Rusiyada yaşayan
azərbaycanlı jurnalist Fuad Abbasov həmvətənlərinə çağırış
edib.
Axar.az xəbər verir ki, jurnalist II Dünya Müharibəsində həlak
olan azərbaycanlıların xatirəsinə 9 May – Qələbə Günündə Moskvada
yürüş keçirilməsini təklif edib. Jurnalist feysbuk səhifəsində
yazıb:
"II Dünya Müharibəsində sabiq
SSRİ-nin qalib gəlməsində Bakı neftinin, Azərbaycanın və onun
övladlarının əvəzedilməz xidmətlərini hamı çox yaxşı bilir. Ancaq
çox təəsüf ki, zaman keçdikcə, faşizmlə mübarizədə ön cəbhəyə gedən
700 min və müharibədə həlak olmuş 300 min azərbaycanlı, bütün hərbi
texnikanın 90 faizinin işlədiyi neftin və avtomatların,
təyyarələrin və pulemyotların Bakı zavodlarından verilməsi,
xalqımızın arxa cəbhədəki gündəlik fədakarlıqları rus ictimaiyyəti
tərəfindən unudulmaqdadır. Mən Moskvada yaşadığım 18 il ərzində hər
il keçirilən 9 May paradlarının heç birində Moskva
azərbaycanlılarının düzənli bir şəkildə iştirak etməsinin şahidi
olmamışam. Gəlin, bu səhvimizi düzəldək və Rusiya ictimayyətinə
Azərbaycanın və azərbaycanlıların tarixdəki yerini və rolunu bir
daha xatırladaq. Təklifim
bundan ibarətdir:
9 May Rusiyada rəsmi bayram günüdür. Bu tarixdə saat 15:00-dan
etibarən Moskvanın mərkəzindəki Tverskaya küçəsindən Qızıl Meydana
qədər "Ölümsüz Polk" (http://parad-msk.ru/) yürüşü başlanacaq.
Bəlkə də Moskvada yaşayan həmvətənlərimizin bir çoxu bu gün
uşaqları və ailəsi ilə birlikdə bu yürüşə gələcəklər. Gəlin,
Moskvada yaşayan azərbaycanlılar olaraq, 9 may tarixində saat
14:30-dan etibarən, metro "Belorusskaya" (dairəvi xətt) çıxışındakı
Tverskaya Zastava meydanı, 3 nömrəli evin önündə toplaşaq
(smartfonlar uçun ünvan: https://goo.gl/maps/kcK2vj38J4m).
Əllərinizdə Azərbaycan bayrağının olması vacibdir. Bundan başqa, II
Dünya Müharibəsində iştirak etmiş, yaralanmış və ya həlak olmuş
azərbaycanlıların fotoşəkillərini də gətirsəniz, çox yaxşı olar.
Müharibə iştirakçılarının fotoşəkillərini http://parad-msk.ru/transparant/
ünvanında düzəldə bilərsiniz.
Xahiş edirəm, bu elanı Rusiyada və Moskvada yaşayan hər bir
azərbaycanlıya çatdırın, onlar da bir-birinə ötürsünlər. Rusiyada
faaliyət göstərən: fnkaa.ru,
vakrf.ru, heydar-aliyev-foundation.org,
azeri.ru kimi internet səhifələrində
bu məlumatı yayın və təbliğ edin.
Heç kim gəlməsə də, təkbaşına bir əlimdə babamın portreti, o
biri əlimdə Azərbaycan bayrağı ilə orada olacağam".
Xatırladaq ki, Fuad Abbasov uzun müddət Türkiyənin "İhlas"
agentliyinin Rusiyadakı nümayəndəsi olub. Lakin ötən ay Moskva
nümayəndəliyindən geri çağrılıb.
Azərbaycanlı jurnalistin agentlikdən uzaqlaşdırılmasına səbəb
Türkiyə ilə Rusiya arasında yaranan Su-24 böhranında rəsmi
Ankaranın mövqeyini dəstəkləməsi olub.