Bu gün Azərbaycan prezidenti İlham Əliyevin Davosda
Böyük Britaniyanın BP şirkətinin baş icraçı direktoru Robert Dadli
ilə görüşü olub.
Axar.az xəbər
verir ki, görüşdə "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarının
işlənilməsində Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın
səviyyəsindən məmnunluq ifadə olunub.
Həmçinin Abşeron yarımadasının dayaz sulu hissəsində geoloji
kəşfiyyat işlərinin aparılması sahəsində işlərin uğurla davam
etdirildiyi vurğulanıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 20-də Davosda İran İslam Respublikasının Prezidenti
Administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndian ilə
görüşüb.
Görüşdə Azərbaycan ilə İran arasında son illərdə dinamik inkişaf
edən ikitərəfli əlaqələrin hazırkı yüksək səviyyəsindən məmnunluq
ifadə olundu.
Məhəmməd Nəhavəndian İran Prezidenti Həsən Ruhaninin salamını və
xoş arzularını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırdı.
Dövlətimizin başçısı İrana qarşı tətbiq edilən sanksiyaların
götürülməsi münasibətilə İran Prezidentinə və xalqına təbriklərini
çatdırdı. Azərbaycan Prezidenti bildirdi ki, bu, ölkələrimiz
arasındakı əməkdaşlığın bütün sahələrdə daha sürətli inkişafına
töhfə verəcək. Prezident İlham Əliyev, həmçinin qeyd etdi ki,
Azərbaycan-İran əlaqələri ölkələrimizin maraqlarına xidmət etməklə
yanaşı, regionda sabitliyin və təhlükəsizliyin daha da
möhkəmlənməsi işinə töhfə verəcək.
Söhbət zamanı birgə layihələrin həyata keçirilməsi ilə bağlı da
geniş fikir mübadiləsi aparıldı. Bank, nəqliyyat və digər
istiqamətlərdə iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün geniş
imkanların olduğu vurğulandı.
Sanksiyaların götürülməsindən sonra İranın imkanlarının
genişləndiyini vurğulayan Məhəmməd Nəhavəndian bildirdi ki,
Azərbaycan ilə İran bundan istifadə edərək digər ölkələrin də
iştirakı ilə yeni layihələr reallaşdıra, əməkdaşlığı daha da
dərinləşdirə bilər.
Görüşdə Azərbaycan ilə İran arasında nəqliyyat sahəsində
əməkdaşlığın inkişaf etdirilməsinin region üçün böyük əhəmiyyət
daşıdığı bildirildi. Həmçinin sənaye, elektrik stansiyalarının
tikintisi, sərmayə qoyuluşu və digər sahələrdə yeni layihələrin
həyata keçirilməsi imkanları müzakirə edildi. Terrorizmə qarşı
səylərin birləşdirilməsinin regionda təhlükəsizliyin və sabitliyin
daha da möhkəmlənməsi baxımından əhəmiyyəti vurğulandı.
Prezident İlham Əliyev İran dövlətinin başçısının salamına görə
minnətdarlığını bildirdi, onun da salamının Prezident Həsən
Ruhaniyə çatdırılmasını xahiş etdi.