Azərbaycana məxsus əraziləri, o cümlədən Dağlıq Qarabağı
işğal etmiş erməni silahlı birləşmələri aprelin 1-dən 2-nə keçən
gecə cəbhə xəttində Azərbaycanın dinc əhalisinə qarşı növbəti
təxribatçılıq əməli törədiblər. Dünya ictimaiyyəti bilməlidir ki,
ermənilərin dinc əhaliyə qarşı davamlı təxribatçı əməlləri
azərbaycanlıların və ermənilərin Dağlıq Qarabağda birgə dinc
yaşamalarının mümkünsüzlüyü barədə fikir formalaşdırmaq məqsədi
daşımaqla yanaşı, bütün beynəlxalq vasitəçilərin də
dəyişdirilməsinin tərəfdarı olduğu mövcud status-kvonu saxlamaq
niyyəti güdür.
Axar.az Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir
ki, bu fikirlər Azərbaycan parlamentinin AŞPA-da daimi nümayəndə
heyətinin rəhbəri Səməd Seyidovun Assambleyanın sədri Pedro
Aqramunta müraciətində yer alıb.
Müraciətdə bildirilir ki, bu cinayətkar təxribatın vaxtı və
tarixi təsadüfi seçilməyib. AŞPA-nın yeni rəhbərliyinin və
Azərbaycan Prezidentinin birgə səyləri nəticəsində erməni lobbisi
tərəfindən süni şəkildə yaradılmış Azərbaycanda "siyasi
repressiyalarla" bağlı mif – "demokratik Artsax" və "avtoritar
Azərbaycan"ın uyğunsuzluğunu isbat etmək məqsədilə yaradılmış
uydurma fikir duman kimi dağıldı.
Prezidentin əfv fərmanları, Azərbaycan məhkəmələrinin vətəndaş
cəmiyyəti nümayəndələrinin məhkəmə zalındaca azad edilməsi ilə
bağlı müstəqil qərarları, QHT-lərin fəaliyyəti üçün bütün mümkün
maneələrin aradan qaldırılması, hökumətin liberal iqtisadi
islahatları və bir çox başqa hadisələr beynəlxalq ictimaiyyətdə
çaşqınlıq yaratmağa, onu aldatmağa çalışanların planlarını alt-üst
etdi.
Müraciətdə deyilir: "Sizin ölkəmizə xanım Moqerinin səfəri ilə
üst-üstə düşən səfəriniz zamanı şahidi olduğunuz Azərbaycanın
xarici siyasətdəki uğurları - Avropa İttifaqı ilə münasibətlərdə
müsbət niyyəti, Azərbaycan Prezidentinin nüvə təhlükəsizliyi ilə
bağlı sammitlə əlaqədar Vaşinqtona səfəri zamanı ABŞ-ın liderləri
tərəfindən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində
Azərbaycanın mövqeyinin rəsmi olaraq dəstəklənməsi faktlarını da
buraya əlavə etsək, onda görərik ki, regionda vəziyyətin
qeyri-stabilləşməsi kimlərə sərf edir. Bölgənin od-alov içərisində
olmasında, Cənubi-Şərqi, o cümlədən bütün Avropanın enerji təminatı
və siyasi stabilliklə bağlı geostrateji planlarından birdəfəlik
çıxarılmasında kimlər maraqlıdır".
Qeyd edilir ki, hər bir hərbi münaqişə, hər şeydən əvvəl, insan
tələfatıdır. Bu gün ermənilərin təxribatları nəticəsində Azərbaycan
və erməni əsgərlərin analarının gözləri yaşlı qalıb. Ermənistan
hökumətinin avantürist hərəkətləri, süngü hesabına uzun müddət
hakimiyyətdə qalmağın mümkünsüzlüyünü və günahsız öldürülənlərə,
aldadılanlara görə gec-tez cavab verməli olacaqlarını başa düşmək
istəməməsi nəticəsində gənc insanlar həyatlarını itirdilər.
Azərbaycan və erməni hərbçilərinin təmas xəttində dinc əhali ilə
bağlı vəziyyətin diametral olaraq tərs mütənasib olması vəziyyəti
daha da gərginləşdirir. İşğal olunmuş Azərbaycan rayonlarında
işğalçılar tərəfdə dinc əhali yoxdur, ancaq Azərbaycan hərbçiləri
tərəfdə sıx məskunlaşmış qəsəbələr və kəndlər var. Məhz onlar, dinc
əhali, yaşlı insanlar, uşaqlar və qadınlar erməni güllələrinin
qurbanına çevrilirlər. Aprelin 2-də dinc sakinlərdən 2-si ölüb, 10
nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Vətəndaşlara külli
miqdarda maddi və mənəvi ziyan vurulub. Bir orta məktəb binası,
çoxsaylı evlər, obyektlər, istehsal müəssisələri düşmənin
artilleriya zərbələrinə tuş gəlib, nəqliyyat vasitələri, yüksək
gərginlikli elektrik xətləri sıradan çıxıb.
Erməni təbliğatının Azərbaycanın müharibəyə başlamaq istəyi ilə
bağlı təxribatçı məlumatları tamamilə həqiqətə uyğun deyil. Həqiqət
isə budur ki, ermənilərin növbəti hərbi avantürası zəif və
müdafiəsiz dinc əhalinin reaksiyası ilə deyil, bu gün Azərbaycanın
sahib olduğu güclü ordu ilə qarşılaşdı. Biz erməni işğalçı
birləşmələrini nəinki yerinə oturtmaq, hətta işğal olunmuş
Azərbaycan torpaqlarını tamamilə azad etmək iqtidarındayıq. Ancaq
münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğumuz üçün bunun
sübutu kimi atəşin birtərəfli qaydada dayandırılması barədə qərar
vermişik ki, kimin hələ də atəşi davam etdirdiyi aydın olsun.
Təcavüzkarla yumşaq davranmağın nəticəsi heç vaxt yaxşı olmur.
Cinayətkarla oynamağın axırı həmişə faciəyə çevrilir. AŞPA-nın
yanvar sessiyasında cənab Volterin hesabatı rədd edilən zaman
erməni militarizminin əl-qolu açıldı, baş verənlər onlara hər şeyin
icazə verildiyinə və cəzasız qalacaqlarına inam yaratdı.
"Əminəm ki, son hadisələrlə bağlı Sizin BMT-nin Təhlükəsizlik
Şurasının qətnamələrinə uyğun olaraq, işğalçı hərbi birləşmələrin
qeydsiz-şərtsiz Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı
bəyanatınız AŞPA-ya bu məsələdə təşəbbüsü yenidən öz əlinə almağa
imkan verəcək və yaranmış vəziyyəti hələ ki, düzgün qiymətləndirə
biləcək erməni siyasətçilərini məsuliyyətli olmağa çağıracaq".