Türkiyə Qazaxıstan, Azərbaycan və digər postsovet
ölkələri ilə bundan sonra da əlaqələrini inkişaf etdirməyi
hədəfləyir.
Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori
Trofimçuk söyləyib. Onun sözlərinə görə, Türkiyə Baş nazirinin
Qazaxıstana səfərinin əsas məqsədlərindən biri də İpək yolu
layihəsi ilə bağlıdır:
"Bəzi ekspertlər artıq Astananı Moskvaya qarşı qoymağa
çalışırlar. Onlar Türkiyə ilə münasibətlərdə Astananın tam ayrı yol
tutduğunu iddia edirlər. Lakin burada məsələ bir qədər fərqlidir.
Qazaxıstan rəhbərliyi bütün siyasi faktorları dəqiq bilir və özünün
strateji istiqamətlərinin heç birini, xüsusən də Avrasiya
Birliyinin inkişafı işini pozmaq istəmir. Nazarbayev
Qazaxıstan-Türkiyə münasibətlərində Rusiyaya zərər verəcək heç bir
addım atmayacaq. Türkiyə Baş nazirinin Qazaxıstana səfəri, əslində,
Türkiyənin Rusiya ilə münasibətlərdə ciddi problemlərin
başlanmasından sonra Astananın Ankara ilə əvvəlki razılıqları köhnə
formatda saxlanılmasını aydınlaşdırmaq, yaranan bəzi inamsızlıqları
aradan qaldırmaq məqsədi daşıyırdı. Beləliklə, Davudoğlunun
səfərinin əsasında regionda geosiyasi şəraitin qəflətən pisləşməsi
fonunda Qazaxıstan rəhbərliyi ilə Ankaranın münasibətlərinin
əvvəlki səviyyədə qalmasına əmin olmaq dururdu. Bununla belə, həmin
münasibətlərdə kəskin istiləşməni hələlik gözləməyə dəyməz. Birgə
layihələr yalnız əvvəllər müəyyən edilmiş parametrlərdə həyata
keçiriləcək. Bu format həmçinin Azərbaycanın cəlb olunduğu
layihələrə də aiddir. Lakin bir şeyi nəzərə almaq lazımdır ki,
Yaxın Şərqdəki situasiyanın bundan sonra da pisləşməsi Cənubi
Qafqaz və Xəzəryanı ölkələri birbaşa destabilizasiya ilə təhdid edə
bilər. Bu, müəyyən edilmiş layihələr və nəqliyyat
kommunikasiyalarının aradan qaldırılmasını qaçılmaz edir. Türkiyə
çalışır ki, müstəqil siyasət yürütsün, amma müharibənin getdiyini,
Türkiyəninsə burada NATO üzvü olduğunu xatırlamaq lazımdır".
Qeyd edək ki, şənbə günü Türkiyə Baş naziri Əhməd Davudoğlu
Qazaxıstana səfər edib. Səfəri çərçivəsində o, Prezident Nursultan
Nazarbayev, Baş nazir Kərim Mənsimovla görüşüb. Səfərdən öncə
mətbuata açıqlama verən Davudoğlu Qazaxıstanı özünün ikinci vətəni
adlandırıb.