Dünənki müşavirə ötən ilə
daha realist qiymət verməklə hökumətin fəaliyyətini anti-böhran
tədbirləri istiqamətində səfərbər edə biləcək.
Bunu Axar.az-a Prezidenti İlham Əliyevin nazirlər Kabinetinin
2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda
duran vəzifələrə həsr olunan iclasındakı nitqini şərh edən millət
vəkili Zahid Oruc deyib. Deputat 2015-ci ilin sonlarına doğru
başladılmış mühüm xəttin daha kəskin bir şəkildə davam
etdiriləcəyini açıqlayıb:
"Prezident qarşıya konkret vəzifələr qoyub. Dünyanın əksər
ölkələrində 2015-ci ilin sonu, 2016-cı ilin əvvəli çox ciddi qayğı
və tələblərlə başlayıb. Çin kimi daimi iqtisadi inkişaf tempi olan
bir ölkədə ciddi problemlər yaşanırsa, ABŞ-da düz 100 il əvvəlki
birjalarda katirovkalar təkrarlanırsa, bu o deməkdir ki,
iqtisadiyyatı inteqrasiya edən ölkələrdə proses oxşar gedir. Bu
mənada dünənki müşavirə çevik mexanizmlərin yaradılması, mümkün
fəsadların azaldılması istiqamətində tədbirlərin sürətləndirilməsi
kimi başa düşülməlidir. Prezident kifayət qədər açıq mesajlar
verib. Yəni struktur islahatları bu işin önündə gedir. Ayrı-ayrı
qurumlar bəzən iqtisadi proseslərə müsbət təsir əvəzinə, müxtəlif
maraqlar üzündən ziyan vururlar. Bu, özlüyündə ticarət mühitinə
təsir edir, qiymət qalxmaları doğurur, inhisarçılıq törədir,
vətəndaşları müxtəlif təşəbbüslərindən məhrum edir. Dünənki
müşavirə məhz ötən ilə daha realist qiymət verməklə hökumətin
fəaliyyətini anti-böhran tədbirləri istiqamətində səfərbər edə
biləcək".
Z.Oruc bildirib ki, manatın kursunun sabitliyinin qorunub
saxlanılması üçün tədbirlərin həyata keçirilməsi ən önəmli
prioritetlərdən biridir:
"Bu, bir neçə istiqamətdə aparılacaq. Süni qiymət artımları
yönündə cəhdlər ortadadır. Spekulyantlar öz maraqları naminə bundan
faydalanmağa çalışacaqlar. Ona görə də neft amilindən Azərbaycan
milli valyutasının asılılığını azaltmaq, iqtisadiyyatın
şaxələnməsini təmin etmək üçün mühüm tədbirlər qaçılmazdır.
Daxili istehsalın qaldırılması, tədbirlərin aqrar sfera üzərində
daha güclü şəkildə yönləndirilməsi, o cümlədən, idxal və ixracın
şəffaflaşdırlması ön plandadır. Dolların bahalaşması istənilən
məhsulun maya dəyərinə təsir göstərir. Bu amildən sığortalanmaq
üçün vətəndaşlar ağırlığı öz çiyinlərinə götürməyə hazırdırlar,
yetər ki, onlara maneə törədilməsin".
Millət vəkilinin sözlərinə görə, hökumətin fəaliyyət planında
aparılan dəyişikliklər öz nəticəsini verəcək və bir sıra yeni
qərarlar alınacaq:
"Maaş və əmək haqlarının artırılması imkan yaradacaq ki,
əhalinin devalvasiyadan zərər çəkən təbəqəsinin problemlərini
qapatmaq mümkün olsun. Paralel şəkildə, təkcə inzibati mexanizmlər,
prokurorluq orqanları və İqtisadi İnkişaf Nazirliyinin xətti ilə
deyil, prosesə hüquqi mexanizmlərlə təsir göstərməklə ölkənin
iqtisadi həyatında ahəngdarlığı yenidən təmin etmək mümkün olacaq.
Prezidentin əzmi, kifayət qədər inamlı mesajları 2015-ci ilin
sonlarına doğru başladılmış mühüm xətti daha kəskin şəkildə həyat
keçirməyə imkan verəcək. Bir sözlə, Azərbaycanda yeni bir inkişaf
mərhələsinin başlanğıcı qoyulacaq".
Qeyd edək ki, yanvarın 10-da Azərbaycan Prezidenti İlham
Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclası keçirilib.