Yuxarı

Anar Rzayevin dolaşıq məntiqi: bilmir, ya biz anlamırıq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev taksilərin avtobus zolaqlarına buraxılmasının müzakirə edilməsinin vaxtı çatdığı haqda bu gün açıqlama verib.

Belə bir açıqlama gözlənilən idi və təqdirəlayiqdir. Çünki bir müddət öncə taksilərin sayının azaldılmasına girişən məmurlarımız deyəsən, nəhayət, axır ki, bu azalmanın nəqliyyat sıxlığını aradan qaldırmadığı, əksinə, ictimai nəqliyyatda basabas yaratdığını müşahidə etdilər – təəssüf ki, bu məsələni əvvəlcədən hesablamamışdılar. Eybi yox, təcrübədir də: alimlər siçanlar üzərində təcrübə apara bilərsə, Nəbiyev-Mirkişili-Rzayev üçlüyü niyə də sərnişinlər üzərində bunu tətbiq etməsinlər? Onsuz da mahiyyətcə hər iki tədqiqat obyekti arasında bu üçlüyün düşüncəsinə görə heç bir fərq yoxdur.

Ancaq doğrusu, Anar Rzayevin bugünkü açıqlamasından bir zad başa düşmədim. Sitatına baxaq:

“Taksinin zolaqdan istifadəsi ictimai nəqliyyat kimi fəaliyyət göstərməsinə imkan yaradır. Bu, o deməkdir ki, əgər kimsə taksi ilə zolaqla gedəcəksə və avtomobilin 3 nəfərlik oturacağı varsa, 3 avtomobil azalacaq”.

Yəni, nə, hara, kim? “Kimsə taksi ilə zolaqla gələcəksə...” – burası aydındır; sonra: “avtomobilin 3 oturacağı varsa...” - burası aydın deyil. Əvvəla, sedanlarda 4 oturacaq olur, sürücünü çıxsaq, qalır 3 oturacaq, bəs “varsa” nə mənədir? “Biroturacaqlı” taksi də olur?

İkincisi, London taksilərində oturacaq sayı daha çoxdur. Anar Rzayev niyə məhz “üçoturacaqlıdan” danışır?

Davam edir: “İstərdik ki, 3 nəfər ayrıca avtomobilə oturub gəlməsin. Bu da mərkəzə daxil olan maşınların sayını azaldacaq”.

Savadsızlığımızdan Anar müəllimin nə dediyini yenə başa düşmürük. Dərhal digər agentliklərə baxırıq – bəlkə hansısa media səhv edib?

Yox, hər kəsdə eyni mətn, eyni cümlələr.

Yaxşı, Anar Rzayev nə demək istəyir ki, biz binəva savadsızlar başa düşmürük?

Yəqin, çox güman, ehtimal edirəm, təxminimə görə... Anar Rzayev avtomobili olan 3 şəxsin öz maşınlarını yaşadığı evin həyətində saxlayıb, 3-nün bir taksiyə minməsindən bəhs edir. Görünür, bu fikri “Neskafe”nin təsiri altında deyib, “üçü birində”. Axı maşını olan hər 3 şəxs avtomobillə işə gəlməkdən imtina edib, taksiyə minmək qərarı verirsə, bunlar nə təhər tapışırlar, necə bir taksiyə minirlər? Yəni üçü də qonşudur və eyni yerdə işləyirlər ki, taksini də birlikdə çağırırlar? Ya adam taksi çağırandan sonra oturub gözləməlidir ki, həmin istiqamətdə daha 2 müştəri gəlsin?

Bəlkə Anar müəllim “manatlıq taksi” dediyimizi nəzərdə tutur? Yəni “manatlıq taksi” kimi formalaşan təsəvvürü sistemləşdirir, sedanlara “marşrut taksisi” kimi çalışmaq imkanı yaradılır və onlara “ictimai nəqliyyat” statusu verilir və avtobus zolaqlarına buraxılır?

Əgər belədirsə - yəni təxminlərimizə görə - bunu açıq, aydın, normal dil və məntiqlə izah etmək olmazdımı?

Hamısı savaddandır – o qədər geniş, miqyaslı, müxtəlif dillərdə təhsil alırlar ki, biz savadsızların da özləri səviyyəsində olduqlarını düşünürlər. Axı hardan, hörmətli məmurum? Biz Biləcəridən o tərəfə “oxumamışıq”!

Yeri gəlmişkən, Anar Rzayev 1973-cü il təvəllüdlüdür, Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsini bitirib... Neçənci ildə daxil olub? – yazılmayıb.

Xəzər Universiteti 1991-ci ildə təsis edilib. Bu universitet təsis olunan kimi Anar Rzayev ora daxil olubsa, demək, 18 yaşında ali təhsilə başlayıb. Ancaq 1973 təvəllüdlü şəxs 1990-da orta məktəbi bitirməliydi. Bir il gecikib. Nə əcəb? Həmin dövrü yada salaq və yeni açılan özəl universitetlərin statusunu da...

Davam edək: 1994-1995-ci ildə “ACTP” tələbə mübadiləsi müsabiqəsində Bakıda, sonra isə Moskva şəhərində qalib gələrək ABŞ-ın Nyu York ştatının Sirakuz Universitetinin Yutika Kollecində təhsil alıb.

Xəzər Universitetinə 1991-ci ildə qəbul olunubsa, 3 il sonra - 1994-də ABŞ-da kollecdə təhsilini davam etdiribsə, daxil oxuduğu universiteti nə vaxt bitirib? Xəzər Universitetini 3 ilə bitirib, yoxsa təhsilini yarımçıq qoyub, ABŞ-a gedib?

Sonra: 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirərək “beynəlxalq iqtsiadi münasibətlər” ixtisası üzrə magistr dərəcəsi alıb.

Anar Rzayev 9 il sonra ixtisasını dəyişib və yaxud ikinci təhsil alıbmış – maraqlıdır.

Sonra: 1996-cı ildə Şotlandiyanın “OBC Transport” şirkətinin nümayəndəliyində əməliyyatlar üzrə menecer vəzifəsində çalışıb. 1997-ci ildən 1998-ci ilin avqust ayınadək “DİALOG Freigşt İNTL” ABŞ-Rusiya birgə müəssisəsinin baş meneceri vəzifəsində işləyib. 1996-cı ilin avqustundan 2013-cü ilin avqust ayına kimi Niderlandın “Van der Вal Intl. Transport Bakı” şirkətinin baş direktoru, 2001-2013-cü illərdə Moskviç Texxidmət ASC-nin idarə heyətinin sədri vəzifəzində çalışıb.

1996-cı ildən Niderland şirkətində baş direktor, sonra Şotlandiyanın şirkətində menecer, eyni vaxtda ABŞ-Rusiya birgə müəssisəsinin baş meneceri, eyni vaxtda Moskviç Texxidmət rəhbəri olmaq, eyni vaxtda da İqtisad Universitetini qırmızı diplomla bitirmək?..

Sonra: 2018-ci ilin may ayından UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru, 2018-ci il dekabrın 21-də UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru olub.

Olduqca "maraqlı" karyeradır...

Ancaq bugünkü açıqlamasında taksilərin avtobus zolaqlarına buraxılması məsələsinin müzakirəsinin aktuallaşmasını əsaslandırması bundan da maraqlıdır. Deyir: “Beş ay bundan əvvəl, ümumiyyətlə, bu haqda söhbət gedə bilmirdisə, “Toyota Prius” markalı, taksi xidməti göstərən avtomobillərin zolaqlara daxil olmasından sonra bu suallar səslənməyə başlayır”.

Deyəsən, Anar müəllimin təsəvvüründə taksi ancaq “Toyota Prius”dur və nədənsə məhz “Prius” avtobus zolağına daxil olandan sonra bu məsələ meydana çıxıb.

Nə deyim, vallah...

Tarix
2024.10.10 / 12:58
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Ermənistanın Gəncədə törətdiyi 4 terrordan 4 il ötür

İran hədələdi: Bu halda Ermənistana zərbə endirəcəyik – Təcili

Bakıda Pre-COP29 başladı

İrəvan hazır idi, Bakı bütün oyunu pozdu - Ağacanyan

İsrail nəşri Zəngəzuru Azərbaycan ərazisi kimi tanıdı

Əhməd sağalsa, həbs olunacaq? - Dəqiq izah

Əhmədin məhkəməsində şok ifadələr

Əliyev onlardan danışdı, Paşinyan susdu - Şarmazanov

Əhməd Əhmədov ömürlük aldı, azad edilməyib - Təcili

Azərbaycan Ermənistanı Haaqa Məhkəməsinə verdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla