12:37
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev fevralın 17-də Gəncə şəhərinə səfərə
gedib.
Axar.az xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər
Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət
edərək önünə gül dəstəsi qoyub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ərazidə
aparılan yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat
verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın
17-də Gəncədə "İmamzadə" dini kompleksində aparılan əsaslı təmir və
yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcə respublika
ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə görüşüb.
Mərasim müqəddəs "Qurani-Kərim"dən ayələrin oxunması ilə
başlayıb.
Dövlət başçısı mərasimdə nitq söyləyib.
Sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam
Allahşükür Paşazadə çıxış edib.
Şeyxülislam Allahşühür Paşazadə dövlətimizin başçısına
"Qurani-Kərim" hədiyyə edib.
Daha sonra Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu
Aleksandr İşein, Dağ yəhudiləri dini icmasının sədri Milix
Yevdayev, Azərbaycan Katolik Kilsəsinin rəhbəri Vladimir Fekete və
Gəncə Dövlət Universitetinin dekanı Mübariz Yusifov çıxış
ediblər.
Mübariz Yusifov "Gəncə İmamzadə ziyarətgahı" kitabını Azərbaycan
Prezidentinə təqdim edib.
Mərasimdən sonra dövlətimizin başçısı "İmamzadə" kompleksində
yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyevə "İmamzadə" dini kompleksinin təmiri,
bərpası və ətrafında aparılan abadlaşdırma işləri barədə məlumat
verilib. Bildirilib ki, burada yenidənqurma və abadlıq işlərinə
2010-cu ilin mayında başlanılıb. "İmamzadə" kompleksinə daxil
olarkən ilkin tikili 17 metrlik Baştağ - portaldır. Bu portalın
ümumi uzunluğu 24, eni 7,5, hündürlüyü isə 17 metrdir. Keçid
darvazanın hər iki tərəfində mişar daşından yardımçı otaqlar
tikilib. Kompleksin abadlaşdırılan ərazisi 10 hektardır ki, onun da
5,8 hektarı ziyarətgahın mövcud sahəsidir. Ümumilikdə 6 hektar sahə
hasara alınıb və kərpiclə üzlənib.
Kompleksdə ümumi sahəsi 2 min kvadratmetrdən çox üçmərtəbəli
əsas bina inşa olunub. Buraya qadın və kişilər üçün
dəstəmazxanalar, anbar, inzibati və texniki otaqlar, mehmanxana
daxildir. Kompleksdə qadın və kişilər üçün ayrı-ayrılıqda iki namaz
zalı var. Binada xəttatlıq və kaşı materialları ilə üzləmə işləri
yüksək sənətkarlıqla yerinə yetirilib. Ziyarətçilərin ixtiyarına
dini kitabxana, konfrans zalı, muzey də verilib.
Dövlət başçısı beşinci imam Məhəmməd Baqirin oğlu İbrahimin
məzarının yerləşdiyi türbədə olub.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin qərb bölgəsi üzrə
səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov dinimizə göstərdiyi
qayğıya, bu dəyərli sənət əsərini Gəncəyə hədiyyə etdiyinə görə
dövlətimizin başçısına şəhər sakinləri və dindarlar adından dərin
minnətdarlığını bildirib.
Məlumat verilib ki, yenidənqurma işləri zamanı kompleksin
ərazisinin abadlaşdırılmasına da xüsusi diqqət yetirilib, 10 min
kvadratmetr sahə asfaltlanıb, səkilərə bəzək daşları döşənib,
müasir işıqlandırma sistemi quraşdırılıb. Burada 40 min
kvadratmetrə yaxın sahədə yaşıllıq zolağı yaradılıb, 7 min
kvadratmetr sahəyə döşəmə daşları döşənib, min avtomobil yerlik iki
dayanacaq tikilib.
Kompleksin belə cazibədar görkəm almasına stimul verən əsas amil
Prezident İlham Əliyevin görülən işlərə böyük diqqət göstərməsi
olub. Təsadüfi deyil ki, dövlətimizin başçısı təmir-bərpa prosesi
dövründə üç dəfə bu kompleksə gələrək işlərin yüksək səviyyədə
yerinə yetirilməsi üçün tapşırıq və tövsiyələrini verib. Prezident
İlham Əliyev "İmamzadə" kompleksinin milli memarlıq ənənələrimizə
uyğun şəkildə bərpası və ətrafında abadlaşdırma işlərinin
aparılması məqsədilə müxtəlif illərdə dövlət büdcəsində nəzərdə
tutulmuş Prezidentin ehtiyat fondundan kifayət qədər vəsaitin
ayrılması barədə sərəncamlar imzalayıb. Layihəni icra edən
"Gəncəkörpütikinti-2" Səhmdar Cəmiyyəti ziyarətgahda təmir bərpa və
tikinti işlərini apararkən qədim memarlıq üslubunu saxlamağa xüsusi
diqqət yetirib.
Sonda "İmamzadə" dini kompleksində ehsan verilib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
fevralın 17-də Gəncədə Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta
məktəbin binasının açılışında iştirak edib.
Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti
kəsib.
Prezident İlham Əliyevə məktəbin əsaslı təmiri və yeni tədris
korpusunun tikintisi barədə məlumat verilib. Bildirildi ki, bu
məktəb 1962-ci ildə istifadəyə verilib və ilk dövrlərdə 39 nömrəli
beynəlmiləl orta məktəb adlanıb. 1978-ci ildə görkəmli
ədəbiyyatşünas alim və yazıçı Mir Cəlal Paşayevin vəfatından sonra
onun adını əbədiləşdirmək üçün pedaqoji kollektivin xahişinə əsasən
məktəbə Mir Cəlal Paşayevin adı verilib. Bu təhsil ocağı nəinki
Gəncənin, ümumilikdə Azərbaycanın ən nüfuzlu məktəblərindən
biridir. Məktəbin müəllim kollektivi arasında "Tərəqqi" medalına,
"Əməkdar müəllim", "Qabaqcıl təhsil işçisi", "İlin ən yaxşı
müəllimi" fəxri adlarına layiq görülmüş pedaqoqlar var. Hər il
məzunların əksəriyyəti yüksək balla ölkəmizin və dünyanın nüfuzlu
ali təhsil ocaqlarına qəbul olur, Prezident təqaüdünə layiq
görülür.
Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı Sərəncama
əsasən bu məktəb 2009-2010-cu dərs ilində keçirilən "Ən yaxşı
ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olub. Hazırda məktəbdə
2138 şagird təhsil alır.
***
Fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Gəncədə Abbas Səhhət adına 1 nömrəli şəhər
xəstəxanasında aparılan əsaslı təmirdən sonra yaradılan şəraitlə
tanış olub.
Məlumat verilib ki, ərazisi 3,2 hektar olan xəstəxanada əsaslı
təmir və yenidənqurma işlərinə 2012-ci ildə başlanılıb. 245
çarpayılıq xəstəxana binası beşmərtəbəlidir. Burada cərrahiyyə,
travmatologiya, urologiya, terapiya, hemodializ, nevrologiya,
ginekologiya, dəri–zöhrəvi şöbələri fəaliyyət göstərəcək. Bundan
başqa, tibb müəssisəsində rentgen, fizioterapiya, laboratoriya,
ultrasəs müayinə, EKO bölmə və kabinetləri də yaradılıb.
Xəstəxanada nüvə maqnit rezonans tomoqrafiya, rəqəmsal rentgen
cihazı, çoxkəsikli kompyuter tomoqrafiyası, immunoferment
analizatoru, biokimyəvi analizator və tibbin ən son nailiyyətləri
olan digər avadanlıq və cihazlar var. Burada quraşdırılan avadanlıq
hesabına ən dəqiq laborator analizlər aparmaq, diaqnoz qoymaq
mümkündür.
Tibb ocağında müalicə işini də ən yüksək səviyyədə həyata
keçirmək üçün hərtərəfli imkan var. Buradakı avadanlıq dünyanın
aparıcı ölkələrinin nüfuzlu tibb cihazları istehsalı ilə məşğul
olan şirkətlərinin məhsullarıdır. Xəstəxanada 370 tibb işçisi
çalışır ki, onların 56-sı həkimdir. Tibb müəssisəsinin xidmətindən
nəinki şəhər, eləcə də ətraf rayonların əhalisi istifadə edə
biləcək.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
fevralın 17-də "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin
fəaliyyəti ilə tanış olub.
Məlumat verilib ki, əsası ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulan zavod 2004-cü ilin dekabrından fəaliyyətə
başlayıb. 2007-ci ilin martınadək müəssisədə OKA, UAZ, ÇAN-QAN
markalı avtomobillərın yığımı həyata keçirilib. 2007-ci ilin
martından etibarən Belarusun Minsk avtomobil və traktor zavodları
ilə bağlanmış müqaviləyə əsasən Gəncə avtomobil zavodunda yeni
yığım xətləri quraşdırılıb, müxtəlif markalı traktor və MAZ
avtomobillərinin istehsalına başlanılıb. 2016-cı il yanvarın 1-dək
müəssisədə 8 modeldə 6294 traktor, 134 xüsusi təyinatlı traktor
yığılaraq təhvil verilib. Bu texnikalardan 5737-i dövlət sifarişi
əsasında Aqrolizinq ASC-yə, qalan 497-i isə fermerlərə və iş
adamlarına satılıb. Həmin müddətədək 8 modeldə, müxtəlif
modifikasiyalarda 2578 MAZ avtomobili yığılaraq istifadəyə
verilib.
Bildirilib ki, "Addım-addım yeni uğurlara doğru irəli" devizi
ilə çalışan "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi
dövlətimizin başçısının diqqət və qayğısını daim hiss edir.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev müəssisənin işini müsbət
qiymətləndirib, 2014-cü ildə Azərbaycanda maşınqayırma sənayesinin
inkişafında xidmətlərinə görə birliyin bir sıra əməkdaşlarını
yüksək orden, medal və fəxri adlarla təltif edib.
***
Fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev "Gəncə - 2016-cı il Avropa Gənclər paytaxtı" parkında
yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, parkın inşasına 2015-ci ildə başlanılıb.
Tikinti işləri ilin sonunda başa çatdırılıb. Ümumi sahəsi 1,8
hektar olan parkda geniş tikinti-quruculuq və abadlıq işləri
aparılıb, yaşıllıq zolaqları salınıb. Parkın mərkəzində hündürlüyü
5 metr olan "Gəncliyin qanadları" abidəsi ucaldılıb.
***
Fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Gəncəçay çayı boyunca yaradılan park-bulvar kompleksi
ilə tanış olub.
Dövlət başçısına məlumat verilib ki, bulvar kompleksinin
uzunluğu 1,2 kilometrdir. İnşasına 2014-cü ildə başlanılan və ümumi
sahəsi 34 hektar olan bu kompleksdə istirahət üçün hərtərəfli
şərait yaradılıb, geniş işıqlandırma işləri görülüb, 15 fəvvarə və
müxtəlif kompozisiyalı 10 heykəl quraşdırılıb. Çayın məcrasının hər
iki tərəfində betondan ümumi uzunluğu 2,4 kilometr olan istinad
divarı tikilib. Bulvarda Bayraq Meydanı, "Əli və Nino" kompleksi,
Mətbuat evi, Kitab evi, Uşaq Əyləncə və Ticarət Mərkəzi,
altımərtəbəli və yeddimərtəbəli üç yaşayış binası, üç kafe,
restoran və kinoteatr, açıq havada attraksionlar və digər sosial
obyektlər inşa edilib. Burada 1,7 kilometr uzunluğunda velosiped
yolu və iki velosiped dayanacağı inşa edilib, böyük monitor
quraşdırılıb.
Bulvarın yuxarı hissəsindən keçən Azərbaycan Bayrağı küçəsi
abadlaşdırılıb, 1,5 hektar ərazidə avtomobillər üçün dayanacaq inşa
edilib. Bulvara yaxın ərazidə yerləşən üç yaşayış binası əsaslı
təmir olunub. Bundan əlavə, bulvar kompleksində kanalizasiya, yağış
suları ötürücüsü və içməli su təchizatı sistemi əsaslı şəkildə
yenidən qurulub.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
fevralın 17-də Gəncə Dövlət Filarmoniyasının binasında tikinti
işlərinin gedişi ilə tanış olub.
Məlumat verilib ki, burada 1200 tamaşaçı yeri olan konsert zalı,
açıq havada yay kinoteatrı, rəsm qalereyası, urban mərkəzi, baxış
qülləsi yaradılacaq. Binada iaşə obyektləri, həmçinin yeraltı qaraj
və yardımçı xidməti otaqlar fəaliyyət göstərəcək. Binanın fasadında
Azərbaycanın musiqi korifeylərinin heykəlləri qoyulacaq.
18:37
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
fevralın 17-də Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin
tələbə yataqxanasının açılışında iştirak edib.
Ölkəmizdə qeyri-neft sektorunun prioritet sahələrindən biri də
kənd təsərrüfatıdır. Bu sahədə peşəkar kadrların hazırlanmasında,
uğurlu layihələrin həyata keçirilməsində Azərbaycan Dövlət Aqrar
Universiteti mühüm yer tutur. İndiyədək bu ali təhsil ocağı
Azərbaycan, eləcə də dünya aqrar elmi üçün yüzlərlə alim və
mütəxəssis yetişdirib. Bu ali təhsil ocağı həm də ölkəmizin kənd
təsərrüfatının daha da inkişaf etdirilməsində elmi tədqiqatların
mühüm mərkəzi hesab olunur. Azərbaycan dövləti də bu ali təhsil
ocağının professor, müəllim və tələbə heyətinə daim diqqətlə
yanaşıb, onların elmi fəaliyyətlə səmərəli məşğul olmalarına,
yüksək səviyyədə təhsil almalarına və sosial məsələlərinin həllinə
həssaslıqla yanaşır. Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə
yataqxanasının inşası bu istiqamətdə görülən işlərin tərkib
hissəsidir. Yüksək zövqlə və keyfiyyətlə tikilmiş bina tələbələrin
sosial məsələlərinin həlli baxımından mühüm əhəmiyyətə malikdir.
Burada təhsil müddətində tələbələrin yaşaması və dərsdən sonra
istirahətləri üçün bütün imkanlar var. Bu ali təhsil ocağının
tələbələri də onlara göstərilən etimadı doğrultmağa çalışırlar.
Onlar istər respublika, istərsə də dünya əhəmiyyətli bilik
yarışmalarında ölkəmizi və təhsil aldıqları universiteti layiqincə
təmsil edirlər.
Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin
tələbə yataqxanasının rəmzi açılışını bildirən lenti kəsdi.
Kompleks dörd korpusu yeddimərtəbəli, bir korpusu isə
altımərtəbəli binalardan ibarətdir. Əsas korpusun foyesində ulu
öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilin
inkişafına göstərdikləri qayğını, həmçinin Gəncəyə səfərlərini əks
etdirən fotolardan ibarət guşə yaradılıb.
Binada qeydiyyat şöbəsi, zəngin kitabxana, stomatoloji kabinet,
müayinə otağı, fotoatelye fəaliyyət göstərir. Binalarda akt və
fitnes zalları, ticarət, iaşə və məişət xidməti obyektləri də var.
Yataqxanadakı 257 otağın 251-i ikinəfərlik, altısı isə
üçnəfərlikdir. Bütün mərtəbələrdə istirahət guşəsi və mətbəx var.
Dam örtüyünün 2000 kvadratmetr sahəsi yataqxanada yaşayanların
gəzintisi üçün nəzərdə tutulub. Yataqxananın elektrik enerjisi ilə
təminatı üçün 1000 kilovoltluq güc transformatoru, isti və soyuq su
ilə təminatı üçün qazanxana quraşdırılıb, su və yanğın hovuzları
inşa edilib.
Yataqxana istiqamətində Ozan və İsmət Qayıbov küçələrində
abadlıq-quruculuq işləri aparılıb, asfalt salınıb və işıqlanma ilə
təchiz edilib. Yolboyu hasarlar Gəncəyə xas memarlıq üslubunda
kərpiclə üzlənib.
Kompleksdə yaradılan şərait müxtəlif şəhər və rayonlardan olan
tələbələrə özlərini evdəki kimi hiss etməyə imkan verəcək.
***
Fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Gəncədə hərbi qulluqçular üçün inşa edilən şəhərciyin
açılışında iştirak edib.
Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulan nizami ordu quruculuğu siyasətini Prezident İlham Əliyev
uğurla davam etdirir. İndi Azərbaycan Silahlı Qüvvələri dünyanın ən
peşəkar və güclü ordularından birinə çevrilib. Milli Ordumuzun
şəxsi heyətinin həyat şəraitinin yaxşılaşdırılması da diqqət
mərkəzində saxlanılır, bu istiqamətdə çox mühüm və ardıcıl
tədbirlər həyata keçirilir. Bu sahədə daha bir mühüm addım atılıb.
Gəncə şəhərində hərbi qulluqçular üçün şəhərcik inşa olunub. Bütün
lazımi şəraitlə təchiz edilmiş belə müasir şəhərciyin salınması
hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına
yönəlməklə yanaşı, ordumuzun qüdrətinin artmasına da mühüm təsir
göstərir.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport
verdi.
Dövlətimizin başçısına məlumat verildi ki, yaşayış kompleksi 14
çoxmənzilli binadan ibarətdir. Kompleks şəhərin Yeni Gəncə yaşayış
massivində 2-ci mikrorayonda yaradılıb. Doqquzmərtəbəli binalardan
ibarət kompleksdə ümumilikdə 696 mənzil var. Onların 48-i
birotaqlı, 224-ü ikiotaqlı, 312-si üçotaqlı, 112-si isə
dördotaqlıdır. Mənzillər su, işıq, qaz və "kombi" istilik sistemi
ilə təmin olunub. Kompleksin ərazisində yaşıllaşdırma və abadlıq
işləri ilə yanaşı, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri
üçün hərtərəfli şərait yaradılıb. Uşaq əyləncə və idman meydançası
salınıb. Yaşayış kompleksinə gedən "28 May" prospekti yenidən
qurulub, işıq dirəkləri təzələnib.
Prezident İlham Əliyev mənzillərdə yaradılmış şəraitlə tanış
oldu.
Dövlətimizin başçısı hərbçilərin ailə üzvləri ilə görüşdü.
Hərbçilər onlar üçün yaradılan şəraitdən razılıqlarını
bildirdilər.