Mayın 10-da ümummilli lider Heydər Əliyevin doğum
gününün 93 illiyi qeyd olunur.
Axar.az xəbər verir ki, Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü
ildə Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan
Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye
İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq
fakültəsində təhsil alıb. Lakin 1941-ci ildə başlayan müharibə ona
təhsilini başa vurmağa imkan verməyib. 1941-ci ildən Heydər Əliyev
Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR
Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və
1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib. Bu
dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev
1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət
Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri
vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin
illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil
alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix
fakültəsini bitirib.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il
iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri
olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası
Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ
Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və
SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində
SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin
müavini olub.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist
Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib
Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq
tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının
Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın
Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan
xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının
cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin
münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə
etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı
Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk
əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də
Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan
Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev
1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində
keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə
kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və
müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı
Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxıb.
Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya
dəvət etməyə məcbur olublar. Heydər Əliyev 1993-cü il iyunun 15-də
Azərbaycan Ali Sovetinin sədri seçilib, iyulun 24-də isə Milli
Məclisin qərarı ilə Azərbaycan Respublikası prezidentinin
səlahiyyətlərini həyata keçirməyə başlayıb.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər
Əliyev Azərbaycan Respublikasının prezidenti seçilib. O, 1998-ci il
oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən
seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan
Respublikasının prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də
keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə
razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə
əlaqədar seçkilərdə iştirakdan imtina edib.
Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif
ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək
nüfuzlu fəxri adlara layiq görülüb. O, dörd dəfə Lenin ordeni,
Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə
Sosialist Əməyi Qəhrəmanı adını alıb, bir çox xarici dövlətlərin
orden və medalları ilə təltif olunub.
Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi
taleyi Heydər Əliyevin adı ilə sarsılmaz tellərlə bağlıdır. Bu
illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının
bütün sahələrində dirçəliş məhz onun adı ilə bağlıdır.
Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi
üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə
qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma
yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt
sınaqlarından çıxarıb.
O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq
hələ sağlığında canlı əfsanəyə çevrilib. Buna görə də Heydər Əliyev
fenomeni həmişə diqqətləri cəlb edib, dünya azərbaycanlılarının bu
ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşğun siyasi
fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş
işıqlandırılıb.
Azərbaycan xalqı milli dövlətçiliyin dağılmaq təhlükəsi
qarşısında qaldığını gördüyü və artıq ən ağır günlərini yaşadığı
bir zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin
dəyişilməsini təkidlə tələb edib və həmin vaxtdan taleyini yenə
Heydər Əliyevə etibar edib. Xalqının belə dar bir gündə qaldığını
görüb onun təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda
yenidən böyük siyasətə qayıdıb. Xalq Heydər Əliyevin bu qayıdışını
ümid və sevinclə qarşılayıb, həmin günü isə Milli Qurtuluş günü
kimi müstəqil Azərbaycanın tarixinə yazıb.