Abşeron Sosial Müdafiə Mərkəzinin rəhbəri vəzifəsini
icra edən Oqtay Məmmədovun evindən külli miqdarda oğurluq edilməsi
barədə ötən gün məlumat vermişdik.
Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, Arif
Heydərov küçəsi - 29, mənzil 22-də yerləşən mənzildən 200 min ABŞ
dolları, 190 min manat və 150 min manat dəyərində qızıl-zinət
əşyaları naməlum şəraitdə oğurlanıb.
Polisdən verilən məlumatda göstərilir ki, Oqtay Məmmədovun həyat
yoldaşı Rəhilə Məmmədova məktəbdə müəllimə işləyir. Belə olan halda
isə ortaya başqa bir sual çıxır:
Müəllimə və bir rayonun Sosial Müdafiə Mərkəzinin rəsi
əvəzinin evində yarım milyon hardandır?
Şübhəli "oğurluq rəqəmi"
Oğurluq olan evə getdik. Evin zənginə kimsə qapını açanmadı.
Qapının dəstəyi də üzərində deyildi. Qapının qabağında ekspertiza
zamanı istifadə edilən tibbi əlcək vardı.
Qayıtmaq istəyəndə ev sahibləri gəlib çıxdı.
Oqtay Məmmədovun həyat yoldaşı Rəhilə Məmmədova yaşlı bir kişi
ilə evinə yaxınlaşdı. Rəhilə Məmmədovanın yanındakı kişi əvvəlcə
özünü Oqtay Məmmədov – evin sahibi - kimi təqdim etsə də, sonradan
ailənin yaxını olduğunu dedi. Əvvəlcə danışmaq istəməsə də, Rəhilə
Məmmədova sonradan nə düşünürsə, fikrini dəyişdi.
"Axar.az"ın müxbiri ilə söhbəti zamanı bildirdi
ki, evlərindən yüzminlərlə manat qiymətində oğurluq olması xəbəri
yalandır və rəqəmi çox şişirdiblər:
- Rəqəmləri düz yazmamısınız. Bizim evdən oğurluq olub, ancaq
siz yazdığınız qədər yox. Bir az qızıl və 20-25 min manat da pul
oğurlanıb. Qızıllar da gəlinimin idi. Bir cüt sırğa, bir bilərzik
və bir "komplekt". Qızıl və oğurlanan pullar hamısı bir yerdə 30
min manat olar, ya olmaz.
Oqtay Məmmədovla həyat yoldaşının sözləri
tutmur
Məsələ ilə bağlı "Milli.az"a açıqlama verən Oqtay Məmmədov isə
evdən çıxan pulların ona aid olmadığını dedi:
- Mənzilindən cəmi 35 min manat pul, yoldaşıma məxsus 6000 min
manat dəyərində qızıl oğurlanıb. Mənim pulum deyildi, oğlumun idi,
iş görmək istəyirdi. Maşınını satmışdı. Mən evdə olmayanda oğurluq
edilib.
Polis də rəqəmləri dəyişdi
Ən qəribəsi odur ki, Məmmədovlar ailəsi oğurluqla bağlı polisə
müraciət edəndə məbləği tamamilə fərqli göstəriblər. Nərimanov
Rayon Polis İdarəsinin 17-ci polis bölməsindən APA-ya verilən
məlumata görə, Bakı şəhər sakini Rəhilə Bahadır qızı Məmmədova
polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, ötən gün
evdə olmadığı müddətdə mənzilindən 200 min ABŞ dolları, 190 min
manat və 150 min manat dəyərində qızıl-zinət əşyaları naməlum
şəraitdə oğurlanıb.
Bu qədər dəqiqliklə verilən açıqlamadan sonra isə Nərimanov
Rayon Polis İdarəsinin rəisi Muradəli Babayev APA TV-yə oğurlanan
məbləğin ərizədə göstərildiyi qədər olmadığını təsdiqləyib:
- Mənzildən oğurlandığı deyilən məbləğ zərərçəkənin
uydurmasıdır. Qadın əvvəl evdən 35 min manat oğurlandığını
bildirib, sonra isə ifadə dəyişdirilib. Bu adi bir oğurluq
faktıdır.
Bu uydurma rəqəmi Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis
bölmənin niyə fərqinə varmadan dünən mediaya açıqlaması isə təbii
ki, maraq doğurmaya bilməz.