Fevralın 19-da Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun
rəhbəri Mehriban Əliyeva Fransa Senatının Yuxarı Departamentindən
olan senatoru, Fransa-Qafqaz dostluq qrupunun üzvü Jan-Mari Bokelin
başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Axar.az xəbər verir ki, Fransa Senatının üzvlərini Bakıda
görməkdən məmnun olduğunu bildirən Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva nümayəndə heyətinin bu səfərinin Azərbaycan-Fransa
əməkdaşlığının daha da möhkəmlənməsinə, xüsusilə də
parlamentlərarası əlaqələrin genişlənməsinə töhfə verəcəyini
vurğulayıb.
Mehriban Əliyeva ölkələrimiz arasında siyasi, iqtisadi,
humanitar sahələrdə güclü əməkdaşlığın olduğunu, əlaqələrin yaxşı
templərlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, əməkdaşlığın
yüksək səviyyəyə çatmasında Fransa Senatının üzvlərinin, həmçinin
Azərbaycanın Fransadakı dostlarının və Fransa-Azərbaycan dostluq
qrupunun üzvlərinin əməyi böyükdür. Dostluq qrupunun əsas məqsədi
Azərbaycan reallıqlarını Fransa ictimaiyyətinə çatdırmaqdır.
"Şadam ki, birgə fəaliyyətimiz nəticəsində son illər bir çox
uğurlara nail olmuşuq. Bu illər ərzində Fransa və Azərbaycanın 12
regionu və şəhəri arasında qardaşlaşma və əməkdaşlıq haqqında
sənədlər imzalanıb", - deyən Mehriban Əliyeva ölkəmizdə Fransız
Liseyinin fəaliyyət göstərdiyini, bu il Fransız Universitetinin
açılışının nəzərdə tutulduğunu da qonaqların diqqətinə
çatdırdı.
Heydər Əliyev Fondunun prezidenti Fransada Azərbaycan
mədəniyyəti ilə bağlı müxtəlif tədbirlərin təşkil olunduğunu, bu il
də belə tədbirlərin keçiriləcəyini bildirərək, bütün bunların
ölkəmizin daha yaxşı tanıdılmasına xidmət etdiyini vurğuladı.
Ölkəmizə səfər edən Fransa Senatı üzvlərinin paytaxtla yanaşı,
regionlarımıza da səfər edəcəklərini məmnunluqla qeyd edən
Azərbaycanın birinci xanımı səfər zamanı qonaqların
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın
və məcburi köçkünə çevrilmiş insanlarla görüşəcəklərini dedi.
Azərbaycanın 20 ildən çoxdur ki, münaqişənin sülh yolu ilə həllinə
çalışdığını diqqətə çatdıran Mehriban Əliyeva danışıqların heç bir
nəticə vermədiyini təəssüflə vurğuladı. Azərbaycan-Fransa
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri bildirdi ki,
Azərbaycan dövləti bu məsələdə Fransanın dəstəyini yüksək
qiymətləndirir.
"Mövqeyimiz bəllidir: bizim digər ölkənin torpaqlarına iddiamız
yoxdur. Biz Azərbaycan torpaqlarının azad olunmasını, qaçqın və
məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını istəyirik", -
deyən Mehriban Əliyeva Fransada güclü erməni lobbisinin fəaliyyət
göstərməsindən danışıb və vurğulayıb ki, onların əsas məqsədi
Azərbaycan haqqında yalan informasiya yaymaqdır. Dostluq qrupunun
məqsədi isə Fransa ictimaiyyətini həqiqətlərlə tanış etməkdir.
Mehriban Əliyeva bu işdə göstərilən dəstəyə görə Fransa Senatının
üzvlərinə təşəkkürünü bildirdi.
Fransa Senatının üzvü Jan Mari-Bokel Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın iki ölkə arasında əlaqələrin daha da
möhkəmlənməsində rolunu yüksək qiymətləndirib.
Görüşdə xatirə şəkli çəkdirilib.