Bir neçə gün bundan əvvəl
İsrailin "Birinci radio"sunda efirə çıxan "Günün detalları"
verilişində Ermənistan-Azərbaycan sərhədində, habelə Azərbaycanın
Ermənistan tərəfindən işğal edilmiş ərazilərində baş verən
hadisələr geniş şərh edilib.
Azərtac xəbər
verir ki, verilişin aparıcısı Aleksandr Vilenskinin suallarına
"Birinci radio"nun daimi şərhçisi, "Cəmiyyət üçün beynəlxalq
layihələr" adlı qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq
münasibətlər sahəsində israilli ekspert Arye Qut cavab verib.
Onun sözlərinə görə tənzimlənməmiş və dondurulmuş
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əlaqədar son
hadisələr bir daha göstərir ki, Cənubi Qafqaz regionu dinc yanaşı
yaşamaq imkanından uzaqdır:
"Rəsmi Bakı dəfələrlə bəyan edib və Ermənistana xəbərdarlıq edib
ki, Azərbaycan mövcud status-kvo vəziyyəti ilə heç vaxt
razılaşmayacaq. Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı
Ermənistanın hərbi provokasiyalarının nəticələrini nəzərə alaraq,
təxribatın qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin
etmək məqsədilə sərt və qəti cavab tədbirləri görülməsini qərara
alıb. Azərbaycan Ordusu vətəndaşların təhlükəsizliyini qorumaq və
öz mövqelərini müdafiə etmək məqsədilə Ermənistan silahlı
qüvvələrinə layiqli və sarsıdıcı zərbə endirərək onları geri
çəkilməyə məcbur edib. Bugünkü Azərbaycan 1990-cı illərdəki
Azərbaycan deyil. Bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü və
qüdrətli ordusu olan ölkədir, bu ordu öz gücünü nümayiş etdirmək
üçün həqiqət anını gözləyirdi".
Verilişin aparıcısı xatırladıb ki, bu günlərdə Ermənistan
parlamentinin bir neçə deputatı İsrail hökumətinin başçısına
müraciətlə Azərbaycanın Ermənistanla müharibədə İsraildə istehsal
olunmuş hərbi texnikadan istifadə etməsindən şikayətlənib və
Binyamin Netanyahunu Azərbaycanla hərbi əməkdaşlığa son qoymağa
çağırıb. İsrailli ekspert Arye Qut bunun cavabında qeyd edib ki, 24
ildən çox bundan əvvəl Azərbaycan ərazisini işğal etmiş ölkənin
Azərbaycanı beynəlxalq hüquq normalarını pozmaqda günahlandırması
absurddu:
"Ermənistanın ucbatından Azərbaycan 24 ildən çoxdur ki,
təcavüzdən əziyyət çəkir. Bu təcavüz nəticəsində Azərbaycan
ərazisinin 20 faizi işğal edilib. Ermənistan bu ərazilərdə etnik
təmizləmə aparıb və bir milyondan çox insan oradan qovulub. Belə
bir ölkənin parlamentariləri tərəfindən Azərbaycanın ittiham
edilməsi riyakarlıq və ləyaqətsizlikdir. Erməni deputatların
fikrincə, məgər bunlar insan hüquqlarının pozulması, beynəlxalq
hüququn ən adi normalarının pozulması deyilmi?"
Arye Qut verilişin aparıcısının İsrail-Azərbaycan
münasibətlərinə dair Ermənistanın tənqidi barədə sualının cavabında
qeyd edib ki, Avrasiya ərazisində heç bir ölkənin İsraillə
Azərbaycan Respublikası qədər sıx və səmimi əlaqələri yoxdur:
"Heç şübhəsiz, İsrail ilə Azərbaycanın münasibətləri strateji
tərəfdaşlıq xarakteri daşıyır. İsrail Azərbaycana həmişə böyük
diqqət və səmimiyyətlə yanaşıb. Özü də təkcə ona görə yox ki, bu
ölkədə heç vaxt antisemitizm olmayıb və indi də yoxdur. Rəsmi Bakı
başqa ölkələrdə antisemitizmin hər hansı təzahürlərini dəfələrlə
pisləyib və yenə pisləyir. İsrail Azərbaycanın ərazi bütövlüyünə
hörmət bəsləməsini dəfələrlə bəyan edib. İsrail dünyada Azərbaycan
neftinin əsas alıcılarından biridir. Öz növbəsində, Azərbaycanın da
kənd təsərrüfatında, hərbi sənayedə, telekommunikasiya sahəsində
İsraildə istehsal edilən müasir yüksək texnologilayara ehtiyacı
var. Bu siyahını davam etdirmək olar. Eyni zamanda, bu ölkələrdə
təhsil, humanitar və mədəniyyət sahələrinə aid layihələr həyata
keçirilir. Ermənistan tərəfindən tənqid məsələsinə gəldikdə isə
deyə bilərəm ki, Azərbaycan və İsrail öz dostlarını və
tərəfdaşlarını özləri seçir və bu ölkələr hərbi-texniki sahədə
strateji əməkdaşlığın səviyyəsini özləri müəyyən edirlər. Bu
məsələyə müdaxilə etməyə heç kəsin haqqı yoxdur. Axı Azərbaycan
soruşmur ki, nəyə görə Ermənistan ərazisində üçüncü dövlətin üç
hərbi bazası var və Ermənistan Respublikası hansı həcmdə hərbi
yardım alır".
İsrailli ekspertin fikrincə, uğurlu çoxvektorlu xarici siyasət
yürüdən güclü və müstəqil Azərbaycandan fərqli olaraq, Ermənistan
Respublikası tamamilə asılı vəziyyətdədir:
"Bu gün Azərbaycan öz uğurlu geosiyasi və geoiqtisadi
təşəbbüsləri sayəsində regionun ən güclü dövlətinə və liderinə
çevrilib, dünyanın bu strateji regionunda siyasətə, iqtisadiyyata
və nəqliyyata aid heç bir məsələ Azərbaycanın iştirakı və razılığı
olmadan həll edilə bilməz. Cənubi Qafqaz regionunda təcrid olunmuş
Ermənistan isə Azərbaycan torpaqlarını işğal etdiyinə görə Xəzər
dənizinin qaz və neft ehtiyatları ilə bağlı əsas geosiyasi və
geoiqtisadi layihələrdən kənarda qalıb. Danılmaz faktdır ki,
Ermənistan Cənubi Qafqazda ən asılı ölkədir".
A.Qutun sözlərinə görə, Prezident İlham Əliyev dünyəvi dövlət,
tolerantlıq ideyalarına sadiq olduğuna, Azərbaycanda yaşayan bütün
konfessiyalara və xalqlara, o cümlədən Azərbaycan yəhudilərinə
hörmətlə yanaşdığına görə həm İsrail cəmiyyətinin, həm də dünya
yəhudi icmalarının əksər hissəsinin hörmət və ehtiramını
qazanıb:
"İsrail ilə Azərbaycan arasında, həmçinin azərbaycanlı
müsəlmanlar və azərbaycanlı yəhudilər arasında münasibətləri təkcə
qarşılıqlı maraqla izah etmək olmaz. Müasir Azərbaycan-İsrail
münasibətləri ümumi dəyərlərə və ortaq tarixə əsaslanır. İki ölkə
arasında mövcud insani əlaqələr və müxtəlif dini-tolerant
cəmiyyətlərdə yaşamaq əzmi bu ölkələrin hər ikisini zənginləşdirir.
Bundan əlavə, aşkardır ki, Azərbaycanda yəhudilərlə müsəlmanlar
həmişə dinc yanaşı yaşayıb, bu gün də qardaş kimi yaşayırlar, bu
xalqların ortaq tarixi və ümumi taleyi onları həmişəlik bir-birinə
bağlayıb".