Qarabağ savaşında xüsusi
cəsarəti və bacarığı ilə ad çıxaran tanınmış simalardan biri -
Sərdar Həmidov fevralın 28-də 1 saylı Şəhər Kliniki Xəstəxanasında
dünyasını dəyişdi.
Sərdar Həmidovun adı daha çox Ağdərə əməliyyatı ilə məşhurlaşıb.
Həmin əməliyyat zamanı Tərtər rayonunun bir neçə kəndini, o
cümlədən Şıxarxı işğaldan azad edən Sərdar Həmidov sonradan bu
qələbənin nəticələri əldən çıxarkən və erməni-rus birləşmələrinin
yeni işğalı başlayarkən, işğaldan azad edilən sözügedən əraziləri
qorumağı bacarıb. Döyüşlərdə qazandığı uğurlara görə sabiq
prezident Əbülfəz Elçibəy tərəfindən Fəxri Fərmanla təltif
edilib.
Keçmiş döyüşçü Elbrus Sadıqov Axar.az-a bildirib ki, 8 kəndin
erməni işğalından azad edilməsində Sərdar Həmidovun müstəsna
xidməti olub:
"Tərtərin müdafiəsində Sərdar Həmidovun xidməti əvəzsizdir. Bizi
başına yığaraq rayonu müdafiə edib. O, həmişə bizimlə birgə
səngərdə dayanıb. Bütün əməliyyatlarda birbaşa özü iştirak
edirdi.
1994-cü ilin apreli idi. Ermənilər hər tərəfdən hücuma keçmişdi.
Onlar bütün qüvvələrini Tərtərə yönəltmişdilər. Məqsəd isə Kür
çayına çatmaq idi. 3-cü Sovxoz tərəfdə şiddətli döyüş oldu. Geri
çəkilməli olduq. Ancaq Sərdar Həmidovun əmri ilə yenidən hücuma
keçdik. Çox böyük döyüş oldu. Hətta əlbəyaxa döyüşürdük. Döyüşdən
sonra ermənilər danışıq üçün xəbər göndərdi. Onda mən bölük
komandiri idim və görüşə gedənlərdən biri oldum. Həmin görüşdə
ermənilər belə Sərdar Həmidovun qəhrəmanlığını etiraf
edirdilər".
Keçmiş döyüşçü Niyazi Qurbanov Sərdar Həmidovun təkcə Tərtəri
yox, digər rayonların da erməni hücumundan qorunmasındakı xidmətini
xatırladıb:
"Sərdar Həmidov döyüş vaxtı hamımızın qeydinə qalırdı. Bir yerdə
döyüşmüşük. Ermənilər ondan çox qorxurdu. Ermənilərin Tərtərlə
bağlı xüsusi planı var idi. Onlar rayonu işğal etdikdən sonra
Tərtəri sanatoriyaya çevirmək arzusunda olduqlarını açıq-aşkar
bəyan edirdilər.
Ermənilər Qafanlıya girmək istəyəndə Sərdar Həmidov Bakıya
gedirdi. Bu xəbəri eşidəndə Kürdəmirdən geri qayıdıb müdafiəni
təşkil etdi... Bir məsələ var ki, Tərtər əldən çıxsaydı, Ağstafa,
Qazax, Tovuz, Xanlar, Şəmkir, Gəncə, Yevlax və Goranboya da böyük
təhlükə yaranacaqdı. Ona görə də Sərdar Həmidovun Tərtərdə etdiyi
qəhrəmanlığı bir rayonun adına bağlamaq olmaz, o, döyüş vaxtı
üzərinə düşən işi görüb, mümkün olandan da artığını edib və bunları
ölüm təhlükəsi ilə üz-üzə qalaraq eləyib".
Sərdar Həmidovun Tərtərə rəhbərlik etdiyi dövrlərdə onun
mühafizə rəisi işləmiş Fəxrəddin Sultanov sabiq başçının rayonda
böyük nüfuza sahib olduğunu vurğulayıb:
"Mən Sərdar Həmidovun uşaqlıq dostu olmuşam. Daima yanında
olurdum. Ölənə qədər də bir yerdə olduq. Müharibə başlayanda çox
vaxt evə getmirdik. Elə İcra Hakimiyyətində yatırdıq.
Bir dəfə İH-yə gələndə gördüm ki, Sərdar Həmidov içəridə tək
oturub. Fikrə getmişdi. Təxminən 5 dəqiqə danışmadıq. Arada silah
səsləri gəlirdi. Fikirlərini mənimlə bölüşməsə də, rayonun taleyini
düşündüyünü hiss etdim. Sonra çıxdıq həyətə. Müharibə başlayanda
rayon camaatı evlərini tərk edirdi. İnsanlar gördü ki, icra başçısı
qaçmayıb, burdadı. Ondan sonra rayonda canlanma gördük...
Həmidov heç nədən qorxmurdu. O, həmişə deyirdi ki, "erməni
gülləsi ilə ölsəm, fəxr edərəm". Yəni vətən yolunda ölmək onun üçün
böyük şərəf idi".
Xatırladaq ki, Sərdar Həmidov 1950-ci ildə Kəlbəcərdə doğulub.
1992-1994-cü illərdə Tərtər rayonunun icra başçısı olub. Keçmiş
Daxili İşlər naziri İsgəndər Həmidovun qardaşı idi.