz cəmiyyətinə çatdırmaq istəyirlər ki, beynəlxalq
qurum Azərbaycan Prezidentinin "millətçiliyini" diqqətdə saxlayır
və bundan narahat olmağa dəyməz. Çünki İlham Əliyevin son illər
siyasi-praktik addımları Ermənistanda xüsusi narahatlıq
yaradıb".
Ekspertin sözlərinə görə, faktiki olaraq hazırda həm
maddi-texniki, həm də psixoloji üstünlük Azərbaycan tərəfdədir:
"Artıq Azərbaycan Ordusunun hücumu haqda xəbərlərin özü belə bir
neçə gün öncə Ermənistanın Tavuş rayonunda sərhədyanı üç kəndin
dərhal boşaldılması ilə müşayiət olunan vəziyyət yaradır.
Ermənistan rəsmiləri bunu "evakuasiya" ilə əlaqələndirdi. Əslində
isə vəziyyət tamam başqa cürdür. Sərhəddə yerləşən erməni kəndləri
hər an başlayacaq müharibə qorxusu altında adi xəbərdən kəndləri
boşaldıb qaçırlar. Ermənilərin hazırkı psixoloji vəziyyəti
1992-93-cü illərdə "rus ordusu yaraqlılarla birgə hücuma keçdi"
psixoloji təzyiqi altında yaşayan azərbaycanlılara yaxşı tanışdır.
Hazırda həmin durumda ermənilər yaşayırlar".
Ekspert bu psixoloji hücumun bir an da olsun,
dayandırılmamasının vacibliyini və bu üstünlükdən həm hərbi, həm də
siyasi manevrlərdə istifadənin zəruriliyini də önə çəkdi: "Elə
Artur Rasizadənin Müdafiə Nazirliyindəki görüşünün də arxasında
məhz bu məqam dayanır".