Tanınmış jurnalist və hüquq müdafiəçisi Eynulla
Fətullayev maraqlı araşdırma ilə çıxış edib. ABŞ Senatının Xarici
Əlaqələr Komitəsinin iki tədqiqatçısı - Con Zadrozni və Daniel
Vajdiçin Bakı səfərinə toxunan müəllif müşahidələrini ortaya
qoyub.
Müəllifin fikrinə görə, bu səfərin əhəmiyyəti amerikalı
mütəxəssislərin Bakıda əldə etdiyi və böyük ehtimalla artıq öz
siyasi rəhbərliyinə ötürdüyü informasiyaların Vaşinqtonun
Azərbaycandakı vəziyyətə dair baxışlarını köklü surətdə yenidən
nəzərdən keçirməyə məcbur edəcəyinə görə əhəmiyyətlidir.
Hər iki Senat əməkdaşının ABŞ kəşfiyyat orqanlarına qeyri-leqal
bağlılığına və ABŞ xarici siyasətinə təsirinə diqqət çəkən
E.Fətullayev D.Vajdiçi Azərbaycandakı vəziyyətə sərt yanaşma
tərəfdarı kimi təqdim edir: "D.Vajdiç Bakıya ilk dəfə hələ 2010-cu
ilin iyul ayında gəlib. Yeri gəlmişkən, D.Vajdiç Azərbaycana ilk
səfəri zamanı burada ABŞ politoloqu və "American Enterprise"
institutunun əməkdaşı kimi təqdim olunmuşdu".
Xədicənin etirafları
Müəllif Senat əməkdaşlarının jurnalist Xədicə İsmayıl, hüquq
müdafiəçisi Emin Hüseynov və vəkil Rəşid Hacılı ilə görüşündən də
yazır. Bildirir ki, Xədicə İsmayıl Azərbaycanda demokratiyanın
böhranından, korrupsiyadan, təhsil və səhiyyə sisteminin iflic
olmasından, məktəblərdə elementar kompüterlərin olmamasından,
ölkədəki sosial gərginlikdən onlara danışıb...
"Bir sözlə, X.İsmayılova buna əmin olduğunu qətiyyətlə bildirir
ki, Azərbaycanda inqilabın bütün ilkin şərtləri yetişib, inqilab
ərəfəsindəki vəziyyət yaranıb...
Görünür, X.İsmayılova həmsöhbətlərinin sual dolu baxışlarını
özünəməxsus şəkildə başa düşür deyə onları daha bir etirafı ilə mat
qoyur: "Bilirsinizmi, Azərbaycanda indiyədək niyə inqilab baş
verməyib? Çünki bunda Qərb günahkardır!"
Qərb? Bəli, Qərb.
Çünki Vaşinqton "Maqnitski qanunu"nu Azərbaycana da tətbiq
etməlidir, amma etmir... Çünki nüfuzlu konqresmenlər Bakıya gəlib
milli-demokratik qüvvələrə dəstək vermirlər... Çünki ABŞ
Azərbaycana münasibətdə digər təzyiq mexanizmlərini işə
salmır...
...Bu jurnalist söhbət boyunca yalnız bu fikirdə israr edir ki,
Qərb müxalifətə və vətəndaş cəmiyyəti fəallarına ayırdığı
maliyyənin həcmini artırmalıdır. Yəni Qərbi açıq şəkildə pul
paylamağa çağırır!
C.Zadrozni ilə D.Vajdiç Azərbaycan müxalifətinin dağılıb
getməsinin səbəblərini izah eləməyə çalışırlar, etiraz hərəkatının
zəifləməsinin kökündə dayanan hadisələrin əsl mahiyyətini açmağa
cəhd edirlər".
"Müxalifətdən kim hakimiyyətlə bağlıdır?"
Bu başlıq altında Eynulla Fətullayev Xədicə İsmayılın siyahısını
təqdim edir. Müəllifin sözlərinə görə, "Zadrozniyə baxanda nisbətən
az təcrübəli olan gənc Vajdiçin səhlənkarlığı və Bakı aeroportunda
gömrükdən keçərkən yol verdiyi diqqətsizlik X.İsmayılovanın bu
hay-küylü hesabatı barədə informasiya sızıntısına yol açıb. Bu
hesabat redaksiyamıza da elə gömrük xidmətindəki mötəbər mənbə
tərəfindən verilib.
Bəs hakimiyyətə kimlər işləyir?
Xədicə İsmayılovanın hesabatında hakimiyyətlə əməkdaşlıq edən
aşağıdakı müxalifətçilərin və vətəndaş cəmiyyəti sektoru
təmsilçilərinin adları göstərilir.
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf
Arifoğlu - Daxili İşlər Nazirliyindən maliyyələşir.
R.Arifoğlunun siyasi idarəçiliyi bilavasitə Prezident
Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov
tərəfindən həyata keçirilir. R.Arifoğlu DİN-ə 2006-cı ilin
avqustundan işləyir.
Müsavat başqanı İsa Qəmbər - İlham Əliyev
hakimiyyəti tərəfindən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf
Arifoğlunun köməyi ilə "verbovka" olunub. İsa Qəmbərin
fəaliyyətinin koordinasiyası Prezident Administrasiyası tərəfindən
Rauf Arifoğlu vasitəsilə həyata keçirilir. İsa Qəmbərin
maliyyələşdirilməsi R.Arifoğlunun hər ay DİN-dən aldığı vəsait
hesabına həyata keçirilməkdədir. İsa Qəmbərin oğulları Turqut və
İlkin Qəmbər də həmçinin Rauf Arifoğlu tərəfindən
maliyyələşdirilir.
Müsavat Partiyası ilə hakimiyyət arasında 2015-ci il parlament
seçkilərində partiyanın bir neçə fəalına deputat mandatı
verilməsinə dair razılaşma əldə olunub. Əldə edilmiş razılaşmaya
əsasən növbəti çağırış parlamentdə deputat mandatını İsa Qəmbər
özü, habelə onun partiyasının bir neçə təmsilçisi də əldə edəcək.
Separat razılaşmanın şərtlərinə riayət edən İsa Qəmbər üzərinə
götürdüyü öhdəlikləri yerinə yetirərək Milli Şuranı parçaladı,
hakimiyyətlə əməkdaşlıq etməyə başladı və konstruktiv müxalifət
mövqeyi tutdu.
Siyasətçi Arif Hacılı, Müsavat Partiyası Mərkəzi İcra
Aparatının rəhbəri - Ədliyyə Nazirliyi Penitensiar
Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən ələ
alınıb.
Jurnalist Eynulla Fətullayev - 2002-ci ildən
Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq edir. E.Fətullayevin
hərəkətləri belə təsəvvür yaradır ki, onun 2007-ci ildəki həbsi,
sonrakı məhbusluğu və səs-küylü şəkildə azad edilməsi Azərbaycan
xüsusi xidmət orqanlarının planlarının bir hissəsi idi.
X.İsmayılova jurnalisti həddən artıq təhlükəli və məkrli adam kimi
xarakterizə edir.
Siyasətçi Həsən Kərimov, AXCP sədrinin müavini
- MTN-in Antiterror Mərkəzi ilə birbaşa əlaqədədir. İdarə
olunur.
Siyasətçi Eldar Namazov - 80-ci illərin
sonlarında SSRİ KQB-si tərəfindən "verbovka" olunub. İnformasiya
Azərbaycan KQB-nin keçmiş sədri Vaqif Hüseynov tərəfindən də
təsdiqlənir. 80-ci illərin sonlarında E.Namazov Azərbaycan KQB-si
ilə analitik və xüsusi agent qismində əməkdaşlıq edib. SSRİ-nin
dağılmasından sonra xüsusi agent Rusiya xüsusi xidmət orqanlarının
nəzarətinə keçib. Hazırda Rusiya Federal Təhlükəsizlik Xidməti ilə
əməkdaşlıq edir və maliyyələşdirilir.
İctimai fəal Erkin Qədirli - Prezident
Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin
rəhbəri Fuad Ələsgərovla əməkdaşlıq edir. Onunla tez-tez görüşür və
bilavasitə F.Ələsgərovun özündən təlimatlar alır. Məhz Ələsgərov
E.Qədirlini həbslərdən və repressiyalardan qoruyur.
Jurnalist Babək Bəkir - "Azadlıq"
radiostansiyasının Azərbaycan xidmətinin rəhbəri. Xüsusi xidmət
orqanları ilə əməkdaşlıq edir. X.İsmayılovanın agentura hesabatında
göstərilir ki, məhz Babək Bəkirin hakimiyyətə yaxınlığı ona
radiostansiya rəhbərliyinin Azərbaycan hakimiyyətinin təzyiqləri
ilə X.İsmayılovanı vəzifəsindən uzaqlaşdırandan sonra xidmətin
rəhbəri vəzifəsini tutmağa imkan verdi.
Jurnalist Mehman Əliyev - Babək Muradov adlı
sahibkarın vasitəsi ilə MTN-lə əməkdaşlıq edir. Babək Muradov MTN
rəhbərliyinə yaxın şəxsdir. M.Əliyev maskalanmış radikal
müxalifətçi rolunda B.Muradova informasiyaları sızdırır.
Əbülfəz Elçibəyin ailəsi - tamamilə Prezident
Administrasiyası tərəfindən nəzarət olunur və maliyyələşdirilir.
Eks-prezidentin ailəsi ilə administrasiya arasında vasitəçiliyi
Elçibəyin qardaşı Almurad Əliyev həyata keçirir. Administrasiya ilə
həmçinin İsa Qəmbərin müavini, keçmiş deputat Arzu Səmədbəyli də
əməkdaşlıq edir.
Siyasətçi Mirmahmud Fəttayev - Şeyxülislam
Allahşükür Paşazadə vasitəsilə hakimiyyətlə əməkdaşlıq qurub. Onun
nəzarəti və təsiri altındadır.
ReAl hərəkatı İdarə Heyətinin üzvləri Natiq Cəfərli,
Zöhrab İsmayıl, Xalid Bağırov və hərəkatın digər üzvləri
də Prezident Administrasiyasının siyasi analiz şöbəsinin rəhbəri
Elnur Aslanovla fəal əməkdaşlıq edirlər. Məhz E.Aslanov ReAl
hətəkatının yaradılmasının ideya müəllifi və təşəbbüskarıdır.
Siyasətçi Sərdar Cəlaloğlu - Prezident
Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbərinin müavini Tahir
Süleymanov tərəfindən koordinasiya olunur və idarə edilir.
Hüquq müdafiəçiləri Çingiz Qənizadə, Novella Cəfəroğlu,
Səadət Bənənyarlı, Səidə Qocamanlı, Arzu Abdullayeva, Eldar
Zeynalov - Leyla Yunus istisna olmaqla bunların hamısının
fəaliyyətini Ədliyyə Nazirliyi və Milli Məclisin Beynəlxalq
Məsələlər Komitəsinin sədri Səməd Seyidov koordinasiya edir.
Siyahıda göstərilir ki, hüquq müdafiəçisi Elçin
Behbudov daxili işlər naziri Ramil Usubov və MTN rəhbəri
Eldar Mahmudovla əməkdaşlıq edir...
Xədicə İsmayılovanın Zadrozni və Vajdiçə təqdim etdiyi siyahıda
vətəndaş cəmiyyəti sektorunun, QHT və KİV-lərin hakimiyyətlə
əməkdaşlıq etdiyi iddia olunan 100-ə yaxın nümayəndəsinin adları
göstərilir".
Sonda X.İsmayılın bu hesabatını "murdar hesabat" adlandıran
müəllif ona xarici kəşfiyyatın casusu və satqın ittihamını irəli
sürür...