“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Qəhrəmanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nə əsasən ölkəmiz tərəfindən Kahramanmaraşda baş verən zəlzələdən zərər çəkmiş bölgələrin birində yenidənqurma işləri aparılacaq. Həmin layihənin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Hökuməti tərəfindən müəyyən məbləğ ayrılıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Toplu Mənzil İdarə Müdirliyinin (TOKİ) rəhbəri Ömər Bulud mediaya açıqlama verib.
İdarə rəhbərinin açıqlaması Türkiyə mediasında geniş işıqlandırılıb.
Demirörən Xəbər Agentliyinin (DHA) mövzuya dair yazısında deyilir: “Azərbaycanın 100 milyon dollarlıq dəstəyi ilə Qəhrəmanmaraşın Azərbaycan məhəlləsində tikiləcək yaşayış və iş yerləri üçün torpaq abadlaşdırılması işləri davam edərkən, TOKİ rəhbəri Ömər Bulud və Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov işlərlə yerində tanış olublar. Qəhrəmanmaraş Böyükşəhər Bələdiyyə başçısı Xeyrəddin Güngörün də iştirak etdiyi əraziyə baxış zamanı Bulud və Sadıqov tikintiyə cavabdeh şəxslərdən son vəziyyətlə bağlı məlumat alıblar. Ömər Bulud bildirib ki, Qəhrəmanmaraşda zəlzələdən zərərçəkənlər üçün ev tikintisi tam sürəti ilə davam edir”.
“Haber Türk” saytının xəbərində bu mənzillərin yaxın vaxtda sahiblərinə təqdim ediləcəyi bildirilib.
İhlas Xəbər Agentliyinin (İHA) “TOKİ sədri və Azərbaycan rəsmisi Azərbaycan məhəlləsinin inşa edildiyi əraziyə baxış keçiriblər” sərlövhəli yazısında bu ifadələr yer alıb: “Zəlzələ bölgəsinin yenidən qurulmasında mühüm rol oynayan Azərbaycan Qəhrəmanmaraşda min ev inşa edəcək. Şəhərdə Azərbaycan rayonunun yaradılması işlərinə başlanılıb. Azərbaycan 320 hektar ərazidə salınacaq məhəllənin 100 milyon dollarlıq hissəsini Azərbaycan ödəyəcək”.
Yazıda TOKİ rəhbərinin “Azərbaycan məhəlləsinin tikiləcəyi ərazi kommersiya əhəmiyyətli olacaq. Azərbaycanlı qardaşlarımızın o köhnə tarixi yaşatmaqla bağlı bir xahişləri oldu, bununla yanaşı minə yaxın ev tikəcəklər. İşlər artıq başlayıb, niyyətimiz bir il ərzində tikintini başa çatdırıb qanuni sahiblərinə verməkdir.
Xəbər Türkiyənin bir çox media qurumu tərəfindən yayımlanıb.
Xatırladaq ki, Prezident İlham Əliyev bu il noyabrın 22-də 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Qəhrəmanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə Qanunu imzalayıb.