Milli Məclisdə
Qarabağdakı son döyüşlərlə bağlı müzakirələr davam
edir.
Deputat Zahid Oruc çıxışında
bildirdi ki, 2 apreldən sonra Azərbaycanın həyatında Qarabağla
bağlı yeni bir mərhələ başlayıb:
"Ona görə də biz bu gün qələbələrə görə Azərbaycan ordusunu
təbrik etməliyik. Bu gün Azərbaycan ordusu vahiddir, xalq Ali Baş
Komandanın yanındadır. Bu gün Ermənistanda ölən əsgərlərə görə
günahkar Sərkisyandır. Azərbaycan əsgərinin əməliyyatı sübut etdi
ki, Qarabağda erməni əhalisi yaşamayıb, sadəcə 30 minlik erməni
silahlı birləşmələri yerləşdirilib. Ermənistan təzədən bu prosesi
Rusiyanın nəzarəti altına salmaq istəyir. Ancaq orada savaşan nə
Amerika, nə Rusiya, nə Türkiyədir. Qarabağda savaşan Azərbaycan
ordusudur. Ordumuzun qələbəsini Azərbaycan vətəndaşı, siyasətçisi,
diplomatı müdafiə etməyi bacarmalıdır".
Spiker Oqtay Əsədov dedi ki, ermənilər ağır duruma düşüb: "Artıq
Ağdərədən Şuşaya kimi bütün ermənilər qaçıb. Əsas məsələ budur. Bu,
xalqımızın ordumuza inamının nəticəsidir".
Vitse-spiker Bahar Muradova şəhid olanlara rəhmət dilədi. Dedi
ki, o, bir gün əvvəl Füzulidə olub: "Müşahidə etdiyim, qürur
duyduğum bir məqam var ki, budəfəki vəziyyət 90-cı illərdən
fərqlidir. Sonuncu Ermənistan əsgəri Azərbaycan ərzisini tərk
etdikdə biz öz məqsədlərimizə çatdığımızı deyə bilərik". B.Muradova
dedi ki, döyüş əməliyyatları, onların nəticələri ilə bağlı dəqiq
mənbəyə istinad etmədən məlumat yaymaq olmaz. Ən əsası sosial
şəbəkələrdəki paylaşımlara diqqət yetirmək lazımdır. Bu, ordakı
insanları çox narahat edir. Vaxtından əvvəl hansısa informasiyanın
yayılması həm ordumuzu, həm də rəsmi qurumlaı narahat edir.
B.Muradova dedi ki, ATƏT PA-dakı Azərbaycan nümayəndə heyəti
qurumun ədalətli mövqeyini elan etməsini gözləyir və bu məqsədlə
müraciət edib: "Son erməni əsgəri Azərbaycan ərazisindən çıxmayana
qədər hansısa danışıqlardan, atəşkəsə gedilməsindən söhbət gedə
bilməz. Bu, təmas xəttində yaşayan əhalinin bizdən istəyidir.
İstəyimiz odur ki, beynəlxalq qurumlar öz vəzifələrini yerinə
yetirsinlər. Qoy analarımız ağlamasın, Azrbacan torpağının hər
qarışıında tökülən qanlar yerdə qalmasdın!"
Deputat Siyavuş Novruzov da çıxışa təbriklə başladı. Bildirdi
ki, bütün Azərbaycan xalqı prezidentin və ordunun ətrafında
birləşdi: "İkinci tərəfdən beynəlxalq təşkilatlar başa düşdü ki,
dondurulmuş münaqişə sülh deyil. Uzun illər ATƏT-in Minsk Qrupunun
yarıtmaz fəaliyyəti nəticəsində məsələnin həllində irəliləyişə nail
olunmadı". S.Novruzov dedi ki, Ermənistan KTMT ilə erməni əhalini
sakitləşdirməyə çalışırdı: "Amma bu təşkilat bəyan etdi ki,
müharibə Azərbaycan ərazisində getdiyi üçün ona qarışa bilmərik.
Beləliklə bu mif də dağıldı". YAP-çı deputat dedi ki, prezidentin
əmri ilə o özü də bir əsgər kimi cəbhəyə getməyə hazırdır.
O.Əsədov dedi ki, ermənilər yalan xəbərlərlə dünyanı çaşdırmağa
çalışır: "Onların bütün cavanları qaçıb. Hələ təmas xəttində savaş
gedir, Şuşa şəhəri boşalır. Döyüşə 50 yaşdan yuxarı qocaları, 90-cı
illərin saqqallıların göndərirlər. Dediyim kimi, ermənilərin mülki
əhalimizi mərmi atəşinə tutmasına cavab olaraq ordumuz üç
yüksəkliyi azad etdi. Bununla da ətraf ərazilərdə yaşayan dinc
sakinlərin təhlükəsizliyi təmin olundu. Ancaq ermənilər dayanmır,
yenidən həmin yüksəklikləri qaytarmaq istəyir. Hətta Sərkisyan
deyir ki, Azərbaycan əvvəlki mövqelərə qayıdarsa, biz
kompromisslərə hazırıq. Sənin kompromisin bizə lazım deyil. Sən
bizim torpaqları boşalt!"
Deputat Musa Qasımlı mətbuata müraciətlə erməniləri könüllü yox,
terrorçu, təcavüzkar, işğalçı adlandırmağa çağırdı: "Diqqətli olaq,
bütün dünya bizi izləyir".
Birinci vitse-spiker Ziyafət Əsəgərov xatırlatdı ki, atəşkəs
rejimi elan olunan 1994-cü ildən bəri Ermənistan ordusu bir gün də
olsun atəşkəsə əməl etməyib: "Səbr göstərdik, dözdük, səbrlə
danışıqlara getdik. Ancaq ermənilər yenə də öz havadarlarının əli
ilə yenə danışıqlarda imitasiya edib status-kvonu saxlamaq
istəyirdilər. Son hadisələr göstərdi ki, ermənilər öz hədlərini
aşırlar. Məlum oldu ki, Minsk Qrupunun həmsdərləri elə bunlara
dayaqdırlar. Belə bir nəticəyə gəlib çıxdıq ki, artıq beynəlxalq
hüquq işləmir. Ona görə ordumuz məsələyə qarışdı. Donuzu darıdan
çıxartmaq üçün güc də tətbiq etmək lazımdır. Düşmən ordusu
Azərbaycan ordusunun praktiki gücünü gördü. Vaxtilə hərbi paradda
silahlarımızı göstərəndə ermənilər deyirdi Azərbaycan bu silahları
paradda göstərmək üçün alıb. Son əməliyyatlar sübut etdi ki, bu,
belə deyil. Ermənistan ordusu haqqında mif sabun köpüyü kimi əridi
getdi. Erməni komandos deyirdi ki, bizdə elə silah var ki,
Azərbaycan hələ onu görməyib. Hanı o silah?"
Z.Əsgərov qeyd etdi ki, Azərbaycan öz gücünü göstərəndən sonra
beynəlxalq təşkilatlar hərəkətə keçib: "İndi görək bundan sonra
beynəlxalq təşkilatlar hansı işləri görəcək". Vitse-spiker əlavə
etdi ki, bu əməliyyatlar Azərbaycan xalqının ordu və prezidentlə
bir yerdə olduğunu təsdiqlədi. Bildirdi ki, güc strukturları
arasında çox yaxşı koordinasiya var idi və bizim əməliyyatlar çox
savadlı şəkildə hazırlanmışdı. O, bir məsələni də vurğuladı: "Hərbi
əməliyyatlar Azərbaycan ərazisində gedir və erməni ordusu olan
ərazidə mülki əhali yoxdur. Mülki əhali biz tərəfdə var, onlar
həlak olur, yaralanır. Bunu Azərbaycanda olan diplomatik korpus öz
ölkələrinə çatdırmalıdır".
Bundan sonra Ombudsman Elmira Süleymanova illik hesabatını
təqdim etdi.