18:14
Prezident İlham Əliyev "Milli iqtisadiyyat və
iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin
başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər
haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq, həyata keçirilmiş iqtisadi siyasətin
və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın
mövcud vəziyyətinin dərin təhlili və yeni iqtisadi inkişaf
strategiyasının hazırlanması məqsədi ilə qərara alıram:
1. "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə
strateji yol xəritəsinin başlıca istiqamətləri" təsdiq edilsin
(əlavə olunur).
2. "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə
strateji yol xəritəsinin başlıca istiqamətləri"nə müvafiq olaraq
inkişaf planlarının işlənilməsi məqsədi ilə aşağıdakı tərkibdə İşçi
qrupu yaradılsın:
İşçi qrupunun rəhbəri
Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin İqtisadi
islahatlar üzrə köməkçisi.
İşçi qrupunun üzvləri:
İlqar Fətizadə – Azərbaycan Respublikası maliyyə nazirinin
birinci müavini
Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin
müavini
Alim Quliyev – Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin
birinci müavini
Vilayət Vəliyev – Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyinin İqtisadi islahatlar Elmi-Tədqiqat İnstitutunun
direktoru
Ədalət Muradov – Azərbaycan Dövlət İqtisad Universitetinin
rektoru
Emin Hüseynov – ADA Universitetinin prorektoru
3. İşçi qrupuna tapşırılsın ki, bu Sərəncamın 1-ci hissəsi ilə
təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas
sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"
nəzərə alınmaqla, aşağıdakı layihələri altı ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin:
3.1. 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasının və
tədbirlər planının layihəsini;
3.2. 2025-ci ilədək dövr üçün uzunmüddətli baxışın
layihəsini;
3.3. 2025-ci ildən sonrakı dövrə hədəf baxışın layihəsini.
4. Müəyyən edilsin ki:
4.1. bu Sərəncamın 3.1-3.3-cü yarımbəndlərində nəzərdə tutulmuş
layihələrin hazırlanması işinə İşçi qrupu tərəfindən yerli və
xarici ekspertlər, mütəxəssislər, məsləhətçi şirkətlər və elmi
təşkilatlar cəlb oluna bilər;
4.2. bu Sərəncamın 3.1-3.3-cü yarımbəndlərində nəzərdə tutulmuş
layihələrin hazırlanması ilə əlaqədar Azərbaycan Respublikasına
dəvət edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin
Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən
struktur bölmələrindən viza ala bilərlər;
4.3. bu Sərəncamın 2-ci hissəsinə uyğun olaraq yaradılan İşçi
qrupunun dəvət məktubu bu Sərəncamın 4.2-ci bəndində nəzərdə
tutulmuş viza verilməsi üçün əsas hesab edilsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, mərkəzi və
yerli icra hakimiyyəti orqanlarının və aidiyyəti dövlət
qurumlarının rəhbərlərinə tapşırılsın ki, İşçi qrupunun müraciəti
əsasında lazımi məlumatların və sənədlərin təqdim olunmasını,
habelə İşçi qrupunun fəaliyyətində nümayəndələrinin iştirakını
təmin etsinlər.
6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir", - sərəncamda
qeyd edilir.
19:18
İlham Əliyev "Yol hərəkəti haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli
Fərmanında dəyişikliklər edilməsi haqqında fərman
imzalayıb.
Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il
22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998, № 11, maddə 666; 2001, № 7, maddə
459; 2003, № 10, maddələr 546, 571; 2004, № 8, maddə 617, № 12,
maddə 1005; 2006, № 9, maddə 743; 2008, № 8, maddə 719; 2009, № 4,
maddə 226, № 8, maddə 630; 2010, № 7, maddə 606; 2011, № 6, maddə
510; 2012, № 5, maddə 423, № 11, maddə 1079; 2014, № 9, maddə 1043;
2015, № 2, maddələr 110, 140, № 6, maddə 707, № 10, maddə 1116)
2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Üçüncü abzasa "27-ci maddəsinin" sözlərindən sonra "II
hissəsinin 3-cü bəndində (birinci halda) və 4-cü bəndində (birinci
halda)," sözləri əlavə edilsin.
2. On altıncı abzasa "27-ci maddəsinin 2-ci hissəsinin 3-cü
bəndində" sözlərindən sonra "(ikinci halda)" sözləri əlavə
edilsin.
3. On yeddinci abzasa "27-ci maddəsinin 2-ci hissəsinin 4-cü
bəndində" sözlərindən sonra "(ikinci halda)" sözləri əlavə
edilsin.
4. İyirmi yeddinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda iyirmi səkkizinci
abzas əlavə edilsin:
"həmin Qanunun 27-ci maddəsinin XIII-I hissəsinin birinci
cümləsində və ikinci cümləsində (birinci halda) nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.".
***
İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş
"Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak
növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti
orqanlarının Siyahısı"nda dəyişikliklər edilməsi haqqında fərman
imzalayıb.
Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Daşınar əmlakın
rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların
qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı"nı "Yol
hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci
il 30 sentyabr tarixli 1341-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq
məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel
tarixli 564 nömrəli Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007, № 4, maddə 326; 2008, № 6, maddə 495,
№ 11, maddələr 969, 980; 2013, № 6, maddə 656; 2014, № 10, maddə
1176; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral
tarixli 779 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Daşınar əmlakın
rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların
qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı"nın
"Qeydiyyata alınan əmlak növləri" sütununda aşağıdakı dəyişikliklər
edilsin:
1. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:
"Traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə
edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələri".
2. 5-ci hissə aşağıdakı redaksiyada verilsin:
"Texnoloji nəqliyyat vasitələri, habelə "Yol hərəkəti haqqında"
Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin II hissəsinin
1-ci və 3-cü bəndlərində göstərilən nəqliyyat vasitələri istisna
olmaqla, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələri".
***
İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 28 dekabr tarixli 695 nömrəli Fərmanı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə
İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi
haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman
imzalayıb.
Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan
Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin
Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi
haqqında Əsasnamə"ni "Yol hərəkəti haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1341-IVQD nömrəli
Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 dekabr
tarixli 695 nömrəli Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1245; 2008, № 10, maddə
898; 2009, № 4, maddə 219, № 12, maddə 983; 2011, № 2, maddə 85)
ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar
Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən
Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamə"nin 9.11-ci bəndi
aşağıdakı redaksiyada verilsin:
"9.11. texnoloji nəqliyyat vasitələrinin, habelə "Yol hərəkəti
haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin II
hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən nəqliyyat vasitələri
istisna olmaqla, siyahısı Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat
vasitələrinin dövlət qeydiyyatını aparmaq, onlara qeydiyyat
şəhadətnaməsi vermək və ildə bir dəfə texniki baxışdan
keçirmək;".